Məhkəmə qərarları › İş №2(089)-201/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-201/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-201/2023 27.07.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(089)-01/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh 12 may 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 15 avqust 2019-cu il tarixdə ailə qurmuşlar. Ailə qurduqdan sonra 2020-ci ilin yanvar ayınadək cavabdehlə birlikdə Rusiya Federasiyasında yaşamışlar. Cavabdehlə birlikdə yaşadıqları müddətdə münasibətləri yaxşı olmamışdır. Cavabdeh ona qarşı biganə olmuş, tez-tez gecə evə gəlməmiş, onunla maraqlanmamışdır. 2020-ci ilin yanvar ayının 26-da Bakı şəhərinə, fevral ayının 03-də Naxçıvana gəlmişdir. Naxçıvana gəlməsinə səbəb hamilə olması olmuşdur. Cavabdehlə birgə nikahlarından 12 may 2020-ci il tarixdə Rauf adlı uşaqları doğulmuşdur. Cavabdeh onunla, uşaqla maraqlanmamış, bu səbəbdən də Rusiya Federasiyasına qayıtmamışdır. Culfa Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(089)-01/2022 saylı qətnaməsi ilə 12 may 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh hər ay 60 manat aliment ödəyir. Ödənilən alimentlə uşağının ehtiyaclarını qarşılaya bilmir. Özü işləmir, qazancı yoxdur. Uşaq böyüdükcə ehtiyacları da artır, belə olan halda maddi vəziyyəti pisləşir. Cavabdeh Rusiya Federasiyasında yşayır, işləyir, qazancı var, cavadehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. İddianın qismən təmin edilməsini, uşağın saxlanılması üçün 180 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə bildirməmiş, 20 iyul 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsini qismən qəbul etdiyini, hazırda maddi vəziyyətinin yaxşı olmadığını, birinci ailəsindən uşağına da aliment ödədiyini, şəxsi yaşayış evinin olmadığını, qanzancının az olduğunu bildirmiş, uşağın saxlanılması üçün 170-180 manat aliment müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- İ-OT 780706 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında nikah Amur vilayətinin VVAQ idarəsinin Blaqoveşensk şəhər və Blaqoveşensk rayon üzrə VVAQ şöbəsində 03 iyul 2019-cu il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında ********************3 nömrə ilə qeyd edilmişdir. 464381 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 may 2020-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(089)-01/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 12 may 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0 və 443.0.4-cu maddələrinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə işlərə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 446.0 və 446.0.1-ci maddələrinə əsasən əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq səlahiyyətə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 153-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ataananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə, ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə uyğun olaraq aliment alır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiklərini nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Aimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2022-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh uşağın saxlanılması üçün 170-180 manat aliment müəyyən edilməsini, iddiaçı iddianın qismən təmin edilməsini, uşağın saxlanılması üçün 180 manat aliment müəyyən edilməsini xahiş etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması, qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı barədə sübutun təqdim edilməməsi alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin uşağın saxlanılması üçün 170-180 manat aliment müəyyən edilməsini xahiş etməsi, iddiaçının 180 manat aliment müəyyən edilməsini xahiş etməsi nəzərə alınmalı, iddia qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 180 manat aliment alınıb iddiaçıya verilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımıəndan da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmiçşduir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(089)-01/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müntənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 34.4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(089)-01/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 12 may 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 34.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar