Məhkəmə qərarları › İş №2(089)-246/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-246/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-246/2025 15.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 2450 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 46 manat pulun, ümumilikdə 2496 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 aprel 2025-ci il tarixdə Cavabdeh borc müqaviləsi əsasında 2450 manat borc pul vermişdir. Notarial qaydada aralarında bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 2450 manat borcu hər ay 350 manat ödəməklə qaytaracağını öz öhdəsinə götürmüşdür. Lakin, borc verdiyi gündən bu günədək cavabdeh ona heç bir ödəniş etməmişdir. Dəfələrlə ona olan borcunu qaytarmağını və ya aylıq ödənişini etməsini bildirsə də, hər dəfəsində müxtəlif bəhanələrlə ona olan borcunu ödəməmişdir. Hesab edir ki, cavabdehin ona olan borcunu qaytarmağa niyyəti yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarma gəlmişdir. Hesab edir ki artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 2450 manat borc məbləğinin və 46 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, 08 avqust 2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət etmiş, xidmət yeri dəyişdiyi üçün məhkəmə iclaslarında iştirak edə bilməməyinin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş- 18 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən borc verən (İddiaçı) borc alana (Cavabdeh) 2450 manat məbləğində pulu borc verməyi, borc alan borcu 18 noyabr 2025-ci il tarixinədək borc verənə (aylıq 350 manat ödəməklə) qaytarmağı öhdəsinə götürmüş, tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. 08 iyul 2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 18 aprel 2025-ci il tarixdə İddiaçı və Cavabdeh arasında borc müqaviləsi bağlanmış, borc müqaviləsinin 1-ci maddəsinə əsasən, borc verən borc alana 2450 manat məbləğində pulu borc verməyi, 2-ci maddəsinə əsasən borc alan borcu 18 noyabr 2025-ci il tarixinədək borc verənə (aylıq 350 manat ödəməklə) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, borc müqaviləsi üzrə borcalan X2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, 2450 manat borc məbləğini iddiaçıya qaytarmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı tələbinin sübuta yetdiyi müəyyən olunur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları baxımından qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 742.1-ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh iddiaçıdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh və iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə öz aralarında razılığa gəlmiş əsas borcun hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh isə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmiş, borcun qaytarılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 2450 manat borc alınaraq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 2450 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46 manat alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar