Məhkəmə qərarları › İş №2(089)-237/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-237/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-237/2023 26.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 986 manat məbləğində əsas borcun, 1000 manat məbləğində əldən çıxmış faydaya görə pulun, 1000 manat məbləğində mənəvi ziyana görə pulun və 50 manat dövlət rüsumunun, cəmi 3036 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Abşeron tikinti materilları mağazasını icarə əsasında işlədir. Cavabdeh 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayına kimi 1668 manat dəyərində tikinti materiallarını hissə-hissə ödəmək şərtilə mağazadan götürmüşdür. 1668 manat məbləğində borcdan 700 manatı ödəmiş, 968 manat məbləğində pulu hazırki tarixə kimi ödəməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, 968 manat borc məbləğini ödəməmişdir. 28 mart 2022-ci il tarixdə ərizə ilə Abşeron rayon Pİ-nə müraciət etmiş, Pİ-də ərizəsi ilə bağlı araşdırma aparılmış, Cavabdeh borcu etiraf etmişdir. Belə ki, o, izahatında 968 manat məbləğində borcu 10 avqust 2022-ci il tarixə kimi ödəməyi öhdəsinə götürsə də, yenidən müxtəlif bəhanələr gətirmiş, pulu ödəməkdən imtina etmişdir. Abşeron rayon Pİ-də aparılmış araşdırma zamanı göstərilən məsələnin mülki mübahisə olması müəyyən olunmuş və məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Cavabdeh tərəfindən 968 manat məbləğində pulun vaxtında qaytarılmaması nəticəsində, mülki dövriyyə ilə real əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş və nəticə etibarilə kifayət qədər zərər görmüşdür. Hesab edir ki, 1000 manat məbləğində əldən çıxmış faydaya görə pul məbləği cavabdehdən tutulmalıdır. Həmçinin uzun müddətdir cavabdehlə konflikt vəziyyətdə olması səbəbindən sağlamlığında ciddi problemlər yaranmışdır. Belə ki, C.Abdullayev adına Kardiologiya institutunda 21 iyun 2022-ci il tarixdə aparılmış müayinə zamanı miokardit, sol mədəciyin çatışmazığı, EF=20% simptomları aşkar edilmişdir. Qeyd olunan zərər vurma nəticəsində mənəvi iztirablar çəkmiş, bu hadisələr nəticəsində ona mənəvi zərər dəyib. Nəticə etibarilə ona dəymiş mənəvi ziyanın 1000 manat məbləğində olduğunu hesab edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada mlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, 02 sentyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, sübutları məhkəməyə təqdim etdiyini, səhhətində olan problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada mlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş, 26 sentyabr 2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət etmiş, İddiaçı 986 manat borcunun olduğunu bildirmiş, iddianı həmin hissədə etiraf etdiyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutu publik hüquqi şəxsi tərəfindən verilmiş 117 nömrəli, 21 iyun 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı institutun klinikasında 01 iyun 2022-ci il tarixdən həm stasionar, həm də ambulator şəhaitdə müalicə olunmuşdur. Diaqnoz miokardit, sol mədəcik çatışmazlığı, EF=20%. Cavabdeh tərəfindən 30 mart 2022-ci il tarixdə Abşeron Rayon Pİ-nin rəisinə verdiyi izahatında qeyd etmişdir ki, “... bildirirəm ki, mənim İddiaçı hal-hazırda işlətdiyi dükanın 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayınadək 1668 manat dəyərində tikinti materiallarını hissə-hissə götürmüşəm, 700 manat indiyədək ona pul qaytarmışam, 968 manat isə ona borcluyam. Mən söz verirəm ki, 10 aprel 2022-ci il tarixədək İddiaçı pulunu ona tam şəkildə ödəyəcəyəm”. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə iddia ərizəsinin xahiş edirəm hissəsində, cavabdehin məhkəməyə göndərdiyi teleqramda borcun 986 manat qeyd edilməsi ilə bağlı bildiri ki, borc məbləği istər iddia ərizəsində, istərsə də teleqramda səhvən 986 manat kimi qeyd edilmişdir. Cavabdehin iddiaçıya 968 manat pul ödəməli olması təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Hazırkı iş üzrə iddiaçı 968 manat pul tələbi ilə bağlı istinad etdiyi halların əsası olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sübutlardan, cavabdehin məhkəməyə göndərdiyi teleqramdan cavabdehin iddiaçıya 968 manat borcunun olması sübut olunur. Cavabdeh iddiaçıya 968 manat borcunun olmasını etiraf edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, izahatda cavabdeh iddiaçıya 968 manat borcunun olmasını, iddiaçı isə izahatında, iddia ərizəsinin əsaslandırma hissəsində, məhkəməyə ünvanladığı 04 avqust 2023-cü il tarixli, 02 sentyabr 2023-cü il tarixli ərizələrində cavabdehin ona 968 manat borcunun olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın həmin hissədə mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Məhkəmə iddiaçının 1000 manat məbləğində əldən çıxmış faydaya görə pul tələbi ilə bağlı bildirir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehdən əldən çıxmış fayda ilə bağlı 1000 manat tələbini Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə istinad etməklə cavabdehin 968 manat pul məbləğini zamanında qaytarmaması səbəbindən əldə edə biləcəyi gəlirlərdən məhrum olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının cavabdehdən əldən çıxmış fayda ilə bağlı 1000 manat tələbi barədə gəldiyi nəticə ilə bağlı bildirir ki, iddiaçı 968 manat məbləğində pulun vaxtında qaytarılmaması nəticəsində mülki dövriyyə ilə real əldə edə biləcəyi gəlirdən məhrum olduğunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı Cavabdeh 1000 manat məbləğində mənəvi zərər tələbinə gəldikdə, məhkəmə belə hesab edir ki, həmin hissədə də iddia əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsin 1000 manat mənəvi zərərin cavabdehdən alınıb ona verilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona 1000 manat məbləğində mənəvi ziyan vurmuş, cavabdehin hərəkətləri nəticəsində, yəni cavabdehlə uzun müddət konflikt vəziyyətində olması sağlamlığında ciddi problemlər yaratmış, C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş, ona “miokardit, sol mədəcik çatışmazlığı, EF=20%” diaqnozu qoyulmuşdur. Qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmiş, bu hadisələr nəticəsində ona mənəvi zərər dəymiş, ümumilikdə cavabdehin ona vurduğu ziyanı 1000 manatla qiymətləndirmişdir. Məhkəmə göstərilənlərdən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması öz təsdiqini tapmır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı nəticəyə gələrkən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarında qeyd edilənləri də nəzərə almışdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə görə Azərbaycan Respublikası MM-in 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və ya mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş veməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin iş materialları ilə iddiaçının fiziki və ya mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi, C.Abdullayev adına Kardiologiya institunda 21 iyun 2022-ci il tarixdə aparılmış müayinə zamanı miokardit, sol mədəciyin çatışmazlığı, EF=20% simptomları aşkar edildiyi barədə arayış onun fiziki və ya mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə 50 manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 16.20 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməli, 33.8 manat hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 968 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin Ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun 16.20 manat hissəsi Cavabdeh alınıb İddiaçı verilsin, 33.8 manat hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə X2 Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar