Məhkəmə qərarları › İş №2(089)-220/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-220/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-220/2021 07.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma, fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin Culfa filialına məxsus Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.2 kv.m olan 6 nömrəli fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeyd edilən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, İddiaçı ASC 11 may 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.2 kv.m olan 6 nömrəli fərdi yaşayış evini almış, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 24 may 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışı ilə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin hazırda cavabdehlərin İddiaçı ASC-nə məxsus fərdi yaşayış evində yaşaması və qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir, bankın mülkiyyətində olan yaşayış evi üzərində sərbəst sərəncam vermək hüququ pozulur. Bu səbəbdən də cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə olan hüquqları itirilmiş hesab edilməli, qeydiyyatdan çıxarılmalı və fərdi yaşayış evi tamamilə boşaldılmalıdır. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvebsiyasının 1 saylı Protokolu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmiş, ailə üzvləri ilə birlikdə İddiaçı ASC-nin mülkiyyətində olan Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.2 kv.m olan 6 nömrəli fərdi yaşayış evində yaşadıqlarını bildirmiş, qanuni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə...işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 24 may 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, həqiqətən Culfa şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 6 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin Culfa filialının adına daşınmaz əmlakın dövlət reyestrində 20/1 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində qeydiyyata alınmışdır. Culfa şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli, 754 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı ASC-yə məxsus Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış,31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 pasport qeydiyyatındadır. İş materiallarında olan Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2015-ci il tarixli, 2-2(087)-16/2015 nömrəli qətnaməsindən görünür ki, mübahisəli Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış,31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olmuş, X2 102403.33 manat kredit borcunun ödənilməsi üçün boşaldılması və açıq hərracda satılması qət edilmişdir. Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə 11 may 2017-ci il tarixli Protokoldan aydın olur ki, sifarişçi (satıcı) Culfa Rayon İcra Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Verilmiş 08 iyun 2015-ci il tarixli 2-2(087)-16/2015 saylı icra sənədi və İddiaçı ASC-nin Naxçıvan MR İdarəsinin 05 aprel 2017-ci il tarixli, 27 nömrəli məktubu əsasında Naxçıvan MR Auksion Mərkəzində keçirilən hərracın qalibi İddiaçı ASC Culfa filialı olmaqla Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış,31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evini 22440 manata alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2015-ci il tarixli, 2-2(087)-16/2015 saylı qətnaməsi ilə cavabdeh X2 17 may 2011-ci il tarixli, 166 nömrəli, 28 dekabr 2011-ci il tarixli 169 nömrəli kredit müqavilələri üzrə cəmi 102403.33 manat məbləğində kredit borcunun alınması, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətində olan Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış,31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması, açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qərara alınmış, Naxçıvan MR Auksion Mərkəzində keçirilən hərracın qalibi İddiaçı ASC Culfa filialı Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış,31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evini 22440 manata almış, Culfa şəhəri, Hüseyn Cavid küçəsi ev 6 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin Culfa filialının adına daşınmaz əmlakın dövlət reyestrində 20/1 nömrəli reyestr kitabının 150 nömrəli vərəqində 24 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından, cavabdehin izahatından müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxmamış, həmin evdə yaşayırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququnu bu Məcəllə, digər qanunlar müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Maddənin əsas dispozitiv şərtindən də göründüyü kimi, qanunverici mənzilin ipoteka qoyulmasına, dolayısı ilə yaşayış sahəsini tərk edəcəyinə öz razılığını bildirmiş şəxslərin mülkiyyətçi tərəfindən müəyyən edilmiş müddət ərzində yaşayış sahəsini boşaltmayacaqları təqdirdə onların yaşayış sahəsindən çıxarılmaları üçün mülkiyyətçiyə üstünlük hüququ verilmişdir. Başqa sözlə, əgər keçmiş istifadəçi yaşayış sahəsini dolayı yolla özgəninkiləşdirməyə razılıq vermişdirsə, onda hərracın nəticələri üzrə alqı-satqı müqaviləsinin bağlanmasından sonra onun yaşayış sahəsinə hüququnun saxlanılmasından söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Culfa şəhəri, H.Cavid küçəsində 0.0809 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.56 kv.m yaşayış, 31.68 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi 24 may 2019-cu il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında iddiaçının mülkiyyətinə keçmiş, keçən müddət ərzində isə cavabdehlər iddiaçının mülkiyyətində olan həmin evdən çıxarılmamışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1 bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci bəndində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunlar və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquqi-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqları sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İpoteka haqqında Azərbaycan respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxmamaları mənzilin mülkiyyətçisi olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, cavabdehlər isə iddia tələbinə qarşı məhkəməyə hər hansı bir etiraz təqdim etməmişlər.. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 75,2 kv.m olan 6 saylı fərdi yaşayış edindən çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və mülkiyyətçi İddiaçı ASC-nin Culfa filialına təhvil verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeyd edilən mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216, 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Culfa filialına məxsus Culfa şəhəri, Hüseyn Cavid küçəsində yerləşən, ümumi sahəsi 75,2 kv.m. olan 6 saylı fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi tamamilə boşaldılsın və mülkiyyətçi İddiaçı ASC-nin Culfa filialı təhvil verilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Culfa şəhəri, Hüseyn Cavid küçəsində yerləşən 6 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar