Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-15/2021 26.01.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Əli oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 7800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əli oğlu iddiasını onunla əsaslandırmışdır ki, Tərtər rayonunun Şıxarx kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh ondan 7500 manat borc pul istəmiş, münasibətləri yaşxı olduğundan inanmış və ona 7500 manat borc pul vermişdir. Cavabdeh ondan borc pul alması barədə qəbz yazmış, pulu xx xxxx 2020-ci il tarixdədək qaytaracağına söz vermişdir. Cavabdeh borc pulu vaxtında qaytarmamış, ondan pulu istəmiş, o, pulu sonra verəcəyini bildirmişdir. Dəfələrlə pulu Cavabdeh istəmiş, müxtəlif vədlər vermiş, qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Pulu Alquliyevdən alması üçün dəfələrlə onun xidmət etdiyi hərbi hisəsyə getmiş, dəfələrlə onunla telefon əlaqəsi saxlamış, əlavə 300 manat pul xərcləmişdir. Cavabdeh 7800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Əli oğluna rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edə bilmədiyini, iddiasını müdafiə etdiyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı Əli oğlunın iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Culfa rayonunun Yaycı kəndində qeydiyyatdadır. İş materiallarında olan qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh Naxçıvan MR Culfa rayon Yaycı kəndi xx.xx.1996-cı ildənəm. Hal-hazırda N nömrəli hərbi hissədə xidmət edirəm. Tərtər rayonunda yaşayan İddiaçılə yaxın münasibətim olduğum üçün ondan xahiş etdim ki, mənə 7500 manat pul lazımdır. Həmin pulu ailəmdə xəstə olduğu üçün götürdüm. Həmin pulu mənə mal-qarasını sataraq verdi. Həmin pulu iyul ayının 20nə kimi kredit götürərək qaytaracam. Qaytarmadığım halda məni məhkəməyə verib öz pulunu almağına heç bir narazılığım və heç bir etirazım yoxdur. İmza: imza Cavabdeh **********” Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7500 manat alınıb İddiaçı Əli oğluna verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 7500 manat məbləğində borc pul vermiş, cavabdeh iddiaçıdan 7500 manat borc pul aldığını, iddiaçıya 7500 manat borcunun olmasını etiraf etməsi barədə qəbz yazmışdır. Həmçinin cavabdeh iddiaçıdan aldığı 7500 manat məbləğində borc pulu xx xxxx 2020-ci il tarixdədək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehin borcun etirafı barədə qəbzdə qeyd edilmiş borc məbləğini qaytarmadığını bildirsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir. Cavabdeh borcun etirafı barədə imzaladığı qəbzdə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 7500 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya 7500 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin əlyazma ilə yazdığı qəbzlə təsdiqlənir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış qəbzə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 7500 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu xx xxxx 2020-ci il tarixdədək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Məhkəmə iddiaçının cavabdehə borc olaraq verdiyi 7500 manat məbləğində pulu alması üçün dəfələrlə onun xidmət etdiyi hərbi hisəsyə getməsi, dəfələrlə onunla telefon əlaqəsi saxlaması ilə bağlı əlavə olaraq xərclədiyi 300 manat məbləğində pul tələbi ilə bağlı belə nəticəyə dəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehdən 7500 manat borc məbləğini alması üçün əlavə olaraq 300 manat pul xərcləməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 7500 manat məbləğində borc pul alınıb İddiaçı Əli oğluna verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınb dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci bəndinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci bəndinə əsasən məcburi köçkünlər məhkəməyə verilən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunurlar. 363909 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul alınıb İddiaçı Əli oğluna verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-15/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-15/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver