Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-878/2025 25.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi X2 Vüsalə Möysün qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 01 noyabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. İddia ərizəsinə əlavə olunmuş yazılı sübutlarla müəyyən olunur ki, Babək Rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin X5 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmasına dair hissədə təsdiq edilməsi, barışıq sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən tutularaq uşaqların anası İddiaçı ödənilməsi və qətnamənin alimentə dair hissədə dərhal icraya yönəldilməsi qət edilmişdir. Sözügedən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi ilə tərəflər xx.xx.2021-ci il tarixdə razılığa gələrək övladları xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ikinci tərəf Cavabdeh hər ayın sonu iki uşaq üçün ümumilikdə 200 (iki yüz) manat aliment pulunu birinci tərəf İddiaçı ödəməyi öhdəsinə götürməsinə dair razılığa gəlmiş və artırılmış aliment məbləğinin indeksasiyası şərtinə dair razılığa gəlməmişlər. Hazırda isə İddiaçı məhkəməyə aliment miqdarının artırılması ilə bağlı müraciət etsə də iddianın mahiyyəti indeksasiya xarakteri daşımaqla uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğinə və uşağın tələbatlarının artmasına istinad olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının yeni 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə, qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki iddia ərizəsi cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə əsaslandırılmamış, buna dair sübutlar ərizəyə əlavə edilməmiş, iddia ərizəsi Babək rayon Məhkəməsinin 2(079)-608/2024 nömrəli, 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının uşağın saxlanılmasına kifayət etməməsi, uşağın maddi, təhsil və digər xərclərinin artması və 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun 246 (iki yüz qırx altı) manat təyin edilməsi ilə əsaslandırılmışdır. Məhkəmə sözügedən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsinin iddia icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Belə ki, MPM-in; - 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; - 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cü maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanları və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçıya Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-878/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-878/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver