Məhkəmə qərarları › İş №2(089)-105/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-105/2020

24.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-105/2020 24.07.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 2000 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, mülkiyyətində olan CHEVROLET AVEO markalı ** BC *** dövlət nömrə nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45-də Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi və 11-ci məhəllənin kəsişməsi ilə hərəkət edərkən, Cavabdeh idarə etdiyi avtomobillə 11-ci məhəllənin kəsişməsinə ona yol vermədən daxil olmuş, ona məxsus olan CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə baş verdikdən dərhal sonra hadisə yerinə X8 idarəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları, sığorta agentliyinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları araşdırma aparmış, Cavabdeh tərəfindən inzibati xəta törədildiyi bildirilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Avtomobilinə dəymiş ziyanın müəyyən olunması üçün müxtəlif sexlərdə işləyən ustalarla görüşmüş, ustalar avtomobilinə baxmış, avtomobilinə vurulmuş zərərin 1500 manat olması, deformasiyaya uğramış hissələrin dəyişdirilməsi üçün üsta xərcinin 300 manat, hissələrin rənglənməsinə 200 manat pul tələb edilməsi müəyyən edilmişdir. Cavabdehdən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etmiş, lakin zərərin əvəzi ödənilməmişdir. Məhkəmədən iddianın təmin edilməsini 2000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45-də Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində baş verən hadisə nəticəsində özünə məxsus olan Vaz 21074 markalı avtomobil və İddiaçı məxsus olan CHEVROLET AVEO markalı avtomobil toqquşmuş, hər iki avtomobil əzilmişdir. Hadisə yerinə X8 idarəsinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşları, sığorta agentliyinin əməkdaşları gəlmişlər. Polis əməkdaşları araşdırma aparmış, onun təqsirli olması bildirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. İnzibati cəriməni və dəbbə pulunu ödəmişdir. Hesab edir ki, vurulmuş ziyanın əvəzi sığorta şirkəti tərəfindən ödənilməlidir. Sığorta şirkətinə müraciət etmiş, sığorta şirkətində ona baş verən hadisədə təqsirinin olmaması, sığorta məbləğinin ödənilməyəcəyi bildirilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan- 063562 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitə İddiaçı mülkiyyətindədir. İnzibati xəta haqqında AP seriyalı, ******* nömrəli protokoldan, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 22 02.2020-ci il tarixdə, saat 11:45-də Cavabdeh Vaz 21074 markalı, ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Naxçıvan MR DİN-in X8 idarəsindən xx xxxxx 2020-ci il tarixdə verilmiş arayışda qeyd edilmişdir ki, “xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45 dəqiqədə sürücü 1961-ci il təvəllüdlü Culfa rayonunun Bənəniyar kəndində qeydiyyatda olan İddiaçı idarə etdiyi özünə məxsus CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri Ə.Əliyev küçəsindən gələrək 11-ci məhəllə istiqamətində hərəkətdə olarkən, Çənlibel məhəlləsindən gələn 1980-ci il təvəllüdlü Culfa rayon Qazançı kəndində qeydiyyatda olan sürücü Cavabdeh idarə etdiyi, özünə məxsus Vaz 21074 minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobillə Çənlibel məhəlləsindən 11-ci məhəllənin kəsişməsindəki yol ayrıcına yol vermədən daxil olmuş və İddiaçı idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə Vaz 21074 minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobilin idarə edən sürücü Cavabdeh Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanununun 77-ci maddəsinin 1-ci bəndinin tələblərini pozduğundan, onun barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur”. xx xxxxx 2020-i il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, AP0160675 nömrəli inzibati xəta haqqında protokol üzrə 73.20 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İşə əlavə olan fotoşəkillərdən qəza nəticəsində CHEVROLET AVEO markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və avtomobilin müxtəlif hissələrinin təmirə ehtiyacın olduğu görünür Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 104/20 nömrəli rəyinin nəticə hissədində qeyd edilmişdir ki, “1. İddiaçı mülkiyytində olan CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin deformasiyaya uğramış detallarının orta bazar qiyməti 1323,75 manatdır. 2. İddiaçı mülkiyytində olan CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin deformasiyaya uğramış detalları üzrə təmirbərpa xərcləri 550 manatdır. Ümumilikdə ŞHEVROLET AVEO markalı, ** BC *** dövlət qeydiyyat nişanlı ağ rəngli, 2012-ci il buraxılışlı, silindirinin həcmi 1400 sm.kv olan avtomobilə dəymiş ziyanın məbləği 1823.57 manatdır”. 68 nömrəli, xx xxxxx 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Culfa rayonunun Qazançı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1823.75 manat alınıb Məmmədov X4 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45 dəqiqədə İddiaçı idarə etdiyi özünə məxsus CHEVROLET AVEO markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsindən gələrək 11-ci məhəllə istiqamətində hərəkətdə olarkən, Çənlibel məhəlləsindən gələn sürücü Cavabdeh idarə etdiyi, özünə məxsus Vaz 21074 minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobillə Çənlibel məhəlləsindən 11-ci məhəllənin kəsişməsindəki yol ayrıcına yol vermədən daxil olmuş və İddiaçı idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə Vaz 21074 minik markalı, ** BD *** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Cavabdeh Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanununun 77-ci maddəsinin 1-ci bəndinin tələblərini pozduğundan, onun barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı 1823.75 manat məbləğində maddi ziyan vurması sübuta yetir. Belə ki, İddiaçı cavabdehdən 2000 manat məbləğində maddi ziyanı tələb etsə də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 104/20 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya vurulmuş maddi ziyanın məbləği 1823.75 manatdır. Məhkəmə iddianı qismən təmin edərkən, gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da əsaslı hesab etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə məhkəmə iclasında toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 1823.75 manat alınıb Məmmədov X4 verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1823.75 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1853.75 (bir min səkkiz yüz əlli üç manat yetmiş beş qəpik) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar