Məhkəmə qərarları › İş №2(080)-9/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(080)-9/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(080)-9/2023 06.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi -vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh olundan 24004 manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 163 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, atası X2 ilə birlikdə “Cahan Ticarət" mərkəzində 21 nömrəli mağazada iç geyim əşyaları satır. Satılan malın günlük, pulunu dollara çevirərək dollar saxlayır. Onlar geyim əşyalarını digər ölkədən aldıqlarına görə aldıqları malların pulunu dollar ilə ödəyirlər. Bu səbəbdən də satışdan aldıqları pulları dollara çevirirlər. 12 iyul 2018-ci il tarixindən Ordubad rayon Tivi kənd sakini Cavabdeh ilə aralarında razılığa gələrək , onun gündəlik satışdan əldə olunan pulları Naibə verib, ayın sonu və ya ticarətə getdiyi müddət Naibdən həmin verdiyi manatın əvəzində (dəyərində) dollar alırmış, o Naibə manat verdikcə Naib imza edib alırdı, aralarında həmin məbləğ bağlandıqdan sonra hesabın üzərindən xətt çəkirmişlər. 2020-ci ilin avqust ayında Naibin bir çox şəxsə borcu olduğunu öyrənmişdir. Həmin zaman Naibə yaxınlaşıb ona olan borcunun verməsini bildirmişdir. Naib ona borclu olduğunu etiraf edib bildirmişdir ki, borcunu az-az miqdarda ödəyəcək və bu barədə razılaşmışlar. Naibin ümumilikdə ona 31464 manat borcu olmuş, Naxçıvanda olduğu müddətdə 7060 manat borcundan ödəmə aparmış, Bakı şəhərinə gedəndən sonra bir dəfə 16 may 2022-ci il tarixində 200 manat ödəniş aparmaqla ümumilikdə 7260 manat borcundan ödəmə aparmışdır. Həmin tarixdən bu günədək, heç bir ödəmə aparmamışdır. Borcun alınması ilə əlaqədar Naiblə aralarında whatsapp yazışmaları və səs yazışmaları olmuşdur. Hazırda Naibin ona 24004 manat borcu qalır. Naiblə telefon əlaqəsi saxlaya bilmir ki, ona olan borcıınu ödəsin. Onların arasında olan borcla bağlı olan kitabın həmin səhifəsinin surətini iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə hazırlıq iclasında həmin kitabı və vatşap yazışmalarını məhkəməyə təqdim etmişdir. İddiaçı iddianın təmin edilməsini, 24004 manat məbləğində pul vəsaitinin və iddia qaldırmaq üçün ödədiyi 163 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddianı müdafiə etmiş, izahatında bildrmişdir ki, iddia əsaslıdır. Belə ki, iddiaçının cavabdehə qarşılığında ABŞ dolları alması üçün 24004 manat pul verməsi təqdim edilmiş sübutlarla, whatsapp yazışmaları, səs yazışmaları, və borcla bağlı olan dəftər ilə öz təsdiqini tapır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclaslarında cavabdehin nümayəndəsi vəkili Vəkil2 iştirak etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi vəkili Vəkil2 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehə 24004 manat məbləğində pul verməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçıya məxsus olan telefon nömrəsi ilə whatsapp yazışmalarında, səs yazışmalarında və iddiaçının təqdim etdiyi kitabçada olan imzalar hər hansı alış-veriş üçün ola bilər və cavabdehin nə qədər pul alması ilə bağlı sübut yoxdur. Qeyd olunan kitabçada cavabdehin iddia tələbində göstərilən 24004 manat pul məbləğinin borclu olduğu göstərilmir. Bu əsasa görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi-vəkilninin izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı iddia ərizəsində, izahatında qeyd etmişdir ki, Cavabdeh 2018-ci ilin 12 iyul ayından başlayaraq qarşılığında ABŞ dolları alması üçün 31464 manat pul vermişdir. Cavabdeh 2022-ci il tarixində ümumilikdə 7260 manat ödəmə etmişdir. Həmin tarixdən sonra cavabdeh heç bir ödəmə aparmamışdır. İddiaçı ona aid telefon nömrəsi ilə whatsapp yazışmalarını, səs yazışmalarını və kitabçanı sübut olaraq məhkəməyə təqdim etmiş, və cavabdehin ona 24004 manat borcunun olmasını təsdiq etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi vəkili isə tərəflər arasında hər hansı bir yazılı və ya şifahi müqavilənin, cavabdehin iddiaçıya 24004 manat pul borcunun olmadığını bildirmişdir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi iddiaçı pul borcunun alınması üçün pul öhdəliyinin icrası ilə bağlı Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Belə ki, borc müqaviləsinin icrası tələb edilirsə, tərəflər arasında yazılı və ya şifahi müqavilə bağlanmalı və borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehlə aralarında borc və ya başqa müqavilənin bağlanması ilə bağlı, ümumiyyətlə cavabdehə hansısa səbədən 24004 manat məbləğində pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddiaçıya məxsus whatsapp yazışmalarında cavabdehin “salam Arzu necəsən ayın axırı göndərəcəm arxayın ol ” yazısı cavabdehin ona 24004 manat borcunun olmasını təsdiqini tapmır. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi kitabçada sadəcə imzalar var və cavabdehin iddiaçıya borclu olması hər hansı xüsusi bir qeydlə göstərilməmişdir. İddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi digər səsli (audio ) disk vasitəsində olan səs yazışmalarında, cavabdehin iddiaçının atası olan X1 “Zakir əmi sənin pulunu danmıram” ifadəsi isə iddiaçının cavabdehə 24004 manat pul verməsini, cavabdehin ona 24004 manat borcunun olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə 24004 manat məbləğindı pul verməsi sübut olunmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 163 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia rədd edilsin İddiaçı Cavabdeh 24004 (iyirmi dörd min dörd) manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 163 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar