Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-232/2024 30.09.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbi ilə məhkəməyə müraciət etmiş, 1253 manat borcun, hər ay üçün 10 (on) faiz olmaqla, 2 ay üzrə 250.60 manat cərimənin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumunun, ümumilikdə 1540.60 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Atatürk prospekti 9/11 ünvanında yerləşən “Emsan” cehiz evi mağazası işlədir. Ordubad rayonunun Baş Dizə kəndində qeydiyyatda olan Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, EMS 001508 nömrəli kredit müqaviləsinə əsasən ona 2803 manat dəyərində 2 dəst cehizlik seti kreditə vermişdir. Cavabdeh öz xətti ilə yazılmış və öz imzası ilə imzalanmış EMS 001508 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 2803 manat, ilkin ödəniş 100 manat, kreditin qalan məbləği 2703 manatı 13 ay müddətinə aylıq 207.92 manat olmaqla nağd və ya köçürmə yolu ilə ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh 2803 manat borcundan müxtəlif vaxtlarda ödəniş çekləri əsasında ümumilikdə 1550 manat ödəmiş, lakin cavabdeh kredit borcundan qalmış 1253 manatı ona ödəməmişdir. Cavabdehə bir neçə dəfə borclu olduğu pulun ödənilməsini bildirmiş, cavabdehin hər dəfə müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 1253 manat əsas borcun, hər ay üçün 10 faiz olmaqla, 2 ay üzrə 250.60 manat cərimənin və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumunun, ümumilikdə 1540.60 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Emsan” adlı cehiz əşyaları satılan mağazanın icraçı direktorudur. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 2803 manat dəyərində 2 dəst cehizlik seti kreditə vermişdir. Cavabdeh müqaviləyə görə 2803 manatdan ilkin olaraq 100 manat ödəniş etmiş, 2703 manatı 13 ay müddətinə, hər ay 207.92 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda ilkin ödəniş də daxil olmaqla cəmi 1550 manat ödəniş etmiş, 1253 manatı isə ödəməkdən yayınır. Cavabdehə dəfələrlə borcunu ödəməsi barədə şifahi və yazılı formada xəbərdarlıq etmiş, lakin bunların heç bir nəticəsi olmamışdır. İddiaçı izahatında onu da bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış müqavilə üzrə ayıq ödəməli olduğu məbləğ 207.92 manat olmasına baxmayaraq, müqavilədə səhvən aylıq ödənilməli olan məbləğ 159.46 manat qeyd edilmişdir. Həmçinin iddia ərizəsində cəmi ödənilməli olan məbləğin 1539.60 manat olmasına baxmayaraq, 1540.60 manat qeyd edilmişdir. İddianın qismən təmin edilməsini, cavabdehdən 1539.60 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, 17 oktyabr 2023-cü il tarixli, 001508 nömrəli müqavilədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında kredit satış müqaviləsi imzalanmış, Cavabdeh İddiaçı ümumi dəyəri 2803 manat 2 dəst cehiz dəsti almış, aldığı malın dəyərininin 100 manatın nəğd qaydada ödəməklə, qalan 2703 manatı ödəniş müddəti 13 ay olmaqla hər ay 159.46 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndinə əsasən alınmış mal üçün ödənilməli olan pul məbləğinin hər gecikdirilmiş ayı üçün malın ödənilmədiyinə görə qalmış olan dəyərin 10 faizi miqdarında kompensasiya (cərimə) ödənilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 17 oktyabr 2023-cü il tarixli, 001508 nömrəli nisyə alqı-satqı (kredit) müqaviləsi imzalanmış, müqaviləyə əsasən Cavabdeh İddiaçı ümumi dəyəri 2803 manat 2 dəst cehiz dəsti almış, aldığı malın dəyərindən 100 manatı nağd qaydada ödəmiş, qalan 2703 manatı ödəniş müddəti 13 ay olmaqla hər ay 207.92 manat ödəməyi öhdəsinə götürmüş, ümumi borcdan 1550 manat ödəniş etsə də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, Cavabdeh İddiaçı borcu ümumilikdə 1253 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıya olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməməsi barədə xəbərdar edilmişdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə ümumilikdə cavabdehin iddiaçıya 1253 manat əsas borcu və 250.60 manat cərimə borcu vardır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 22 iyul 2024-cü il tarixli 25234 nömrəli qəbzlərdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1253 manat borc, 250.60 manat cərimə, 36 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1.539.60 (bir min beş yüz otuz doqquz manat altmış qəpik) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(080)-232/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-232/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver