Məhkəmə qərarları › İş №2(079)-97/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-97/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-97/2025 13.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 18 dekabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2930 (iki min doqquz yüz otuz) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun alınıb məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 7 yanvar 2022-ci il tarixdə Sədərək Rayonunun Dəmirçi kəndində yerləşən mənə məxsus dükandan dəyəri 800 (səkkiz yüz) manat olan “ALTUS” markalı 7 kq paltaryuyan, 650 (altı yüz əlli) manata “LG” markalı 800 ekran televizor və dəyəri 30 (otuz) manat olan paltar qurudan asılqan almışdır. İlkin ödəniş olaraq, İbrahim mənə 200 (iki yüz) manat ödəniş etmişdir. Sonra yenidən gəlib dəyəri 650 (altı yüz əlli) manat olan “LG” markalı televizor almışdır. Lakin heç bir ödəniş etməmişdir. Dəfələrlə zəng etməyimə, yaşadığı ünvana getməyimə baxmayaraq hər dəfə mənə olan borcunu ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Telefon zənglərimə belə cavab vermir. xx.xx.2024 tarixdə və xx.xx.2024-cü il tarixlərdə ona pretenziya məktubu da göndərmişəm. Lakin İbrahim mənə olan borcunu ödəmir. Mən də məsələnin yeganə həllini məhkəməyə müraciət etməkdə görürəm. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin işlətdiyi mağazaya gələrək qızına cehiz əşyaları almaq istədiyini bildirdiyini, belə ki, cavabdehin atasının onun mərhum yoldaşının tanışı olduğunu, ona görə də güvənib İbrahimə ilk dəfə dəyəri 650 manat olan LG markalı televizor və 7 kq tutumu olan 800 manata “Altus” markalı paltaryuyan, həmçinin 30 manatlıq paltar asılqanı satdığını, həmin vaxt 200 manat ilkin ödəniş etdiyini, ikinci dəfə LG markalı televizoru yenə 650 manata satdığını, həmin nisyə götürdüyü malların pulunu isə indiyə qədər ödəmədiyini, bundan əlavə İbrahimə əldən 1000 manat borc pul verdiyini, pulu verdikdən 2 gün sonra İbrahimin zəng edib yoldaşının adına kredit borcunun olduğunu, hazırda ödəyə bilmədiyini amma toydan sonra malların pulunu gətirib verəcəyini bildirdiyini, həmin vaxtdan 4 ildən artıq vaxtın keçdiyini, lakin şəxsin nə nisyə götürdüyü malların, nə də aldığı borcu geri qaytarmadığını, illərdir müraciət etmədiyi, ərizə yazmadığı yer qalmadığını, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində cavabdehin izahatının alındığını, orada borcunu etiraf etsə də söz verdiyi vaxta yenə də borcunu qaytarmadığını, yoldaşı rəhmətə gedəndən sonra ümumiyyətlə onu sayıb hesaba qoymadığını, pulun ödənilməsiylə bağlı məktub yazsa da, ona da cavab gəlmədiyini, malları verdikcə nisyə dəftərində qeyd apardığını, həmin qeydlərin sübut kimi nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinə 800 (səkkiz yüz0 manat olan “ALTUS” markalı 7 kq paltaryuyan, 650 (altı yüz əlli) manata “LG” markalı 800 ekran televizor, dəyəri 30 (otuz) manat olan paltar qurudan asılqan, dəyəri 650 (altı yüz əlli) manat olan “LG” markalı televizora görə yaranmış borc və 1000 (bir min) manat nağd alınmış pul tələbi həddində baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqısatqı və borc münasibətlərindən irəli gələn münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəflər arasında mübahisənin irəli gəldiyi alqı-satqı müqaviləsinin etibarlılığına dair qeyd edir ki, mülki qanunvericilikdə tərəflər arasındakı alqı-satqı münasibətlərinin predmetini təşkil edən istehlak mallarına, daşınar əşyalara münasibətdə forma şərti nəzərdə tutulmamış və tərəflər arasında subyekt tərkibinə, iradə ifadəsinə münasibətdə mübahisələndirilməyən etibarlı şifahi alqı-satqı münasibətləri yaranmışdır. Mülki işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh fərdi sahibkar olan iddiaçıya məxsus istehlak malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almış, alıcı malları qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları cavabdehə satılan nisyə malların qiymətinin yazıldığı nisyə dəftəri ilə sübuta yetirməyə çalışmışdır. Sözügedən nisyə dəftərinin vərəqində “Naxçıvan, Babək - Cavabdeh - “ALTUS” paltaryuyan 7 kq- 800 m, televizor 108 ekran- 650 m, sim paltar sərmək üçün - 30 m, 7 yanvar 200 manat verdi, LG televizor – 650 m, 1000 m verdi 9 yanvar, 800+650+30+650=2130+1000=3130-200=2930” qeydləri aparılmışdır. İddia tələbinin 1000 manat borcun qaytarılması tələbinə dair hissəsinin qanuni əsasını təşkil edən MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cavabdehin məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli telefonoqramında Cavabdeh borcu mübahisələndirmədiyini, həqiqətən də iddiaçıya 2930 manat borcunun olduğunu və iddia tələbini qəbul etdiyini bildirmişdir. Həmçinin cavabdehə isə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edib-etməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Beləliklə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi təqdim etdiyi nisyə dəftərindəki “ALTUS” markalı 7 kq paltaryuyan-800 (səkkiz yüz) manat, LG televizor - 650 ( altı yüz əlli) manat, paltar asqısı – 30 (otuz) manat, 2-ci LG televizor-650 ( altı yüz əlli) manat, 1000 (bir min) manat borc və borcdan ilkin ödəniş olan 200 (iki yüz) manat çıxılaraq cəmi 2930 manat (iki min doqquz yüz otuz) manat məbləğində ödənilməmiş alqı-satqı və borc müqaviləsi üzrə borcunun qaldığı müəyyən olunur. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 2930 manat (iki min doqquz yüz otuz) məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 49.30 manat (qırx doqquz manat otuz qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh 2930 manat (iki min doqquz yüz otuz) məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 49.30 manat (qırx doqquz manat otuz qəpik) miqdarında dövlət rüsumu miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar