Məhkəmə qərarları › İş №2(089)-159/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-159/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-159/2020 22.09.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(089)-201/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsini, Cavabdeh xx xxxxxxx 2004-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxxx 1995-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 1996-cı il tarixdə X5, xx xxxxxx 1998-ci il tarixdə X6, xx xxxxxxx 2004-cü il tarixdə X7 doğulmuşdur. Qızı İlknur, oğlu Nurlan yetkinlik yaşına çatmışdır. Aralarında bağlanmış nikah 2006-cı ildə Culfa Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(089)-201/2015 nömrəli qətnaməsi ilə bir uşağın saxlanması üçün 55 manat sabit pul məbləğində aliment müəyyən edilmişdr. Aliment məbləği ilə uşağın ehtiyaclarını qarşılaya bilmir. Həmçinin uşaq xəstədir, onun müalicəyə ehtiyacı var. Cavabdeh müəyyən olunmuş aliment məbləğini ödəməklə kifayətlənir, uşağın müalicəsi üçün ona əlavə maddi köməklik etmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhərinə gedəcəyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın qismən təmin edilməsini və cavabdehdən 110 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 152161 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. 470345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 2004-cü ildə doğulmuş, atası X9, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(089)-201/2015 nömrəli qətnaməsindən görünür ki, xx xxxxxx 1998-ci il tarixdə doğulmuş X6 və xx xxxxxxx 2004cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh bir uşaq üçün 55 manat olmaqla, iki uşaq üçün 110 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. 690632 nömrəli nikah haqqında şəhadətnamənin, 302872 və 750017 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh və X4 arasında xx xxxx 2014-cü il tarixdə nikah bağlanmış, bu nikahdan xx xxxx 2015-ci il tarixdə X8 və xx xxxxxx 2016-cı il tarixdə X10 doğulmuşdur. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Müliki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qanun normalarının məzmunundan göründüyü kimi analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir və uşaqların qayğısına qalmaq, tərbiyə etmək və uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2015-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, hazırda uşağın 16 yaşı var, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda uşağı saxlayan, onun qayğısını çəkən ananın, maddi vəziyyəti pisləşir. İddiaçı iddia ərizəsində Cavabdeh maddi vəziyyətinin yaxşı olduğunu bildirsə də, cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin Cavabdeh məhkəməyə təqdim etdiyi arayışdan müəyyən olunur ki, o, X3 Mərkəzində ocaqçı vəzifəsində işləyir, hər ay 350 manat əmək haqqı alır. Həmçinin iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində iddiasının qismən təmin edilməsini, 110 manat məbləğində aliment müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xahişi, cavabdehin maddi, ailə vəziyyəti nəzərə alınmalı və iddia qismən təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin xəstə olması, əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Məhkəmə hesab edir ki, 55 manat məbləğində alimentin ödənilməsi uşağın, aliment alan iddiaçının marağına uyğun deyil, ona görə də alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin uşağın 16 yaşının olmasını, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcminin artamasını, iddiaçının iddianın qismən təmin edilməsi barədə xahişini nəzərə alıb, 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarısından çox hissəsini, yəni 110 manatı cavabdeh bir uşaq üçün iddiaçıya ödəməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(089)-201/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx xxxxxxx 2004-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 110 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar