Məhkəmə qərarları › İş №2(080)-157/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-157/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-157/2023 08.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə,, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 4400(dörd min dörd yüz) manat məbləğində pulun və 64 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı teleqramında hərbiçi işlədiyini və yolun uzaqlığını nəzərə alıb onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə , İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində onun hal-hazırda Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən N saylı hərbi hissədə hərbiçi zabit işlədiyini və orada yaşadığını, 44 günlük müharibədə iştirak etdiyini, müharibə veteranı olduğunu, "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları var. Cavabdeh ilə 2016-ci ildə Yevlax şəhərində tanış olmuş, Cavabdeh 2021-ci ildə pula ehtiyacı olduğunu bildirmiş və ondan 5000 manat borc pul istəmişdir.İddiaçı Cavabdeh etibar edib ona 4400(dörd min dörd yüz) manat pul vermişdir. Cavabdeh həmin puldan 600 manatını qaytarmış, lakin qalan 4400 manat pulun qısa müddətdə verəcəyinə söz vermişdir. Bu barədə Cavabdeh ilə olan yazışmalarını da sübut olaraq ərizəsinə əlavə etmişdir. Lakin Cavabdeh həmin puldan hal-hazırki vaxta kimi ödəməmişdir. İddiaçı bir neçə dəfə Wotsapp vasitəsi ilə mesajlar yazaraq Nemandan pulunu tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu ödəməkdən boyun qaçırmışdır.Sonradan İddiaçı cavabdehin Tərtər rayon Prokurorluğunda borc tələbi ilə bağlı araşdırması olmuş və həmin işdə o şahid qismində dindirilmişdir. Həmin müddətdə Cavabdeh İddiaçı həmin pulu ona qaytaracağını bildirərək şikayət etməməsini ona bildirmişdir.İddiaçı Cavabdeh sözlərinə inanıb onu şikayət etməmişdir.Lakin Cavabdeh İddiaçı verdiyi sözə əməl etmədiyi üçün o məcbur qalıb məhkəməyə müraciət edib.Bu səbəbdən də Cavabdeh 4400(dörd min dörd yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyim 64 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə 4400 manat məbləğində pul verməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus olan telefon nömrəsi ilə whatsapp yazışmalarında cavabdehin “sənin pulun çatacaq” yazması cavabdehin iddiaçıya 4400 manat məbləğində borcunun olması və ya cavabdehin etirafı kimi qəbul edilə bilməz. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi iddiaçı pul borcunun alınması üçün pul öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası MM-nin 439-cu maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Belə ki, pul ödəliyinin icrası tələb edilirsə, tərəflər arasında yazılı və ya şifahi müqavilə bağlanmalı və müqavilədə tərəflərin öhdəlikləri müəyyən edilməli idi. Lakin iddiaçı tərəfindən cavabdehlə aralarında borc və ya başqa müqavilənin bağlanması ilə bağlı, ümumiyyətlə cavabdehə hansı səbədən 4400 manat məbləğində pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi, iddiaçıya məxsus whatsapp yazışmalarında cavabdehin “sənin pulun çatacaq” yazısı isə cavabdehə 4400 manat pul verməsini, cavabdehin ona 4400 manat borcunun olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki whatsapp yazışmalarında cavabdeh tərəfindən iddia tələbində göstərilən 4400 manat pul məbləğinin iddiaçıya borclu olduğu göstərilmir. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə 4400 manat məbləğindı pul verməsi sübut olunmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 64 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq Qət etdi: İddiaçı Cavabdeh 4400(dörd min dörd yüz) manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 64 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar