Məhkəmə qərarları › İş №2(089)-143/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-143/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-143/2024 29.05.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 26 iyun 2010-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, mediasiya prosesinin keçirilməsi üçün onun tərəfindən ödənilmiş 60 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 26 iyun 2010-cu il tarixdə Bayramlı İman doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)-53/2011 nömrəli, 25 noyabr 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, İman onun yanında qalmış, X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Hazırda Cavabdeh işlədiyi dövlət qurumundan xaric edilib, onun qazancından (başqa gəlirlərinin) 1/4 hissə miqdarında alimentin tutulması mümkün deyil. Bir uşağı tək saxlamaq onun üçün çətindir. Uşaq böyüdükcə onun təlabatları da artır. Hazırki bazar qiymətləri ilə 2011-ci ildə olan bazar qiymətləri eynilik təşkil etmir. Hesab edir ki, cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin 2024-cü il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən 235 manat sabit pul məbləğinə dəyişdirilməsi zərurəti yaranmışdır. Övladına baxan zaman maliyyə çətinlikləri ilə üzləşir. Övladına daha yaxşı qayğı göstərə bilməsi üçün, uşağın atası olan cavabdehin övladı üçün ona maliyyə yardımı göstərməsi vacibdir. Cavabdehin övladının daha yaxşı yaşaması üçün kifayət qədər imkanı və vəsaiti vardır. X5 bütün əlavə xərclərini hazırda tək qarşılayır. Buna görə də, hesab edirəm ki, bir ata kimi Cavabdeh həmin məbləği ödəməlidir. Cavabdeh bir ata kimi öz öhdəliklərini tam olaraq yerinə yetirmir, övladı ilə kifayət qədər məşğul olmur, çətinliyin qarşılanması üçün ona köməklik göstərmir. Həmçinin hazırki iqtisadi vəziyyətin çətinləşməsi, bazar qiymətlərinin xeyli artması, maliyyə vəziyyətinin aşağı olması onu bir çox çətinliklərlə qarşı-qarşıya qoyur. Odur ki, Cavabdeh 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən uşaqlar üçün müəyyən edilmiş 235 manat məbləğində pul tutularaq ona ödənilmlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, Bakı şəhərində yaşadığını, maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, 10 may 2024-cü il tarixli, 652 nömrəli tibbi arayışı, X5 doğum akt qeydindən çıxarışı, nikah haqqında şəhadətnamənin surətini, X6 ilə birgə nikahlarından doğulmuş uşaqların doğum haqqında şəhadətnamələrinin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 152187 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmiş, bu barədə 28 dekabr 2011-ci il tarixdə akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmiş, kişiyə Bayramov, qadına Əliyeva soyadı verilmişdir. 502684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 26 iyun 2010-cu il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli, 2(089)-53/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, X14 ilə X4 arasında 09 oktyabr 2008-ci il tarixdə Culfa Rayon Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 165 nömrə ilə qeydə edilmiş nikah pozulmuş, 26 iyun 2010-cu il tarixdə doğulmuş X1 Röya Ağahüseyn qızının yanında saxlanılmış, X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment müəyyən edilmişdir. 605424 nömrəli nikah haqqında, 852817 və 080614 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Cavabdeh və X6 arasında nikah 09 mart 2012-ci il tarixdə bağlanmış, tərəflərin birgə nikahlarından 29 dekabr 2012-ci il tarixdə X9 və 18 oktyabr 2014-cü il tarixdə X10 doğulmuşdur. Naxçıvan MR X8 Şəxsdən verilmiş 652 nömrəli, 10 may 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh 07 may 2024-cü il tarixdən Naxçıvan MR X8 Şəxsin Nevrologiya şöbəsində dizartriya, Arterial hipertoniya diaqnozu ilə stasionar müalicədədir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının məhkəməyə göndərdiyi teleqramı, cavabdehin məhkəməyə göndərdiyi sənədləri nəzərə alıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2011-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. Cavabdehin məhkəmə hazırlıq iclasında bildirdiyinə görə, işləmir, uşağın saxlanması üçün hər ay iddiaçıya 100 manat aliment ödəyir. İddiaçı aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində 235 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qazancının olub-olmamasından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Həmçinin cavabdehin qazancı barədə sübut təqdim edilməməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh uşağın zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etməlidir. Həmçinin cavabdehin qazancının olmaması və ya qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, aliment miqdarı artırılmalı, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin cavabdehin təkrar ailə qurmasını, həmin nikahdan iki uşağının doğulmasını, xəstəliyini və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 160 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarın 8.7-ci bəndində qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, neçə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas deyil, alimentin artırılmaması üçün də mütləq əsas olmamalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli, 2(089)-53/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh 26 iyun 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı belə nəticəyə gəlir ki, 60 manat mediasiya xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sesssiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediator tərəfindən təqdim edilmiş arayışa, həmçinin məhkəməyə cavabdeh tərəfindən ilkin mediasiya sessiyasında üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. 26 fevral 2024-cü il tarixli, MŞB/6-0035324 arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında çəkdiyi xərci cavabdeh ona ödəməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 39.20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-53/2011 nömrəli, 25 noyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh 26 iyun 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 39.20 manat alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar