Məhkəmə qərarları › İş №2(089)-223/2020

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-223/2020

28.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-223/2020 28.12.2020 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında borcun tutulması tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx” MMC-nin nümayəndəsi Həsən İsrafilzadə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16587 olan Samsung galaxy A10 markalı telefon üçün 345 manat ödənilməmiş hissə, 34 manat cərimə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14490 olan Samsung galaxy A10 markalı telefon, X1, case A10 Flowers Blue, X2 4 ədəd aksesuar üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 676 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 706 manatın Cavabdeh alınaraq "xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx” MMC-nin baş direktoru H.İsrafilzadə iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli müqavilələr imzalanmış, o, "xxxx” MMC-dən İMEİ kodu **********16587 və **********14490 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon və X1, case A10 Flowers Blue, X2 4 ədəd aksesuar almış, nəticədə 676 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 207 manatdır. Ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli, 00823900 nömrəli müqavilədən görünür ki, “xxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdehə İMEİ kodu **********16587 olan Samsung galaxy A10 markalı telefon satılmışdır. xx xxxxxx 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 462 manat, ödəniş müddəti 20 ay, aylıq ödəniş 23 manat müəyyən edilmiş, əsas borcdan ödənilmiş məbləğ 117 manat, ödənilməmiş məbləğ 345 manat, cərimə 34 manat, ümumilikdə ödənilməmiş məbləğ 379 manat təşkil edir. xx xxxxxxxx 2019-cu il tarixli, 00902398 nömrəli müqavilədən görünür ki, “xxxx” MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********14490 olan Samsung galaxy A10 markalı, X1, case A10 Flowers Blue, X2 4 ədəd aksesuar satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə alqı-satqı qiyməti 360 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 30 manat müəyyən edilmiş əsas borcda ödənilmiş məbləğ 90 manat, ödənilməmiş məbləğ 270 manat, cərimə 27 manat, ümumilikdə ödənilməmiş məbləğ 297 manat təşkil edir. Cavabdeh “xxxx” MMC-yə olan borcu vaxtında ödəmədiyi üçün xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli **********52 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, "xxxx” MMC və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli müqavilələr üzrə cavabdehin “xxxx” MMC-nə ümumilikdə 676 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1- ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi İddia təmin edilsin. Cavabdeh ümumilikdə 676 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 706 (yeddi yüz altı) manat alınaraq “xxxx” MMC-in xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar