Məhkəmə qərarları › İş №2(089)-111/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-111/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-111/2021 18.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 26.12.2019-cu il tarixli müqaviləyə üzrə 2098.8 manat borc məbləği, 487 manat dəbbə pulu, cəmi 2585.8 manat, 09.01.2020-ci il tarixli müqaviləyə əsasən 1801.2 manat borc məbləği, 397 manat dəbbə pulu, cəmi 2198.2 manat və 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4814 manatın alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx MMC-nin baş direktoru Həsən İsrafilzadə iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC-dən 26.12.2019-cu il tarixli müqaviləyə əsasən Demir Dokum markalı kombi, Mirado markalı seksiya, 09.01.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı televizor almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilələrin şərtlərini pozmuş, nəticədə 4784 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 204 manat təşkil edir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, xxxx MMC-in baş direktoru Həsən İsrafilzadə teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyin mümkün olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, bunun üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 26.12.2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İ.X3 markalı kombi, Mirado markalı seksiya satılmışdır. 25 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 2251.8 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 125.1 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 153 manat ödəniş etmiş, ödənilməmiş əsas borc 2585.8 manat, dəbbə pulu 487 manat təşkil edir. 09.01.2020-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh Samsung markalı televizor satılmışdır. 25 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 1852.2 manat, ödəniş müddəti 18 ay, aylıq ödəniş 102.9 manat müəyyən edilmiş və cavabdeh əsas borcdan 51 manat ödəmiş etmiş, ödənilməmiş əsas borc 1801.2 manat, dəbbə pulu 397 manat təşkil edir. Cavabdeh “xxxx” MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün aralarında bağlanmış müqavilələrin şərtlərinə əməl etməməsi barədə 31.07.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecişmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1% -i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Müqavilələrə əlavələrin 5-ci bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəlinin tələblərini üç aydan artıq müddətə yerinə yetirmədikdə müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatı (200%) məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirilməlidir. xxxx MMC və Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01160281 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 31.01.2020-ci il tarixdən 30.06.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 125.1 manat olmaqla 18 ay müddətinə, 09.01.2020-ci il tarixli, 20023987 nömrəli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 22.02.2020-ci il tarixdən 22.07.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 102.9 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödənilməlidir. xxxx MMC və Cavabdeh arasında tərtib olunmuş 26 dekabr 2019-cu il tarixli təhviltəslim aktından və 09 yanvar 2020-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 2 illik yeni qızıl zəmanəti, Demir Dokum markalı kombini, Mirado markalı seksiyanı, Samsung markalı televizoru tam qüsursuz halda təhvil almışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Cavabdeh iddiaçı “xxxx” MMC ilə arasında bağlanmış 26.12.2019-cu il tarixli müqaviləyə əsasən Demir Dokum markalı kombi, Mirado markalı seksiya, 09.01.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı televizor almış, lakin müqavilə şərtlərini pozmuş, ödənişləri tam həyata keçirməmiş, müqavilələrdə müəyyən olunmuş vaxt və qaydalara əməl etməmişdir. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən ona xəbərdarlıq edilmiş, ona edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında 26.12.2019-cu il və 09.01.2020-ci il tarixlərdə müqavilə bağlanmış və cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtında icra etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun, penyanın hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən gecikdirilmiş vaxt üçün hər növbəti təqvim gününə hesablanmış 1 faiz penya tələbi qanunvericiliyə uyğundur. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 4104 manat məbləğində əmlak vermiş, cavabdeh isə ümumi məbləğin 204 manatını ödəmişdır. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 26.12.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 487 manat dəbbə pulunu azaldaraq 100 manat, 09.01.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 397 manat dəbbə pulunu azaldaraq 100 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 26.12.2019-cu il tarixli, 01160281 nömrəli müqavilə üzrə 2098.8 manat borc, 100 manat dəbbə pulu, 09.01.2020-ci il tarixli, 20023987 nömrəli müqavilə üzrə 1801.2 manat borc, 100 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 26.12.2019-cu il tarixli, 01160281 nömrəli müqavilə üzrə 2098.8 manat borc, 100 manat dəbbə pulu, 09.01.2020-ci il tarixli, 20023987 nömrəli müqavilə üzrə 1801.2 manat borc, 100 manat dəbbə pulu, cəmi 4100 manat alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar