Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-206/2021 22.11.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçılar İddiaçı1, X3, F.Qurbanovanın vəkili Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “mənzilə yaşayış və istifadə hüququnun tanınması, mənzilə köçürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və X4 iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh mülkiyyətində olan, Culfa rayonunun Yaycı kəndində Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli mənzilə yaşayış və istifadə hüququnun tanınması, mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 1945-ci ildə doğulmuşdur. 1966-cı ildə Qurbanov Qurbanla ailə qurmuş, altı uşaqları doğulmuşdur. Mübahisəli yaşayış evini mərhum əri və özü nikahda olduqları müddətdə inşa etmiş, təxminən 50 il həmin evdə yaşamışdır. 2019-cu ildə uşaqlarının razılığı ilə mübahisəli evi oğlu Cavabdeh bağşlamışdır. Evi Cavabdeh bağışladıqdan beş ay sonra, təxminən 2019-cu ilin iyun ayında Cavabdeh arvadı evin qapısını bağlamış, onu və qızı Firəngizi evə buraxmamışdır. Həmin vaxtdan Culfa şəhərində kirayə evdə yaşayırlar. Oğlu Cəfərə bağşladığı evdə yaşamaq istəyir, evə köçürülməsini xahiş edir. İddiaçı1 izahatında onu da bildirmişdir ki, qızı Firəngiz 1965-ci ildə doğulmuş, 2006cı ilədək mübahisəli evdə yaşamış, 2006-cı ildə ailə qurmuş, 2016-cı ildə əri ilə aralarında olan nikah pozulmuşdur. Firəngiz 2016-cı ildən mübahisəli evdə yaşamış, 2019-cu ilin iyun ayından onunla birlikdə kirayə evdə yaşayır. 22 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı X3 iddiasını mürafiə etmiş, izahatında bildirmişdir ki, 1965-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, atası Qurbanov Qurban, anası İddiaçı1dır. 2006-cı ilədək hazırda cavabdehin mülkiyyətində olan, anası İddiaçı1 mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildə ailə qurmuş, 2016-cı ilədək ərinə məxsus evdə yaşamışdır. 2016-cı ildə əri ilə aralarında olan nikah pozulmuş, anasına məxsus, mübahisəli evə köçmüş, 2019-cu ilin iyun ayınadək anası, cavabdeh və cavabdehin ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı X3 izahatında onu da bildirmişdir ki, 2019-cu ilin yanvar ayında onun, digər qardaş və bacılarının razılığı ilə anası Zəhra mülkiyyətində olan, mübahisəli yaşayış evini qardaşı Cavabdeh bağışlamışdır. Yaşayış evi cavabdehə bağışlandıqdan sonra onun, anası Zəhranın və cavabdehin arvadı arasında müxtəlif səbəblərdən narazılıqlar yaranmağa başlamış, 2019-cu ilin may ayında anası və özü ayrılmış, təxminən bir ay bir evdə cavabdeh və ailəsindən ayrı yaşamışlar. Özü işlədiyindən hər gün Culfa şəhərinə işə getmiş, anası evdə tək olaraq əziyyət çəkmiş, məcbur qalaraq Culfa şəhərində kirayə ev tutmuş və anası ilə kirayə evə köçmüşlər. 2019-cu ilin may ayının sonundan anası ilə kirayə evdə yaşayır. Cavabdehin mülkiyyətində olan, anası tərəfindən cavabdehə bağışlanmış, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq istəyir, lakin cavabdeh, cavabdehin arvadı həmin evdə yaşamasına mane olur, hətta evdə olan əşyalarını götürməsini tələb edir. İddiaçı X3 izahatına onu da əlavə etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onu cavabdeh məcburi qaydada çıxarmamış, cavabdehin arvadı həmin evdə yaşamasına mane olmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh İddiaçı1 iddiasını qəbul etmiş, F.Qurbanovanın iddiasını qəbul etməmiş, izahatında bildirmişdir ki, 1970-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, atası Qurbanov Qurban, anası İddiaçı1dır. Doğulduğu gündən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. 21 yanvar 2019-cu il tarixdə qardaş və bacılarının razılığı ilə anası Zəhra Yaycı kəndində, H.Abdullayev küçəsi 23 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışlamış, yaşayış evi hazırda da onun mülkiyyətindədir. Cavabdeh izahatında onu da bildirmişdir ki, bacısı Firəngiz 2006-cı ilədək mübahisəli evdə yaşamış, 2006-cı ildə ailə qurmuş, 2016-cı ilədək ərinə məxsus evdə yaşamışdır. 2016-cı ildə əri ilə aralarında olan nikah pozulmuş, anasına məxsus, mübahisəli evə köçmüş, 2019-cu ilin may ayınadək həmin evdə yaşamışdır. Anasını, Firəngizi kimsə evdən çıxarmamış, evdən çıxmalarına məcbur etməmişdir. İddiaçı F.Qurbanova Culfa şəhərində işlədiyindən kirayə ev tutmuş, orada yaşamış, anası Zəhra Firəngizin tək yaşamaması üçün onunla birlikdə yaşayır. Anası Zəhranın onunla birlikdə yaşamasına heç vaxt etiraz etməmiş, istədiyi zaman geri qayıda, onunla birlikdə yaşaya bilər. Bacısı F.Qurbanova ilə birlikdə yaşamaları mümkün deyil. Ona görə ki, F.Qurbanova onun ailə üzvləri ilə yola getmir, evdə narazılıqlar olur. Anası İddiaçı1 münasibətdə iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı F.Qurbanovanın vəkili Vəkil iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, X3 1965-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, 2006-cı ilədək hazırda cavabdehin mülkiyyətində olan, anası İddiaçı1 mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, 2006-cı ildə ailə qurmuş, 2016-cı ilədək ərinə məxsus evdə yaşamışdır. 2016-cı ildə əri ilə aralarında olan nikah pozulmuş, anasına məxsus, mübahisəli evə köçmüş, 2019-cu ilin fevral ayından anasına, 2019-cu ilin fevral ayından 2019-cu ilin may ayının sonunadək cavabdehə məxsus evdə yaşamışdır. İddiaçı F.Qurbanovanın ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquq olmuşdur ki, mülkiyyətçinin dəyişməsi də iddiaçının həmin hüququna xitam verilməsinə səbəb olmur. Həmçinin F.Qurbanovanın mülkiyyətində yaşayış evi yoxdur. Odur ki, F.Qurbanova ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İş materiallarına əlavə edilmiş- Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Culfa rayon Yaycı kəndində 0.0809 ha torpaq sahəsi və 105.41 kv.m sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində**********27-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. 15 noyabr 2018-ci il tarixdə tərtib edilmiş 3797 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Culfa rayon Dövlət notariat kontorunun 17 dekabr 2018-ci il tarixli, 2V-138 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Culfa rayonunun Yaycı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və X3 evə yaşayış və istifadə hüququnun tanınmasını tələb etsə də, bu tələb istifadə hüququnun verilməsi kimi qəbul olunmalıdır. Ona görə ki, qanunvericilik “yaşayış hüququ” adında subyektiv hüquq müəyyən etməmişdir. Məhkəmə iddiaçıların, cavabdehin, iddiaçı F.Qurbanovanın vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı1 iddiası əsaslı olduğundan təmin edilməli, Culfa rayonun Yaycı kəndində, Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olduğundan, həmin yaşayış evinə köçürülməli, iddiaçı X1 iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə İddiaçı1 iddiasına münasibətdə bildirir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatından, iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı1 Culfa rayonun Yaycı kəndində, Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evində yaşamış, 17 dekabr 2018-ci il tarixdə vərəsəlik hüququ əsasında mübahisəli yaşayış evinə mülkiyyət hüququ əldə etmiş, 21 yanvar 2019-cu il tarixdə mülkiyyət hüququndan istifadə etməklə mübahisəli yaşayış evini oğlu, Cavabdeh bağışlamış, 2019cu ilin may ayının sonunadək mülkiyyətçi Cavabdeh ailə üzvü kimi həmin evdə yaşamağa davam etmiş, 2019-cu ilin sonunda cavabdehin arvadı ilə aralarında olan narazılıq səbəbindən evdən çıxmış və qızı F.Qurbanova ilə birlikdə Culfa şəhərində kirayə evdə yaşamışdır. Qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2019-cu ildə yarandığından, mübahisənin həlli ilə bağlı 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq olunmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Ailə Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin məzmunundan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdehnın ailə üzvü olmaqla, onun mülkiyyətində olan, Culfa rayonun Yaycı kəndində, Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evindən istifadə hüququ vardır ki, həmin yaşayış evindən də mülkiyyətçi ilə birlikdə istifadə etməlidir. Həmçinin o da nəzərə alınmalıdır ki, İddiaçı1 müvəqqəti olaraq kirayə evdə yaşaması ilə cavabdehlə aralarında olan ailə münasibətlərinə xitam verilməmişdir. Məhkəmə iddiaçı F.Qurbanovannın tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı F.Qurbanova 1965-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, 2006-cı ilədək hazırda cavabdehin mülkiyyətində olan, anası İddiaçı1 mülkiyyətində olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildə ailə qurmuş, ər evinə köçmüş, 2016-cı ildə boşanmış və mübahisəli evə qayıtmış, həmin evdə 2019-cu ilin may ayınadək yaşamış və kirayə evə köçmüşdür. Həmçinin F.Qurbanovanın izahatından o da müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 tərəfindən Cavabdeh bağışlanarkən F.Qurbanova razılıq ərizəsi vermiş, bununla da mübahisəli mənzillə bağlı olan hüquqlarında imtina etmişdir. F.Qurbanov və Cavabdeh arasında hüquq münasibətləri 2019-cu ildə yarandığından, F.Qurbanova və Cavabdeh arasında yaranmış mübahisənin həlli ilə bağlı da 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin bacısı olan F.Qurbanov cavabdehin ailə üzvü olmadığından, onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik deyil. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, F.Qurbanova və Cavabdeh bir evdə yaşaması da mümkün deyil. Məhkəmə iddia tələbi ilə bağlı nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərdiyi hüquqi mövqeyi baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi sözügedən qararında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 iddiası əsaslı olduğundan təmin edilməli, Culfa rayonun Yaycı kəndində, Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olduğundan, həmin yaşayış evinə köçürülməli, iddiaçı X1 iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülməsi tələbinı dair iddiası təmin edilsin. İddiaçı1 Cavabdeh mülkiyyətində olan Culfa rayonunun Yaycı kəndində Həsən Abdullayev küçəsində yerləşən 23 nömrəli mənzildən istifadə hüququ olduğundan, həmin mənzilə köçürülsün. X1 Cavabdeh qarşı “mənzilə yaşayış və istifadə hüququnun tanınması, mənzilə köçürülməsi” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-206/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-206/2021
22.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver