Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-163/2022 14.09.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-03/2013 nömrəli, 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 28 noyabr 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını qismən müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə 2008-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 28 noyabr 2009-cu il tarixdə Nail doğulmuşdur. Culfa Rayon Məhkəməsinin 29 yanvar 2013cü il tarixli, 2(089)-03/2013 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq onun yanında saxlanmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilmiş, cavabdeh 9 il ərzində hər ay 70-75 manat məbləğində aliment ödəmiş, bununla da vəzifəsini bitmiş hesab etmişdir. İşləmir, uşağa qulluq edir, 70-75 manat məbləğində alimentlə uşağın ehtiyaclarını qarşılaya bilmir, uşağı çətinliklə saxlayır. Uşaq böyüdükcə ehtiyacları da artır. Belə olan halda maddi vəziyyəti pisləşir. Cavabdeh Bakı şəhərində işləyir, 300 manat əməkhaqqı alması barədə məhkəməyə sübut təqdim etsə də qazancı çoxdur. Uşağı saxlamaq ata kimi cavabdehin də vəzifəsidir. İddia ərizəsində uşağın saxlanılması üçün 250 manat aliment müəyyən edilməsini istəsə də, iddianın qismən təmin edilməsini, 140 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, təkrar ailə qurduğunu, həmin nikahdan bir övladının doğulduğunu, işlədiyini, 300 manat əməkhaqqı aldığını, alimenti vaxtında ödədiyini bildirmiş, göstərilənlərin nəzərə alınmasını, iddianın rədd edilməsini, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 502531 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 noyabr 2009-cu il tarixdə doğulmuş, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(089)-03/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28 noyabr 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. 891219 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh və X3 arasında nikah 08 noyabr 2013-cü il tarixdə bağlanmış, bu barədə akt qeydləri kitabında 186 nömmrə ilə qeydə alınmışdır. 080449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 iyul 2014-cü il tarixdə doğulmuş, uşağın atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsində göstərdiklərini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2013-cü ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh aylıq qazancının 300 manat olmasını təsdiq edən əmək müqaviləsi bildirişinin surətini, təkrar ailə qurmasını, bir uşağının olmasının təsdiq edən sənədləri məhkəməyə təqdim etmiş, iddianın rədd edilməsini xahiş etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması, qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin cavabdehin qazancından 75 manat məbləğində tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Odur ki, aliment miqdarı artırılmalı, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin cavabdehin təkrar ailə qurmasını, maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 140 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımıəndan da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmiçşduir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarın 8.7-ci bəndində qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, neçə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir, alimentin artırılmaması üçün də mütləq əsas kimi qeyd edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(089)-03/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa rayon Məhkəməsinin 2(089)-03/2013 nömrəli, 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 28 noyabr 2009-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-163/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-163/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver