Məhkəmə qərarları › İş №2(089)-239/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-239/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-239/2025 04.09.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında yerləşən “X3 (Baymak)” magazasından götürdüyü ümumi dəyəri 15511 manat olan kombi və materiallar üçün yaranmış qalıq borc olaraq 14946 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 135 manat olmaqla, ümumilikdə 14946 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Naxçıvan şəhərində yerləşən “X3” Baymak mağazasının sahibkarıdır. Cavabdeh həmin mağazadan ümumi dəyəri 15511 manat olan kombi və materialları nisyə almışdır. Cavabdeh 25 noyabr 2024-cü il tarixədək 700 manat ödəniş etmiş, qalan 14811 manat borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 2025-ci ilin fevral ayına kimi borcunu ödəyəcəyini bildirsə də, bu günədək qalıq borcundan bir qəpik də ödəməmişdir. Cavabdehlə aralarında yazılı müqavilə bağlanmamışdır, şifahi şəkildə malların alğı-satqısı barədə razılaşmışlar. Cavabdeh vəzifəli şəxslərdən birinin evində işlədiyi üçün ona etibar etmişlər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin edilməsini, cavabdehdən 14811 manat borc pulun və dövlət rüsumu olaraq ödədiyi 135 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş emişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “X3” Baymak mağazasında satıcı işləyir. Cavabdeh 2024-cü ilin oktyabr ayında mağazadan kombi, radiatr almışdır. Malları Cavabdeh özü satmışdır. Anar həmin vaxt vəzifəli şəxslərdən birinin evində usta işləyirdi, bu səbəbdən ona etibar etmişlər. Cavabdeh bir neçə dəfə zəng etmiş, o hər dəfə başqa yerdə olduğunu bildirmişdir. Malların ümumi dəyəri 15511 manat təşkil edir. Cavabdehlə müqavilə bağlamamış, şifahi şəkildə razılaşmışlar. Anar 700 manat məbləğində pulu şəxsən ona ödəmiş, telefon danışığında, səs yazılarında qalıq borcunu qısa müddətdə ödəyəcəyini bildirmiş, lakin bu günədək ödəməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 may 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh mağazaya olan bütün borcunu ödəməklə götürdüyü öhdəliyi icra etməsi təklif edilmişdir. 25 oktyabr 2024-cü il, 24 oktyabr 2024-cü il, 20 oktyabr 2024-cü il, 18 oktyabr 2024cü il və 31 oktyabr 2024-cü il tarixli fakturalardan görünür ki, Cavabdeh ümumi dəyəri 15511 manat olan kombi və digər materiallar satılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında şifahi alğı-satqı münasibətləri yaranmışdır. Belə ki, Cavabdeh 2024-cü ilin oktyabr ayında İddiaçı sahibkarı olduğu “X3” Baymak mağazasından kombi və digər materialları 15511 manat dəyərində almış, 700 manat ödəniş etmiş, qalan 14811 manat borcunu ödəməkdən yayınmışdır. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. “X3” Baymak mağazasında satıcı kimi işləyən Şahid1 bir neçə dəfə Cavabdeh ilə telefon vasitəsilə danışmış, o, borcunu 2025-ci ilin fevral ayına kimi ödəyəcəyini bildirmiş, lakin bu günədək borcunu ödəməmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh cəmi 700 manat ödəniş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda qeyd edilən maddi hüquq normalarının məna və mahiyyəti baxımından da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mad. 442). Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Odur ki, cavabdehdən 14811 manat pul məbləği alınıb iddiaçıya ödəməlidir. Belə ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş X4 məhkəmə iclasında tədqiq edilmiş, həmin XYQ-da olan səs yazılarından aydın olmuşdur ki, Cavabdeh borcu olduğunu qəbul etmiş, qalıq borcununun bir hissəsini 20-25 günə, digər hissəsini də 20-25 günə ödəyərək maksimum 2 aya borcunu tamamilə bağlayacağını, həmçinin 2025-ci ilin fevral ayının 25-28-i arası ödəniş edəcəyini bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da qeyd edilənləri təsdiq etmiş, telefon danışıqlarının o və Cavabdeh arasında keçdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının dövlət rüsumu olaraq ödədiyi 135 manat məbləğində pul tələbi ilə bağlı bildirir ki, iddia təmin edildiyindən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14811 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 135 manat məbləğində pul vəsaiti alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar