Məhkəmə qərarları › İş №2(089)-124/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-124/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-124/2021 27.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş Culfa Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(089)-57/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 12 mart 2014-ci il tarixdə doğulmuş X1 üşün 160 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla 2012-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 12 mart 2014cü il tarixdə X4 doğulmuşdur. Culfa Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(089)- 57/2018 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaq onun yanında saxlanılmış, uşağın saxlanması üçün cavabdehdən 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Uşağın saxlanması üçün müəyyən edilmiş aliment məbləği bu gün uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum məbləğdən azdır. Cavabdeh xarici ölkələrdə yaşayır, işləyir, qazancı var. Qazancı olmayan şəxs xarici ölkədə yaşamaz. Cavabdeh hazırda Rumıniyadadır. 2021-ci ilin fevral ayından aliment məbləğini ödəmir, uşaqla ünsiyyətdə olmur, uşaqla maraqlanmır. Uşaq böyüyür, ehtiyacı artır, belə olan halda maddi vəziyyəti pisləşir. Uşağa qulluq edir, bu səbəbdən də işləyə bilmir. Alimentin artırılmasını, uşağın saxlanması üşün 160 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 964082 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 mart 2014-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(089)-57/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, 12 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh 100 manat məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Culfa rayon İcra və Probasiya bölməsindən verilmiş 255107/2018 nömrəli, 21 may 2021-ci il tarixli arayışdan görünür ki, Culfa Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(089)-57/2018 nömrəli icra sənədinə əsasən Cavabdeh 01 fevral 2021-ci il tarixədək hər ay 100 manat aliment alınmışdır. Naxçıvan MR DSMF publik hüquqi şəxsi Hərbi qulluqçular və Xüsusi Rütbəli Şöxslərlə İş Şöbəsindən verilmiş 01/158 nömrəli, 27 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh 24 yanvar 2014-cü il tarixdən İİ dərəcəli əlilliyə görə 308.44 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Təyin olunmuş əmək pensiyasının məbləği Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 01 fevral 2016-cı il tarixdə 330 manata, 01 mart 2018-ci il tarixdə 353.10 manata çatdırlımışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 01 sentyabr 2019-cu il tarixdə Cavabdeh təyin edilmiş əmək pensiyasının məbləği 445.06 manata çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Culfa 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 548426 nömrəli müayinə aktından çıxarışa əsasən Cavabdeh əlillik müddəti 01 fevral 2021-ci il tarixədək olduğundan, pensiyanın ödənilməsi həmin tarixdən dayandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 150 manat məbləğində aliment cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır, belə olan halda iddiçının maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh hazırda Ruminiya Respublikasında yaşayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstə olması, əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Cavabdehin işləməməsi, qazancının olmaması isə onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Cavabdehin qazancı barədə sübut təqdim edilmədiyindən, alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 150 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-57/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 12 mart 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar