Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-119/2021 24.12.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı alimentin arıtırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Vətəndaş İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yetkinlik yaşına çatmayan 13.10.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan 90 manat alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilərək, Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, İddiaçı iddiasını müdafiə edərək izahatında Şərur rayon Məhkəməsinin 13 aprel 2009-cu il tarixli 2-(110)-11/2009 saylı qətnaməsinə əsasən Arzu ilə Hümbət arasında bağlanmış nikahın pozulduğunu, azyaşlı uşaqları 13.10.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl 50 manat sonra isə hər ay 90 manat aliment təyin edildiyini, hal-hazırda təyin edilmiş 90 manat aliment uşağın heç bir tələbatının ödənilməsinə yetmədiyini, uşağın təhsil məsrəfləri yetərincə artdığını, əlavə olaraq X1 xəstəsi olduğunu, cavabdehin alimenti ödəməkdən başqa uşağın heç bir problemi ilə maraqlanmadığını, uşağın bütün ehtiyacını anası tərəfindən qarşılandığını, 2021-ci ildə uşaqların yaşayış minimumu dəyişdirildiyini hər bir uşaq üçün 175 manat müəyyən edildiyini, buna görə də alimentin miqdarının artırılaraq 175 manat məbləğində təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında Sədərək rayon Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03 noyabr 2021-ci il tarixli 2117 nömrəli arayışını məhkəməyə təqdim edərək İddiaçı boşandıqdan sonra təkrar ailə qurduğunu və himayəsində üç azyaşlı uşağının olduğunu, Sədərək rayon Məşğulluq Mərkəzinin 19 noyabr 2021-ci il tarixli 04/25 nömrəli arayışını məhkəməyə təqdim edərək heç bir yerdə işləmədiyini, yalnız yay aylarında kəndin mallarını otararaq uşaqlarını dolandırdığını, təsərüfatında bir neçə malı olduğunu, həyat yoldaşının xəstə olduğunu bir dəfə əməliyyat olunduğunu, maddi imkanının çox aşağı olduğunu, bu illər ərzində uşağına aliment pulundan başqa heç bir maddi köməklik edə bilmədiyini, ona görə də göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, Şərur rayon Məhkəməsinin 13 aprel 2009-cu il tarixli 2-(110)-11/2009 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan azyaşlı uşaqları 13.10.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl 50 manat sonra isə hər ay 90 manat sabit pul məbləğində aliment kəsilmiş, cavabdeh aliment pulunu vaxtlı-vaxtında ödəsə də, bu illər ərzində (on iki il müddətində) uşağa başqa maddi və mənəvi cəhətdən heç bir köməklik etmədiyindən iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını xahiş etmişdir. Ancaq iddiaçının nümayəndəsi cavabdehin aylıq qazancı və gəlirləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin isə heç bir yerdə işləmədiyini ikinci dəfə ailə qurduğunu və himayəsində 3 azyaşlı uşağının olmasını, yalnız çobanlıq etməklə ailəsini dolandırdığını nəzərə alaraq, məhkəmə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 175 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . İşə obyektiv və ədalətli qiymət verilərkən, ilk olaraq uşağın yaşını (14 yaş) və tələbatını, Loqonevroz xəstəliyindən əziyyət çəkdiyini, iddiaçının başqa qazanc yerinin olmamasına görə alimentin onun xeyrinə ödənilməsinə üstünlük verilməlidir. İşə əlavə olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyi Şərur Rayon Uşaq xəstəxanasının 10 avqust 2021-ci il tarixli ambulator xəstənin tibbi kartasından məlum olur ki, 13 oktyabr 2008-ci il təvəllüdlü X1 (kəkələmə) xəstəliyindən əziyyət çəkir və loqoped yanında mütəmadi olaraq seanslar qəbul olunmalıdır. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, işdə olan digər diqqətəlayiq halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancı və ya gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin isə heç bir yerdə işləmədiyini ikinci dəfə ailə qurduğunu və himayəsində 3 azyaşlı uşağının olmasını, yalnız yay aylarında çobanlıq etməklə və təsərrüfatında olan mallarla ailəsini dolandırdığını nəzərə almışdır. Məhkəmə tərəflərin maddi vəziyyəti dedikdə, onların əldə etdikləri gəlirlərin öz ailələri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olması və s. hallar nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şərur rayon Məhkəməsinin 2-(110)- 834/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş 90 (doxsan) manat sabit pul məbləği dəyişdirilərək 13.10.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə minidiyi gündən başlayaraq hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində tutularaq İddiaçı qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.03.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə alimentin artım məbləği bir il ərzində 1000 (min) manatdan çox olmadığından, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.2-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4 maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 2-(110)-834/2017 saylı qətnaməsi ilə 90 (doxsan) manat sabit pul məbləğində müəyyən edilmiş aliment dəyişdirilərək cavabdeh Sədərək rayonu Dəmirçi kəndində qeydiyyatda olan Cavabdeh 13.10.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sədərək rayonu Dəmirçi kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin Cavabdeh dövlət rüsumu olaraq 21 (iyirmi bir) manat pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-119/2021
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-119/2021
24.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver