Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-111/2024 02.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 15000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır k, müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh X4 tanışıdır. Belə ki, cavabdeh X4 07 yanvar 2022-ci il tarixdə bir il müddətinə, yəni 07 yanvar 2023-cü il tarixdədək qaytarmaq şərti ilə ondan 15000 manat borc pul almışdır. Göstərilən müddət tamam olmuş, cavabdeh X2 pulu qaytarmasını tələb etmiş, lakin cavabdeh ona verdiyi borc pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də pulun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İnanır ki, cavabdehin ondan borc pul adı altında aldığı 15000 manat miqdarında pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, müharibə veteranı, şəhid ailəsi olduğunu, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, mülki işə iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Cavabdeh tərəfindən yazılmış qəbzdə qeyd edilmişdir ki, “X3 AZE ******** Göranboy rayonunun Meşəli qəsəbəsində kirayəşin yaşayıram. N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində işləyirəm. Bu qəbzi verirəm İddiaçı ondan ötəri ki, həqiqətən 1 il müddətinə xx.xx.2022-ci il tarixdə ondan 15000 (on beş) min manat borc pul aldım, əgər pulu vaxtında qaytarmasam məsuliyyət daşıyacağım mənə məlumdur. Hansısa bir girov, zaloq qoymadım. Qəbzi özüm yazmışam, doğrudur, onun doğruluğunu imzamla təsdiq edirəm. xx.xx.2022-ci il İmza Cavabdeh **********” Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat alınıb İddiaçı verilməlifir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı 07 yanvar 2022-ci il tarixdə cavabdehə 15000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin borc məbləğini bir il müddətində, yəni 01 yanvar 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş və borcunun olmasını etiraf etməsi barədə qəbz yazmışdır. İddiaçı cavabdeh tərəfindən borcun qaytarılmadığını bildirmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya 15000 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin əlyazma ilə yazdığı 07 yanvar 2022-ci il tarixli qəbzlə təsdiqlənir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixdədək qüvvədə olmuş 739.1 və 740.1-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 07 yanvar 2022-ci il tarixə 15000 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu bir il müddətidə ödəyəcəyini öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 15000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 135 manat məbləğində dövlət rüsumu cavabdehdən tututlun Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq məhkəmədə verilən iddialar üzrə, şəhid ailələri, müharibə veteranları,... dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarına əlavə edilmiş 084029 nömrəli vəsiqənin surətində görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müntənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsi görə iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat və 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 135 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənMehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-111/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-111/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver