Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-869/2025 10.02.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 22 dekabr 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-15/2022 saylı qətnaməsi ilə 31 mart 2011-ci il təvəllüdlü X5 və 13 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulması qət edilmiş aliment miqdarının dəyişdirilərək iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 492 (dörd yüz doxsan iki) manat alimentin sabit məbləğdə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 18 dekabr 2012-ci il tarixdə Babək rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydlərində 206 nömrə ilə bağlanmış nikahımız Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-15/2022 saylı qətnaməsinə əsasən pozulmuş, övladlarım 31 mart 2011-ci il təvəllüdlü X5 və 13 noyabr 2012-ci il təvəllüdlü X1 mənim himayəmdə qalması və 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 miqdarında alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh hazırda cavabdeh fərdi fəaliyyətlə məşğul olduğundan 115 (bir yüz on beş) manat aliment verir bu məbləğ isə uşaqların ehtiyacını qarşılamağa kifayət etmir. Buna görə də mən alimentin sabit məbləğdən tutulmasını istəyirəm. Bir haldakı yaşayış minimumu ölkə üzrə 2025 ci il üçün uşaqlara görə 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir, mən də iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 492 (dörd yüz doxsan iki) manat sabit məbləğdə aliment tələb edirəm. Cavabdeh ilə mübahisənin məhkəmədən kənar həlli üçün X2 müraciət etsəm də razılıq əldə olunmadığından mübahisəni məhkəmə yolu həll etmək istəyirəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında uşaqlarının birinin 13, digərinin isə 15 yaşı olduğunu, 8 və 9-cu siniflərdə oxuduqlarını, alimentin 2022-ci ildə təyin olunduğunu, həmin vaxt cavabdehin mebel sexində işlədiyini və 800 manat əmək haqqı aldığını, sonradan isə cavabdehin pulun 300 manatını kartdan aldığını, qalan pulu isə əldən aldığını öyrəndiyini, ona görə də həmin vaxtdan 2 uşağa ümumilikdə 115 manat aliment ödənildiyini, uşaqların ödənişli kurslara getdiyini və aylıq 85 manat pul ödədiklərini, əvvəllər həmin pulu cavabdeh versə də məhkəməyə müraciət etdiyindən həmin pulu da iki aydır vermədiyini, cavabdehin 1 ildən çoxdur Türkiyə Respublikasına getdiyini və orada işlədiyini, ev daşıma (nakliyə) ilə məşğul olduğunu, günə 100 və ya 150 manat qazandığını, özünün isə “Dəyirmançı” restoranında qabyuyan işlədiyini və 600 manat əmək haqqı aldığını, onun 150 manatını yol puluna verdiyini və cavabdehin hazırda 115 manat alimentdən başqa heç bir köməklik göstərmədiyini, həmin pulla uşaqların ehtiyaclarını qarşılaya bilmədiyini, bu səbəbdən alimentin sabit pul məbləğdə tutulmasını istədiyini, iddianı müdafiə etdiyini bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan 2 (iki) ümumi uşaqlarının olması, uşaqların qətnamə ilə ananın yanında saxlanılması və cavabdehin gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasının qət edilməsi işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ seriyalı, 433998 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflər arasındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilməsi; - Babək rayon Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 851836 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 31 mart 2011-ci il tarixdə X3 doğulması; - Babək rayon Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 851881 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflərin birgə nikahından 13 noyabr 2012-ci il tarixdə X1 doğulması; -Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-15/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 31 mart 2011-ci il təvəllüdlü X5 və 13 noyabr 2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması və onlarıb saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsinin qət edilməsi müəyyən olunur. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmiş, cavabdehin sabit qazanca malik olması halı müəyyən edilməmişdir. Məhkəmə həmçinin hazırda cavabdehin əmək haqqına yönəldilən və tutulan aliment məbləği nəzərə alınmaqla alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının (2 uşağa cəmi 115 manat olmaqla) iddiaçının, dolayısı ilə də uşaqların marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğu qənaətinə gələrək alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında vurğulanmışdır ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin barəsində EMİS-dən qohumluq məlumatları üzrə çıxarışdan başqa nikahdan xx.xx.2025-ci il təvəllüdlü bir azyaşlı uşağının olması, lakin başqa aliment öhdəliyinin olmaması müəyyən edilmişdir. Məhkəmə sözügedən normaları, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu, uşaqların məişət qayğılarının hazırda yanında yaşadığı valideynin üzərinə düşməsini, tərəflərin gəlir vəziyyətini, uşaqların yaşını və sayını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, alimentin tutulma qaydası dəyişdirilməli və yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə bir uşaq üçün 180 manat olmaqla, iki uşaq üçün 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yuxarıda istinad edilən Plenum qərarına dəyişikliyin 8.11-1-ci bəndinə görə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin artırılmasına və ya tutulma formasının dəyişidirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment məbləği də məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tutulma qaydası dəyişdirilmiş aliment məbləği məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi nəzərə alınmaqla təmin edilmiş hissəsinə mütənasib olan dövlət rüsumunun cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı iddianın qismən təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığı nəzərə alınaraq məhkəmə belə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin hesabına rüsumun tutulması üçün əsaslar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-15/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 31 mart 2011-ci il təvəllüdlü X5 və 13 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, dəyişdirilmiş aliment miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin olunsun. Babək Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(079)-15/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 31 mart 2011-ci il təvəllüdlü X5 və 13 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №2(079)-869/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-869/2025
10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver