Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № 2(088)-62/2023 25.07.2023 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi İsmayılov Çingiz Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Vətəndaş İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün məhkəmə tərəfindən hər uşağa 90 manat qət edilmiş alimentin artırılaraq Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat məbləğində aliment artırılmasını və İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, Sədərək rayon Məhkəməsinin 01 mart 2011-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış nikahın pozulduğunu, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 onun himayəsində saxlanmasının müəyyən edildiyini və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 90 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edildiyini, nikahları pozulduqdan 4-5 il sonra cavabdehlə yenidən qeyri rəsmi olaraq barışdıqlarını və həmin qeyri-rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 dünyaya gəlməsinə az qalmış cavabdehlə yenidən ayrıldıqlarını, ondan sonra məhkəməyə müraciət etdiyini və Sədərək rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 90 manat məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edildiyini, hal-hazırda uşaqların onun himayəsində qaldığını, cavabdehin isə əvvəlki məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu pul məbləğini ödəməkdən boyun qaçırdığını, uşaqlara maddi və mənəvi dəstək olmadığını, hər iki uşağı maddi çəhətdən təmin etməyin onun üçün çətin olduğunu, uşaqların saxlanması üçün cavabdehin maddi dəstəyinə ehtiyacı olduğunu, hətta cavabdehin əvvəlki qətnamə ilə təyin edilmiş aliment məbləğini ödəsə belə yenə də uşaqların saxlanması üçün həmin məbləğin kifayət qədər olmadığını, Azərbaycan Respunlikasının Qanununa əsasən 2023cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyini bildirərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılsada o, məhkəmə iclasına gəlməmiş lakin, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının tələbi ilə bağlı bu günədək hər uşağa 90 manat alimenti ödədiyini, iddiaçının bu məbləğlə razılaşmadığını və hər uşağa 220 manat aliment istədiyini, hazırkı alimenti ödəməkdə çətinlik çəkdiyini, heç bir yerdə işləmədiyini, heç bir yerdən əlavə gəlirinin olmadığını, hal-hazırda sağlamlığı imkan vermədiyi üçün yüngül fəhləlik işləri ilə məşğul olduğunu, bir gün işləyəndə bir gün işləmədiyini, bunu təsdiq edən arayışları ərizəyə əlavə etdiyini və alimentin məbləğinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işə əlavə olunmuş materialları araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işi araşdırarkən məlum oldu ki, Sədərək rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(088)-31/2018 saylı qətnaməsinə əsasən birgə nikahdan olan az yaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat məbləğində aliment kəsilmiş, Sədərək rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(088)-4/2019 saylı atalığın müəyyən edilməsi və aliment tələbinə dair qətnaməyə əsasən 06 may 2017-ci il tarixdə anadan olmuş X4 atası Cavabdeh olması müəyyən edilmiş və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat məbləğində aliment kəsilmiş, cavabdeh hər iki uşaq üçün cəmi 180 manat aliment pulunu vaxtlı-vaxtında ödəsə də, bu illər ərzində uşağa başqa maddi və mənəvi cəhətdən heç bir köməklik etmədiyindən iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş etmişdir. Lakin, cavabdehin məhkəməyə göndərdiyi Naxçıvan MR Sosial Müdafiə Fondu Sədərək rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/848 nömrəli arayışdan və Sədərək Rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04/09 saylı arayışdan görünür ki, cavabdeh heç bir növ əmək pensiyası almır və Məşğulluq Mərkəzində iş axtaran vətəndaş kimi qeydiyyatda durur və işsizlikdən siğorta ödənişi almadığını nəzərə alaraq, məhkəmə iddiaçının iddiası ilə bağlı iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki işə əlavə olunmuş Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 330 nömrəli arayışından məlum olur ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində yaşayırlar. İşə əlavə olunmuş xx.xx.2007-ci il təvəllüdlü X2 AZ-İV № 786015 nömrəli və xx.xx.2017-ci il təvəllüdlü X3 AZ-İV № 164909 nömrəli doğum haqqında şəhadətnamələrinin surətlərindən məlum olur ki, Quliyev Arzuman və Quliyev Talıbın atası Cavabdeh anası isə İddiaçıdır. İddia ərizəsinə əlavə edilmiş 31 mart 2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan məlum olur ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etsədə, Cavabdeh ilkin mediasiya prosesindən imtina edərək, sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Valideyinlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərindən məhkəmə qaydasında tutulur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsində verilmiş tərifə görə, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Ona görə, valideynlərin öz uşaqlarını saxlamaq borcu onların yetkinlik yaşına çatana qədər davam edir. Uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsini nəzərdə tutan müddia “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən məcbursuz icra edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş uşaq hüquqları bəyannaməsinin 8-ci prinsipinə əsasən uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdən uşağın maraqlarını daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazimi tədbirləri görürlər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində Dövlət siyasətinin bir hissəsində hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətindən uşaqların mənafeyini üstün tutmaqla, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktların və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüququ və mənafelərini məhdudlaşdıran hər hansı bir əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad olunan qanunvericiliklərin tələbinə əsasən uşağın fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün onun maddi təminatına həm beynəlxalq təşkilatlar, həm də dövlət təminat verir və onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən hal-hazırda 1 (bir) uşaq üçün minimum dolanacaq xərcləri 220 manat müəyyən edilmişdir. Lakin uşaqların saxlanması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56-cı maddəsinin və Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcudur. Bu borcun ana ilə ata arasında tən bölündüyü Konstitusiyada birbaşa yazılmasa da, həm ölkə içi qanunvericilik, həm də Azərbaycanın qoşulduğu uşaq hüquqları ilə bağlı beynəlxalq normativ sənədlər onların bərabər məsuliyyətini vurğulayır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18 və 27-ci maddələrinə görə ata-ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə maraqları ata-ananın əsas qayğılarının predmeti olmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifəsidir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, işdə olan digər diqqətəlayiq halları da nəzərə alır. Belə ki, iddiaçı qaldırdığı iddia ilə bağlı cavabdehin aylıq qazancı, bu günkü gündə onun maddi vəziyyətində hər hansı dəyişikliyin olub-olmaması və ya gəlirləri barədə məhkəməyə heç sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi vəziyyəti dedikdə, onların əldə etdikləri gəlirlərin öz ailələri üçün nə dərəcədə yetərli olması, ailə vəziyyəti dedikdə, aliment ödəyən valideynin öhdəsində başqa ailə üzvlərinin olması və s. hallar nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sədərək rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(088)-31/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat və Sədərək rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(088)-4/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəməsi məcmusu ilə müəyyən edilir. Həmin məcəllənin 112.4-cü maddəsinə əsasən, iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi il ərzində 5280 manat olduğundan lakin iddiaçının iddiası qismən təmin edildiyindən hazırkı iş üzrə bir uşaq üçün hər ay 30 manat artırılmaqla, 120 manat iki uşaq üçün 240 manat aliment müəyyən edildiyindən, alimentin artım məbləği bir il ərzində 720 (yeddi yüz iyirmi) manat olduğundan, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 9,93 manat dövlət rüsumu ödənilməlidir. Lakin Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunun 9.1.2-ci maddəsinə əsasən, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4 maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də Cavabdeh 9.93 (doqquz manat doxsan üç qəpik ) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən xüsusatlara və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Sədərək rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(088)-31/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat və Sədərək rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(088)-4/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat sabit pul məbləğində aliment dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına 18 (on səkkiz yaşına) çatana kimi saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq (hesablanaraq) hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat iki uşaq üçün ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sədərək rayonu Sədərək kəndində qeydiyyatda olan İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh dövlət rüsumu olaraq 9.93 (doqquz manat doxsan üç qəpik) manat pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sədərək rayon məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar . Sədrlik edən: Hüseyn Zülfüqarov.
Məhkəmə qərarları › İş №2(088)-62/2023
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №2(088)-62/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver