Məhkəmə qərarları › İş №2(089)-200/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-200/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-200/2023 18.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul məbləğinin ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 13000 manat borc və 129 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh bacısı ilə Culfa şəhərində qonşudurlar. Cavabdeh bacısına görə tanımışdır. 2017-ci ildə Cavabdeh torpaq almaq üçün ondan 13000 manat borc istəmiş, ona 13000 manat borc pul vermiş, qısa müddətdə qaytaracağını bildirmişdir. Cavabdeh 13000 manat borc pul verməsindən 6 il keçir, lakin bu günədək ona bir manat qaytarmamışdır. Dəfələrlə cavabdehə pulu qaytarmasını bildirmiş, maddi imkanı olmadığından qaytara bilmədiyini, qaytaracağını demiş, hətta üç dəfə borcun etirafı barədə ərizə yazmışdır. Özü xəstədir, müalicə üçün pula ehtiyacı var. Cavabdehdən 13000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də 2017-ci ildə iddiaçıdan müalicəsi üçün 13000 manat borc pul almış, qısa müddətdə qaytaracağını bildirmiş, lakin qaytara bilməmişdir. Pulu iddiaçıdan torpaq almaq üçün almamışdır. Hazırda da borc məbləğini qaytaramağa maddi imkanı yoxdur. Birinci qrup əlildir, 460 manat müavinət alır, borcu hissə-hissə ödəyəcək. İddianı qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. . İş materiallarında olan- 10 sentyabr 2017-ci il tarixli əl yazısı ilə yazılmış sənəddə qeyd edilmişdir ki, “mən Əlisoy Mikayıl 2017-ci ildə İsmayıl əmidən 13000 manat məbləğində pul almışam. Kredit götürüb verə biləcəydim, bank müəyyən səbəblərdən etiraz etdi. İndi xəstəliyimlə bağlı imkan olmadığından mənə möhlət verməyinizi xahiş edirəm. Heç cür imkanım yoxdur, üzrlü sayın”. 23 oktyabr 2021-ci il tarixli əl yazısı ilə yazılmış sənəddə qeyd edilmişdir ki, “mən X3 2017-ci ildə İddiaçı 13000 manat pul almışam. Müəyyən səbəblərdən verə bilmirəm. Banka müraciət etdim, alınmadı. Xahiş edirəm mənə bir az da möhlət verəsiniz. Yazdıqlarımı təsdiq edirəm”. 28 aprel 2023-cü il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, “bildiriəm ki, Culfa şəhər sakini İddiaçı 13000 manat pul borcum var. Həmin pulu qısa müddətdə verəcəyimə söz verirəm. Əks təqdirdə məsuliyyət daşıyacam ”. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13000 manat borc pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 129 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 13000 manat borc və 129 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 13129 (on üç min yüz iyirmi doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar