Məhkəmə qərarları › İş №2(089)-234/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-234/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-234/2025 01.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 4285 manat və məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 62.85 manat olmaqla, ümumilikdə 4347.85 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində elektrik avadanlıqlarının satışı işi ilə məşğul olur. Cavabdeh2 ilk dəfə 2025-ci ilin yanvar ayında onun tükanına gəlmiş, 29 yanvar 2025-ci il tarixdə Samsung Tozsoranını 180 manata, 30 yanvar 2025-ci il tarixdə TOSHİBA (9 kq) paltaryuyan maşınını 1200 manata, 04 fevral 2025-ci il tarixdə TOSHİBA 43 markalı televizoru 820 manata, 30 yanvar 2025-ci il tarixdə ВЕKО (8 kq) markalı paltaryuyan maşınını 1200 manata, 09 mart 2025-ci il tarixdə ВEKO (8 kq) markalı paltaryuyan maşınını 1200 manata, 12 mart 2025-ci il tarixdə Samsung Tozsoranını 180 manata almış və aparmışlar. Cavabdeh2 atası Cavabdeh1 pensiya kartını ona verəcəyini, hər ay aylıq ödənişi o kartdan çəkəcəyini, qalan məbləği də onlara göndərməyini bildirmişdir. Razılaşmaya əsasən borc 10-12 ay müddətində ödənməli idi, lakin cavabdehlər borclarını ödəməmişdir. İndiyədək 495 manat ödəmişlər, qalan 4285 manat borc ödənməmişdir. Dəfələrlə cavabdehlərlə telefon vasitəsilə əlaqə saxlamış, lakin onlar borclarını ödəməkdən yayınmışlar. Cavabdehlərin ona olan borcunu ödəməməsi səbəbindən banka olan borcunu ödəməkdə çətinlik çəkir. İddianın təmin edilməsini, cavabdehlərdən 4285 manat məbləğində borc və 62.85 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı bundan əvvəl görməmişdir, tanımır. Bir dəfə paltartyuyan almaq üçün telefon vasitəsilə danışmışdır. Oğlu Cavabdeh2 borcunu ödəməsi üçün 500 manat məbləğində pul vermişdir. Lakin, oğlunun bu qədər borcu olduğundan xəbəri olmamış, borcla əlaqəsi olmamışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmiş, izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı qeyd edilən avadanlıqları satın almış, borcunu ödəməmişdir. İddiaçının qeyd etdiyi məbləğdə borcu var. Lakin, atasının borcla əlaqəsi yoxdur, borc onundur. Həmin dövrdə övladının ayağı qırılmış, mil qoyulması üçün İddiaçı aldığı avadanlıqları satmışdır. Borcunu danmır. İşləmədiyi üçün borcu ödəyə bilməmişdir. İddianı qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan- “Vhatsapp” sosial şəbəkəsindəki yazışmalardan görünür ki, Cavabdeh2 4285 manat məbləğində borcu olduğunu qəbul etmiş, işləyib borcunu ödəyəcəyini bildirmişdir. 8251342 nömrəli arayışdan görünür ki, Bağırov X2 şəhəri, Əliabad qəsəbəsi, döngə 14, ev 37A ünvanında qeydiyyatdadır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin İddiaçı ünvanladığı 27 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının, cavabdehlərin izahatını dinləyib, cavabdehlərin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh1 İddiaçı sadəcə 1 ədəd paltaryuyan aldığını, 500 manat pulu borcunu ödəməsi üçün oğlu Cavabdeh2 verdiyi ilə bağlı ərizə təqdim etmiş. Cavabdeh2 isə iddianı qəbul etdiyi, etiraf etdiyi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın Cavabdeh2 tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı iddiası təmin edilməməlidir. Tələbin yönəldiyi digər Cavabdeh1 iddiaçının tələbi ilə bağlı öhdəlik daşımır, iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, iddiaçı tərəfindən təqdim edilən qanuni tələblərə cavab verməyən müqavilədə adı qeyd edilsə də, məhkəmə iclasındakı izahatında Cavabdeh1 sadəcə bir ədəd tozsoran aldığını, 500 manat pulu da borcu ödəməsi üçün oğluna verdiyini bildirmiş, həmçinin Cavabdeh2 da atası Cavabdeh1 borcla əlaqəsi olmadığını, borcun ona aid olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4285 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 62.85 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4285 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 62.85 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi:Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar