Məhkəmə qərarları › İş №2(089)-22/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-22/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-22/2024 12.01.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 9500 manat məbləğində borcun və ödənilmiş 115 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh 9500 manat borc pul vermiş, bu barədə aralarında 11 noyabr 2014-cü il tarixdə Naxçıvan şəhər 3-saylı dövlət notariat kontorunda “borc müqaviləsi” bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh 9500 manat məbləğində borc pulu 5 il müddətinə ona qaytaracağı barədə öhdəlik götürmüş, lakin 9500 manat borcu 5 il müddətində, yəni 11 noyabr 2019-cu il tarixədək qaytarmamış, ümumiyyətlə cavabdeh 9 il müddətində ona bir manat pul verməmişdir. 11 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı verilmiş suala cavab olaraq bildirmişdir ki, cavabdeh borc məbləğindən 2020-ci ilin iyun ayında ona 100 manat, avqust ayında 35 manat, dekabr ayında isə 60 manat pul ödəmiş, 12 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə bildirmişdir ki, cavabdeh ona 17 avqust 2020-ci il tarixdə 65 manat, 26 avqust 2020-ci il tarixdə 35 manat, 04 sentyabr 2020-ci il tarixdə 40 manat, 30 sentyabr 2020-ci il tarixdə 140 manat, 01 oktyabr 2020-ci il tarixdə 60 manat, 31 oktyabr 2020-ci il tarixdə 120 manat, 01 noyabr 2020-ci il tarixdə 50 manat, 03 noyabr 2020-ci il tarixdə 30 manat, 15 noyabr 2020-ci il tarixdə 100 manat pul ödəmiş, buna baxmayaraq unutduğundan iddia ərizəsində ödənilmiş məbləğləri ümumi məbləğdən çıxmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsində bildirmişdir ki, İddiaçı ondan 9500 manat borc pulun və 115 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərilən müqavilə üzrə iddia müddəti keçmişdir. İddiaçı ilə aralarında olan borc müqaviləsi xx.xx.2014-cü il tarixdə Naxçıvan Şəhər 3-cü Dövlət Notariat Kontorunda bağlanmışdır. Hazırda Bakı şəhərində yaşayır, məhkəmə iclaslarında iştirak etməyə imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və 376-cı maddələrinə əsasən mülki işlə bağlı iddia müddətinin keçməsinin nəzərə alınmasını, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- 11 noyabr 2014-cü il tarixli borc müqaviləsindən müəyyən olunur ki, borcverən İddiaçı borc alan Cavabdeh 9500 manat borc vermiş, Cavabdeh borc məbləğini qəbul etmiş, 9500 manatı 5 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh İddiaçı 9500 manat məbləğində borc götürmüş və borc götürən zaman imzaladığı borc müqaviləsinə əsasən həmin məbləği 5 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Mülki işin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 11 noyabr 2014-cü il tarixdə borc müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh beş il müddətinə qaytarmaq şərti 9500 manat məbləğində borc pul vermişdir. İddiaçı iddia ərizəsində, 25 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehdən 9500 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 11 yanvar 2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin 2020-ci ilin iyun ayında ona 100 manat, avqust ayında 35 manat, dekabr ayında isə 60 manat pul ödədiyini, 12 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdehin ona 17 avqust 2020-ci il tarixdə 65 manat, 26 avqust 2020-ci il tarixdə 35 manat, 04 sentyabr 2020-ci il tarixdə 40 manat, 30 sentyabr 2020-ci il tarixdə 140 manat, 01 oktyabr 2020-ci il tarixdə 60 manat, 31 oktyabr 2020-ci il tarixdə 120 manat, 01 noyabr 2020-ci il tarixdə 50 manat, 03 noyabr 2020-ci il tarixdə 30 manat, 15 noyabr 2020-ci il tarixdə 100 manat pul ödədiyini, unutduğundan ödənilmiş məbləğləri ümumi məbləğdən çıxmadığını bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət etmiş, iddia müddətinin tətbiq edilməsini, İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia müddəti tətbiq edilməli İddiaçı Cavabdeh qarşı pul tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borcun hansı qaydada ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə iddiaçının subyektiv hüququ pozulmuşdur. Tərəflər arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli borc müqaviləsində müqavilənin qüvvədə olma müddəti, borcun qaytarılması müddəti müəyyən edilmişdir. Göstərilən müddət müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, borc müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, borcun verilməsi müddəti isə borcun alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə borc müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, borc müddəti borc müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, borc münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Borc müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Yuxarıda qeyd edilmiş maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından məhkəmə belə nəticəyə gəlir ki, borc müqaviləsi müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Borc müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli borc müqaviləsinin 3-cü maddəsində borc məbləğindən istifadə müddəti 5 il, yəni 11 noyabr 2019-cu il müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində, 25 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin 9 il ərzində borc məbləğindən ödəmədiyini bildirsə də, 11 yanvar və 12 yanvar 2024-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə borc məbləğindən ödəməsini bildirməsini əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə icra müddəti bitdikdən 4 il sonra Cavabdeh qarşı borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 115 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar