Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-18/2023 17.03.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsi ilə cavabdehin aylıq qazancına olan münasibətdə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış 36 saylı nikah qeydinin pozulduğunu, bu nikahdan doğulmuş azyaşlı övladlarını onun yanında saxlanılmasının müəyyən edildiyini və hər ay Cavabdeh aylıq qazancının 1/4 hissəsi miqdarında alimenti tutularaq xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə ödənilməsi barədə qərar verildiyini, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun bir uşaq üçün 220 manat müəyyən edildiyi halda cavabdehin uşağın saxlanması üçün hər ay 20 manat aliment ödədiyini, bu da Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən olunmuş minimum dolanacaq məbləğindən çox aşağı olduğunu, hazırda Müseyibov Günayın böyüdüyünü və 16 yaşı olduğunu, gündəlik tələbatının da artdığını, cavabdehin ödədiyi alimentin məbləği uşağın gündəlik tələbatını ödənilməsinə yetmədiyini, cavabdehin aylıq qazancı və digər gəlirləri barədə məlumat əldə edə bilmədiyini, heç bir yerdə işləmədiyini cavabdehin isə uşaqların saxlanılmasında əlavə olaraq heç bir maddi və mənəvi köməklik göstərmədiyini buna görə də xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin aylıq qazancına olan münasibətdə müəyyən edilmiş alimentin miqdarının yəni 20 manat dəyişdirilərək 150 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsinə əsasən İddiaçı ilə aralarında xx.xx.2006-cı il tarixdə bağlanmış 36 saylı nikah qeydinin pozulduğunu, bu nikahdan doğulmuş azyaşlı övladlarının iddiaçının yanında saxlanılmasının müəyyən edildiyini və hər ay aylıq qazancının ¼ hissəsi miqdarında alimentin təyin edildiyini, bu günə kimi hər ay qızı Günayın saxlanması üçün 20 manat aliment ödədiyini, xəstə olduğu üçün heç bir yerdə işləmədiyini, arada bir onun-bunun qapısında yüngül fəhləlik etdiyini, iddiaçının başqa kişi ilə ailə qurduğunu və Günayı da onun evinə apararaq orada yaşadıqlarını, qızını görə bilmədiyinə görə ona heç bir köməklik edə bilmədiyini, iddiaçının iddia etdiyi 150 manat alimenti heç cürə ödəyə bilməyəcəyini, iddia qismən təmin edilərsə ödəyə biləcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işə əlavə olunmuş materialları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan azyaşlı uşaqları xx.xx.2007-ci il təvəllüdlü X1 anasının yanında qalması müəyyən edilməklə, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının 1/4 hissəsi miqdarında aliment kəsilmiş, cavabdeh 20 manat aliment pulunu vaxtlı-vaxtında ödəsə də, bu illər ərzində uşağa başqa maddi və mənəvi cəhətdən heç bir köməklik etmədiyindən iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş etmişdir. Lakin iddiaçının, iddia tələbi ilə bağlı cavabdehin harada işləməsi və aylıq qazancı barədə hər hansı hüquqi sənədin mülki işə əlavə etməməsini nəzərə alaraq, məhkəmə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki işə əlavə olunmuş Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 27 nömrəli arayışından məlum olur ki, xx.xx.2007ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində yaşayırlar. İşə əlavə olunmuş xx.xx.2007-ci il təvəllüdlü X1 AZ-İİ № 163049 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, Müseyibova Günayın atası Cavabdeh anası isə Müseyibov (Nəbiyeva) Fatma Qurban qızıdır. İddia ərizəsinə əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan məlum olur ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsədə, Cavabdeh ilkin mediasiya prosesindən imtina edərək, sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 220 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, işdə olan digər diqqətəlayiq halları da nəzərə alır. Belə ki, iddiaçı cavabdehin aylıq qazancı və ya gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi vəziyyəti dedikdə, onların əldə etdikləri gəlirlərin öz ailələri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olması və s. hallar nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması (20 manat) dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə minidiyi gündən başlayaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi il ərzində 1800 olduğundan lakin iddiaçının iddiası qismən təmin edildiyindən hazırkı iş üzrə bir uşaq üçün hər ay 100 manat aliment müəyyən edildiyindən, alimentin artım məbləği bir il ərzində 1200 ( min iki yüz) manat olduğundan, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 25.33 manat dövlət rüsumu ödənilməlidir. Lakin həmin qanunun 9.1.2-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4 maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 25.33 (iyirmi beş manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Sədərək rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2-2-2009 saylı qətnaməsi ilə cavabdehin aylıq qazancına olan münasibətdə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə minidiyi gündən başlayaraq hər ay bir uşaq üçün 100 (bir yüz ) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh dövlət rüsumu olaraq 25.33 (iyirmi beş manat otuz üç qəpik) manat pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-18/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-18/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver