Məhkəmə qərarları › İş №2(089)-12/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-12/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-12/2022 25.01.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun nümayəndəsi Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1445.67 ABŞ dolları əsas borc, 561.38 ABŞ dolları faiz borcu, 1122.86 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 214 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh1 05 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 24 ay müddətinə, illik 25.5 faiz dərəcəsi ilə 2300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 120011370/ZM nömrəli, 05 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə 120011370/R nömrəli, 17 fevral 2016-cı il tarixli əlavə sazişlər bağlanmışdır. Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2124.26 ABŞ dolları təşkil edir. Kreditin müddəti əlavə saziş imzalandığı tarixdən 17 iyul 2018-ci il tarixədək təşkil edir. Kredit üzrə borcalan tərəfindən əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ var. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmuş, habelə bildirişlər göndərilmiş, lakin cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəfindən müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklər tam yerinə yetirilmiş, cavabdehlər öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Aydan Şərifova ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini, ölkədə pandemiya şəraiti ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı ASC ilə aralarında 05 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış, ona 24 ay müddətinə, illik 25.5 faiz dərəcəsi ilə 2300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında isə 120011370/ZM nömrəli, 05 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə 120011370/R nömrəli, 17 fevral 2016-cı il tarixli əlavə sazişlər bağlanmışdır. Sazişlərə əsasən bank qarşısındakı kredit öhdəliyinin qalığı 2124.26 ABŞ dolları olmuşdur. Kreditin müddəti əlavə saziş imzalandığı tarixdən 17 iyul 2018-ci il tarixədək təşkil etmişdir. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 faiz müəyyən edilmişdir. Əvvəllər hərbi qulluqçu olduğundan kredit müqaviləsi üzrə ödəniş etmiş, hansı məbləğdə ödəniş etməsini xatırlamır, bu barədə məhkəməyə sübut təqdim edə bilmir. Hazırda işləmir, qazancı, kredit borcunu ödəməyə maddi imkanı yoxdur. İddianı 29 noyabr 2021-ci il tarixli, 331 nömrəli ekspert rəyində qeyd edilmiş əsas borc, faiz borcu daxilində qəbul edir. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, 18 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh2 iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 05 oktyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqavilədən görünür ki, İddiaçı ASC və Cavabdeh1 arasında müqavilə bağlanmış, Cavabdeh1 24 ay müddətinə, illik 25.5 faiz dərəcəsi ilə 2300 ABŞ dolları məbləğində kredit verilmişdir. 05 oktyabr 2015-ci il tarixli, 120011370/ZM nömrəli zaminlik müqavilədən görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 05 oktyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişdən müəyyən olunur ki, borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2124.26 ABŞ dolları təşkil etmiş, kreditin müddəti Əlavə Saziş imzalandığı tarixdən 17.07.2018-ci il tarixinədək uzadılmış, kredit üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % müəyyən edilmiş, saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilmiş və dəyişdirilmiş ödəniş qrafiki Sazişə əlavə edilmişdir. 05 oktyabr 2015-ci il tarixli, 120011370/ZM nömrəli zaminlik müqaviləsinə 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişdən müəyyən olunur ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2124.26 ABŞ dolları təşkil etmiş, kreditin müddəti əlavə saziş imzalandığı tarixdən 17.07.2018-ci il tarixinədək uzadılmış, kredit üzrə Borcalan tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % müəyyən edilmişdir. 30 iyun 2021-ci il tarixli, **********091 nömrəli arayışdan görünür ki, Cavabdeh1 05 oktyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqavilə üzrə 21 iyun 2021-ci il tarixə 1445.67 ABŞ dolları əsas borcu, 561.38 ABŞ dolları faiz borcu, 1122.86 ABŞ dolları cərimə borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 214 ABŞ dolları faiz borcu vardır. 25 oktyabr 2015-ci il tarixli, **********30 nömrəli kassa məxaric orderindən görünür ki, 2300 ABŞ dolları kredit məbləği Cavabdeh1 təqdim edilmişdir. Naxçıvan Muxtar Respublikası ədliyyə nazirliyinin məhkəmə ekspertizası mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 331 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunmuş iş materiallarından göründüyü kimi, ləğv prosesində olan "xxxx" ASC-nə 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişin şərtlərinə və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 cədvəl məlumatlarında görüldüyü kimi 29 oktyabr 2019-cu il tarixə (hesabdan çıxarışın verildiyi son tarixə) əsas borcu 1777,25 ABŞ dolları, faiz borcu 56,47 ABŞ dolları, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 66,40 ABŞ dolları təşkil edir. İş materiallarında Cavabdeh1 ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanması düzgün hesab edilmir. Təqdim olunmuş iş materiallarından göründüyü kimi ********* saylı, 05 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi və 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə saziş üzrə Cavabdeh1 tərəfindən son ödəmə 31 yanvar 2019cu il tarixdə aparılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrini, müqavilələrə əlavə sazişləri, ekspert rəyini sübut kimi qəbul edir, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 1445.67 ABŞ dolları əsas borc, 56,47 ABŞ dolları faiz borcu, 112 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış 66,40 ABŞ dolları faiz borcu alınıb ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Kredit müqaviləsinin 4.4.2 və 4.4.3-cü bəndlərinə əsasən borclunun ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəmək, kreditor öhdəliklərin icrasının vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər və cərimələr ilə birlikdə qaytarmaq vəzifəsi vardır. Zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit və zaminlik müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiklərindən xəbərdarlıq edilmiş, onlara edilmiş xəbərdarlıq heç bir nəticə verməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən hesablanmış illik beş faiz olmaqla, 214 ABŞ dolları pul tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Ona görə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 214 ABŞ dolları faiz borcu tələb etsə də, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirliyinin məhkəmə ekspertizası mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 331 nömrəli ekspert rəyində sözügedən qərara əsasən hesablanmış faiz borcunun 66,40 ABŞ dolları olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının 1122.86 ABŞ dolları cərimə tələbi ilə bağlı belə nəticəyə gəlir ki, həmin hissədə də iddia qismən təmin edilməli, cərimə məbləği azaldılmalı, 112 ABŞ dolları məbləğində cərimə cavabdehlərdən alınıb, iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki iş üzrə Cavabdeh2 məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmış, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı təşkilat subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə iddiaçının subyektiv hüququ pozulmuşdur. Tərəflər arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və kredit müqaviləsinə 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişdən kredit müqaviləsinin qüvvədə olma müddəti, kreditin və hesablanmış faizlərin qaytarılması müddəti müəyyən edilmişdir. Göstərilən müddət müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Yuxarıda qeyd edilmiş maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun və faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 05 oktyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 17 fevral 2016-cı il tarixli, 120011370/R nömrəli əlavə sazişin 1.2-ci bəndində kredit vəsaitindən istifadə müddəti 17 iyul 2018-ci müəyyən edilmişdir. Kredit müqaviləsindən, əlavə sazişdən, ekspert rəyindən müəyyən edilmişdir ki, müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti 17 iyul 2018-ci il tarixdə bitmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə 31 yanvar 2019-cu il tarixdə son ödəniş aparmış, həmin tarixdən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən üç il müddət keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti ötürülmədiyindən, Cavabdeh2 iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə xahişi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir və Cavabdeh1 kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15.06 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 14.94 manat hissəsi isə iddiaçıya aid edilsin.. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində tövsiyə olunmuşdur ki, ”Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir” Beləliklə, məhkəmə göstərilənlərə əsaslanaraq belə hesab edir ki, cavabdehlərdən tutulmalı olan 1680.54 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1445.67 ABŞ dolları əsas borc, 56.47 ABŞ dolları faiz borcu, 112 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz-66.40 ABŞ dolları, ümumilikdə 1680.54 ABŞ dolları alınaraq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan 1680.54 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanaraq ödənilsin. 30 manat ödənilmiş dövlət rüsumunun 15.06 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 alınıb LPO İddiaçı ASC-yə verilsin, 14.94 manat hissəsi isə LPO İddiaçı ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar