Məhkəmə qərarları › İş №2(080)-107/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-107/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-107/2021 12.07.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Ordubad Rayon Məhkəməsinin 2(080)-206/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 09 avqust 2009-cu il tarixdə doğulmuş X4 və 14 iyun 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması bir uşaq üçün 175 manat olmaqla, hər ay 350 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdehla 24 avqust 2008-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında olan nikah Ordubad Rayon Məhkəməsinin 2(080)-20/2021 nömrəli, 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik göstərməmiş, müraciəti əsasında Ordubad Rayon Məhkəməsinin 2(080)-206/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qətnaməsi ilə bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh 200 manat alimenti ödəməklə kifayətlənir, uşaqların ehtiyaclarının qarşılanması üçün əlavə olaraq maddi köməklik göstərmir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 175 manat olmaqla, hər ay 350 manat aliment məbləğində aliment müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 10489917 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X4 09 avqust 2009-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdir. 10464840 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X2 14 iyun 2013-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-206/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 09 avqust 2009-cu il tarixdə doğulmuş X4 və 14 iyun 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 100 manat olmaqla, hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Ordubad rayon İcra və Probasiya bölməsinin 282 nömrəli, 12 iyul 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ordubad Rayon Məhkəməsinin 2(080)-206/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli icra sənədi üzrə Cavabdeh aliment borcu yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2016-cı ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, hazırda uşaqların 12 və 7 yaşları var, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda uşaqları saxlayan, onların qayğısını çəkən ananın, maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstə olması, əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqların zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində alimentin ödənilməsi uşaqların, aliment alan iddiaçının marağına uyğun deyil, ona görə də alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşaqların 12 və 7 yaşlarının olmasını, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcminin artmasını nəzərə alıb və belə hesab edir ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarısından çox hissəsini, yəni bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat məbləğində alimenti cavabdeh iddiaçıya ödəməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 2(080)-206/2016 nömrəli, 25 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh 09 avqust 2009-cu il tarixdə doğulmuş X4 və 14 iyun 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 (iki yüz qırx) manat məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar