Məhkəmə qərarları › İş №2(089)-178/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-178/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-178/2022 11.11.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı X8, iddiaçının vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 500 manat pulun, 9 baş keçinin və 18 baş çəpişin və ya onların dəyəri olan 2160 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manatın və 49.60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05 oktyabr 2022-ci il tarixdə iddiaçı Cavabdeh tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 500 manat pulun, 9 baş keçinin və 18 baş çəpişin və ya onların dəyəri olan 2160 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manatın, 1076 manat pulun və 49.60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı M.Sadiqovun tələbin həcminin artırılması barədə ərizəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, X4 Cavabdeh 500 manat pulun, 9 baş keçinin və 18 baş çəpişin və ya onların dəyəri olan 2160 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manatın, 1076 manat pulun və 49.60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə tələbinə baxılmışdır. Məhkəmə iclasında iştirak etmiş M.Sadiqov iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, qızı və cavabdehin oğlu 2019-cu ildə ailə qurmuş, aralarında olan nikah 2021-ci ildə məhkəmə qətnaməsi ilə pozulmşdur. Uşaqlar arasında narazılıqlar yarananadək cavabdehlə münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin mart ayında təsərrüfatla məşğul olmaq barədə qərara gəlmiş, cavabdehlə razılaşmışlar ki, xırdabuynuzlu heyvan (keçi) alsın, cavabdeh isə heyvanları saxlasın. 2020-ci ilin mart ayında Qərib adlı şəxsdən cavabdeh 5 baş yanında balası olan keçi almış, bunun üçün cavabdehə 700 manat, qısa müddət sonra Hüseyn adlı şəxsdən 2 baş yanında balası olan keçi almış, cavabdehə 180 manat pul vermişdir. Cavabdehin qohumu Bəxtiyar adlı şəxsdən 3 baş yanında balası olan keçi, 1 baş küvər almış, bunun üçün cavabdehə 440 manat pul vermiş, həmçinin Bəxtiyar adlı şəxsə dəmir qapı düzəltmiş, Bəxtiyar cavabdehə 4 baş keçi vermişdir. Adıgözəl Nəsirova 100 manata 12 beçə vermiş, Adıgözəl cavabdehə bunun üçün 1 çəpiş vermiş, cavabdeh adını xatırlmadığı şəxsdən 4 baş yanında balası olan keçi, 4 baş küvər almış, bunun üçün cavabdehə 1120 manat pul vermiş, İlham İbrahimova 80 manata 7 beçə vermiş, İlham cavabdehə 1 baş küvər vermiş, Elşən İbrahimova 80 manata 7 beçə vermiş, Elşən cavabdehə 1 baş küvər vermişdir. Cavabdehdə ona məxsus olan 18 keçi, 7 küvər, 15 çəpişi omuşdur. Cavabdehdə olan heyvanlardan 1 baş keçinin ölməsini bilir, 2 baş çəpişi özü satmış, 1 baş küvəri onun tapşırığı ilə cavabdeh hərbiçilərə vermiş, 2 baş keçini isə canavar yemişdir. Cavabdehdə 15 baş keçi, 13 baş çəpiş və 6 baş küvəri qalmışdır. 2021-ci ilin avqust ayında cavabdehdən heyvanları təhvil almaq istəmiş, cavabdeh ona 14 baş keçi, 5 baş çəpiş vermişdir. Heyvanları cavabdehə 2020-ci ilin mart ayında verməsini, heyvanların bir yaş böyüməsini, keçilərin bala verməsini nəzərə alır, cavabdehdən 9 baş keçi və 18 baş çəpişin və ya onların dəyəri olan 2160 manatın alınıb ona verilməsini xahiş edir. İddiaçı izahatında onu da bildirmişdir ki, münasibətlərinin yaxşı olduğu müddətdə cavabdehə 700 manat dəyərində iki tağlı dəmir seyf qapısı düzəltmiş, cavabdeh ona 200 manat vermiş, 500 manat borcu qalmışdır. Həmçinin cavabdehə 435 manat dəyərində 4 ədəd Uaz təkəri, 25 manat dəyərində praklatka, jitkis vermiş, 579 manat borc pul vermiş, 150 manat dəyərində “Paradaş” peçi, 80 manat dəyərində pilləkan, 50 manat dəyərində ev üçün soba, 100 manat dəyərində manqal hazırlamış, 30 manat dəyərində divan yastıqları almış, cavabdehlə məhkəmədən kənar həmin əşyaların dəyərinin və borc məbləğlərinin qaytarılması barədə razılaşmış, lakin cavabdeh ona cəmi 430 manat pul vermiş, 1019 manat pulu verməmişdir. İddiaçı onu da bildirmişdir ki, iddia ərizəsində 1019 deyil, səhvən 1076 manat məbləğində pulun cavabdehən alımasını qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı ilə aralarında heyvan alıb saxlamaq üçün razılaşma olmuş, tarixini dəqiq xatırlamadığı vaxtda Qərib adlı şəxsdən 4 baş yanında balası olan keçi almış, pulunu iddiaçı vermiş, nə qədər pul verməsini xatırlamır. Hüseyn Əsgərovdan 2 baş yanında balası olan keçi almış, iddiaçı 340 maat pul vermiş, Bəxtiyar adlı şəxsdən iddiaçı ona dəmir qapı düzəltdiyi üçün 2 baş yanında balası olan keçi vermiş, əlavə olaraq Bəxtiyar adlı şəxs iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ona 1 küvər vermiş, Adıgözəl adlı şəxs iddiaçı ona beçə verdiyi üçün 1 baş çəpiş vermiş, Elşən adlı şəxs iddiaçı ona beçə verdiyi üçün 1 baş küvər vermiş, İlham adlı şəxs iddiaçı ona beçə verdiyi üçün 1 baş küvər vermişdir. İddiaçının onda cəmi 8 baş keçi, 9 baş çəpiş, 3 baş küvəri olmuşdur. Cavabdeh izahatında ona da bildirmişdir ki, heyvanlardan 2 baş keçi ölmüş, 2 baş çəpişi iddiaçı satmış, 1 baş küvəri iddiçının tapşırığı ilə hərbiçlərə vermiş, 1 baş keçini canavar yemiş, 5 keçi, 7 çəpiş, 2 küvər, cəmi 14 baş xırdabuynuzlu heyvan qalmış, 2021ci ilin mart ayında qalan heyvanlardan 7 çəpiş doğulmuş, 2 baş çəpiş ölmüş, 5 baş çəpiş qalmışdır. 2021-ci ilin avqust ayında, 5 keçi, 2 küvər, 12 çəpiş, cəmi 19 baş heyvanı iddiaçıya təhvil vermişdir. İddiaçıya vermək üçün heyvanı yoxdur. Cavabdeh izahatında onu bildirmişdir ki, iddiaçı ona 700 manat dəyərində deyil, 400 manat dəyərində dəmir seyf qapı düzəltmiş, 400 manatı iddiaçıya vermişdir. İddiaçının izahatında bildirdiyi kimi ona 435 manat dəyərində 4 ədəd Uaz təkər almış, 25 manat dəyərində praklatka, jitkis vermiş, 579 manat borc pul almış, 150 manat dəyərində “Paradaş” peçi, 80 manat dəyərində pilləkan, 50 manat dəyərində ev üçün soba, 100 manat dəyərində manqal düzəltmiş, 30 manat dəyərində divan yastıqları almış, ona 1449 manat borcu olmuş, 430 manatı vermiş, 1019 manat borcunun olmasını etiraf edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyində çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının cavabdehdən 9 baş keçi və 18 baş çəpiş və ya onların dəyəri olan 2160 manat pul tələbi ilə bağlı bildirir ki, həmin hissdə iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərlə əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmidir ki, tərəflər arasında şifahi saxlama müqaviləsi bağlanmış, iddiaçı 2020-ci ilin mart ayından müxtəlif şəxslərdən 8 baş keçi, 9 baş çəpiş, 3 baş küvər almış və saxlaması üçün cavabdehə vermişdir. Cavabdeh həmin heyvanları 2021-ci ilin avqust ayınadək saxlamış, heyvanları saxladıqları müddətdə 2 baş keçi ölmüş, 2 baş çəpişi iddiaçı satmış, 1 baş küvəri iddiaçının tapşırığı ilə cavabdeh hərbiçilərə vermiş, 1 baş keçini isə canavar yemişdir. Cavabdeh 2021-ci ildə doğulmuş heyvanlarla birlikdə iddiaçıya cəmin 19 baş heyvanı təhvil vermişdir. İddiaçı izahatında cavabdehdə saxlaması üçün verdiyi və doğulmuş heyvanlarla birlikdə 27 baş heyvanının olduğunu bildirmiş, lakin hazırda cavabdehdə 27 baş heyvanının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh 2021-ci ilin iyul ayında onda iddiaçıya məxsus 19 baş xırdabuynuzlü heyvanın olduğunu, 2021-ci ilin iyul ayında 19 baş heyvanı ona təhvil verdiyini bildirmişdir. Məhkəmə qeyd edilənlərədən belə nəticəyə gəlmişdir ki, cavabdehdə iddiaçıya məxsus olan heyvan qalmamışdır. Məhkəmə gəldiyi nəticəni qeyd edilən maddi hüquq normaları baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 824-cü maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və (və ya) kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Məhkəmə iddiaçının cavabdehə 700 manat dəyərində hazırladığı seyf qapısının pulunun alınması ilə bağlı bildirir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı dəmir seyf qapısını 700 manata hazırladığını, cavabdehin 700 manatdan 200 manatı ona verdiyini, 500 manat borcunun qaldığını bildirmiş, cavabdeh isə iddiaçının qapını 400 manata hazırladığını, 400 manatı iddiaçıya verdiyini bildirmiş, lakin iddiaçıya 400 manat pul verməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsinin bağlanması tərəflərin verdiyi izahatla öz təsdiqini tapır. İddiaçı cavabdehə nisyə 700 manat dəyərində seyf qapı satmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh seyf qapını 400 manata aldığını etiraf etmiş, 400 manatı iddiaçıya verdiyini bildirmiş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia cavabdehin etiraf etdiyi həddə təmin edilməli, 400 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə idiaçının cavabdehdən 4 ədəd Uaz təkərinin dəyəri olan 435 manat, praklatka və jitkisin dəyəri olan 25 manat, 579 manat borc, “Paradaş” peçinin dəyəri olan 150 manat, pilləkanın dəyəri olan 80 manat, ev üçün sobanın dəyəri olan 50 manat, manqalın dəyəri olan 100 manat, divan yastıqlarının dəyəri olan 30 manat tələbi ilə bağlı bildirir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, cavabdeh izahatında iddiaçının qeyd etdiyi əşyaların iddiaçı tərəfindən alındığını, hazırlandığını etiraf etmiş, iddiaçıya 430 manat pul verdiyini, 1019 manat borcunun qaldığını bildirmişdir. İddiaçı iddia ərizəsində 1019 deyil, səhvən 1076 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini qeyd etdiyini bildirmişdir. Beləliklə, göstərilən hallara məcmu halında qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının tələbi 3736 manat məbləğində pul olmuş, iddiaçı 57.36 manat məbləğində dövlət rüsumu ödəməli olmasına baxmayaraq, 60.6 manat, yəni 3.24 manat artıq dövlət rüsumu ödəmişdir. Lakin iddiaçı ödənilmiş 49.60 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənlərdən beçə nəticəyə gəlmişdir ki, artıq ödənilmiş 3.24 manat dövlət büdcəsindən iddiaçıya qaytarılmalı, ödənilmiş 49.60 manat dövlət rüsumunun 18.84 manat hissəsi Cavabdeh alınıb X5 verilməli, 30.8 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı vəkilin göstərdiyi hüquqi yarıma görə çəkdiyi xərcin, 200 manatın Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçının vəkilə göstərdiyi hüquqi yardıma görə ödədiyi məbləğdən 50 manat cavabdehdən alınıb iddiaçıya veriməlidir. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1419 manat məbləğində pul, 50 manat vəkilə ödənilmiş məbləğin əvəzi alınıb X5 verilsin. Ödənilmiş 49.60 manat dövlət rüsumunun 18.84 manat hissəsi Cavabdeh alınıb X5 verilsin, 30.8 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. 3.24 manat artıq ödənilmiş dövlət rüsumu dövlət büdcəsində iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar