Məhkəmə qərarları › İş №2(089)-243/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-243/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-243/2023 29.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, Fərzəliyeva günel Həsən qızının iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 4000 manat məbləğində borc pulun, 60 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə orta məhkəbdə bir sinifdə təhsil almışlar. Uzun müddət əlaqələri olmamışdır. Özü 2022-ci ilin noyabr ayınadək Türkiyə Respublikasında yaşamış və işləmişdir. 2022-ci ilin noyabr ayında Türkiyə Respublikasından gəlmiş, üzərində 6000 manat pul olmuşdur. İstifadə etdiyi telefona zəng gəlmiş, zəngə cavab vermiş, cavabdeh olduğunu bilmişdir. Söhbət etdikdən sonra cavabdeh ondan 10000 manat borc pul istəmiş, cavabdehə 4000 manat pul verə biləcəyini bildirmişdir. Cavabdehə 4000 manat borc pul vermiş, cavabdeh pulu 2 ay müddətinə qaytaracağını bildirmişdir. 2 ay keçmiş, cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlamış, borcu qaytaracağını bildirmiş, hərdən bir bəhanə demişdir. Cavabdeh hazırda zənglərinə cavab vermir. Cavabdehin ona 4000 manat borcunun olması vatsap vasitəsilə ona göndərdiyi səs yazısı ilə təsdiqini tapır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iddiaçının izahtını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2022ci ilin noyabr ayında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4000 manat məbləğində borc pul vermiş, cavabdeh borc məbləğini 2 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin borc məbləğini qaytarmadığını bildirsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya 4000 manat borcunun olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısında cavabdehin iddiaçıya 4000 manat borcunun olmasını etiraf etməsi ilə təsdiqini tapır. Məhkəmə iddianı təmin edərkən, aşağıda qeyd edilmiş maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin- 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 4000 manat məbləğində borclandığını aralarında bağlanmış şifahi borc müqaviləsi ilə təsdiq etmiş, həmin pulu 2023-cü ilin fevral ayınadək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya 4000 manat borcunun olmasını təqdim edilmiş səs yazılarında etiraf etməsi iddiaçının cavabdehdən 4000 manat məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vatsap səs yazılarını sübut kimi qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşlar. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 4000 manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilməli olan 60 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat borc pul, 60 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənMehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar