Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-25/2024 06.02.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 9980 manat məbləğində pulun və 119.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Culfa rayonunun Dizə kəndində çoban kimi fəaliyyət göstərir və ailəsini saxlayır. 2013-cü ildən 2020-ci ilə qədər, 7 il Cavabdeh 15 keçisini, həmçinin 6 il 75 heyvanını otarmışdır. Həmin dövrdə bir heyvanın aylıq otarma xərci 2 manat olmuşdur. Cavabdeh 15 keçisini 6 il yəni 74 ay otarmış, bunun müqabilində Cavabdeh ona 2220 manat (15 keçi x 2 manat = 30 manat x 74-ay= 2220) ödəməli olmuşdur. Həmçinin Cavabdeh 75 qoyununu 6 il yəni, 72 ay otarmış bunun müqabilində də Cavabdeh ona 10800 manat pul (75 qoyun x 2 manat=150 manat x 72 ay= 10800 manat) ödəməli olmuşdur. Cavabdeh qeyd edilən müddətlər ərzində heyvanlarının otarılması qarşılığında ona ümumilikdə 2560 manat borc pul və 6 ədəd quzu vermişdir. Həmin quzuların hər birinin yuxarı qiyməti 80 manat olmuş, cəmi 480 manat olmuşdur. Cavabdeh ona ümumilikdə 13020 manat borcu olmuş, 3040 manatı ödəmiş, nəticədə ona 9980 manat borcu qalmışdır. 2023-cü ilin sentyabr ayında Cavabdehla aralarında münasibətlər pozulmuş, onun heyvanlarını otardığı üçün ona olan borcunu ödəməsini istəmiş, ona “sənə pul veməyəcəyəm” demişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır. 15 sentyabr 2013-cü il tarixdən Dizə kənd sakinlərinin, o cümlədən Cavabdeh məxsus 150 baş xırda buynuzlu heyvanı otarmışdır. Cavabdehla aralarında otarma haqqı ilə bağlı razılaşma olmamışdır. Heyvanları səhər aparmış, axşam gətirmişdir. 2014-cü ilin may ayında cavabdehdən 200 manat borc almış, bir ay sonra qaytarmış, 2016-cı ildə ona otarma haqqı olaraq 3 baş quzu vermiş, ona ümumi hesablaşma zamanı 3 baş quzunun qiymətini çıxacağını bildirmiş, aralarında quzunun qiyməti ilə bağlı razılıq olmamışdır. Həmçinin 2017-ci ildə cavabdeh ona 3 baş quzu vermiş, yenə ona ümumi hesablaşma zamanı 3 baş quzunun qiymətini çıxacağını bildirmişdir. Aralarında quzunun qiyməti ilə bağlı razılıq olmamışdır. 2018-ci ilin mart ayında cavabdehdən 1000 manat borc pul almış, ona 10-15 günə borcunu qaytarmasını bildirmişdir. 15 gün müddətində 1000 manatı qaytara bilməmiş, cavabdeh keçmiş daxili işlər nazirinin onun qohumu olduğunu demiş, ona hədə-qorxu gəlmiş, məcbur qalmış 1000 manat kredit götürmüş və borcunu qaytarmışdır. 2018-ci ilin mart ayından sonra cavabdehdən müxtəlif vaxtlarda, ümumilikdə 2560 manat borc pul almış, lakin borcu qaytara bilməmişdir. 2022-ci ilin mart ayında cavabdeh yaşadığı evə gəlmiş onu borcu qaytara bilmədiyindən təhqir etmiş, Dizə kənd sakinlərinə, cavabdehə məxsus heyvanları otarmaqdan imtina etmiş, Gal kəndində kürəkəninə məxsus olan heyvanları otarmışdır. Həmin müddətdə cavabdeh hər gün ona zəng etmiş, pulunu istəmiş, onu təhqir etmişdir. 2023-cü ilin yanvar-aprel aylarında yenidən Dizə kənd sakinlərinə və cavabdehə məxsus olan heyvanları otarmış, lakin cavabdeh ona 2013- 2023-cü illər üzrə heyvanlarını otardığına görə bir manat pul verməmişdir. Cavabdehdən 500 dollar, 210 manat, 1000 manat, müxtəlif vaxtlarda cəmi 2560 manat borc pul almış, 2560 manatdan başqa borclarını qaytarmış, borcu qaytaran zaman cavabdeh ona olan borcunu həmin məbləğlərdən çıxmamışdır. İddiaçı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, cavabdehlə heyvanların otarılması ilə bağlı aralarında yazılı razılaşma olmamış, aralarında şifahi olaraq razılamışlar ki, 150 baş heyvanı otaracaq, hər ay 300 manat pul alacaq. Cavabdeh ona pul verməmiş, lakin borc aldığı pulun qarşılığında cavabdehə məxsus heyvanları otarmış, cavabdeh ona hədə-qorxu gəlmiş, dəfələrlə onu çöldə döymüş, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Cavabdeh ondan 2560 manat borc məbləği üçün faiz istəmiş, məcbur qalmış, 7 il cavabdehə məxsus 15 keçini, 6 il isə 75 heyvanı otarmış, 10 il qorxduğundan cavabdehin barəsində harasa şikayət etməmişdir. 06 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir, 2023-cü ildə cavabdehə məxsus 15 baş keçini bir başı 1.50 manata, 2014-2020-ci illərdə hər il 15 keçini bir başı 2 manata, 2021-2022-ci illərdə hər il 75 heyvanı bir başı 2 manata, 2023-cü ilin yanvar-aprel aylarında hər ay 75 heyvanı bir başı 2 manata otarmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edənədək məhkəməyə ünvaladığı ərizəsində cavabdehin ona 36000 manat borcunun olmasını səhv yazmış, hər dəfə cavabdehdən ona olan borcunu tələb edən zaman cavabdeh ona sonda hesablaşacaqlarını, onu sevindirəcəyini demiş, sonun nə zaman olacağını bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında dinlənilmiş DVD-də olan səs yazısı ona məxsus olmuş, səs yazısında cavabdehə borcunun olmamasını ona görə demişdir ki, həmin vaxt cavabdeh oğlu da orada olmuş, onlardan qorxmuşdur. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır, təsərrüfatla məşğul olur. X1 ona qarşı qaldırdığı iddianı qəbul etmir. İddia əsassız və qərəzlidir. Ona görə ki, 2023-cü ilin sentyabr ayında iddiaçı ona məxsus olan iki baş heyvanı satmış, bu səbədən də aralarında mübahisə olmuş, həmin vaxtdan ondan əsassız olaraq əvvəcə 36000 manat, sonra 15000 manat, sonda isə 9980 manat pul və ya onun müqabilində 15-20 qoyun istəmişdir. Belə ki, 2013-cü ildən 2019-cu ilədək 15 baş heyvanı, 2019-cu ilin sonundan 2023-cü ilin sentyabr ayınadək 70-80 baş heyvanını otarması üçün İddiaçı təhvil vermiş, bu illər ərzində bir heyvanı 1 manat və ya 1.50 manata otarmışdır. Heyvanlarını otardığına görə hər ay iddiaçıya istəyinə uyğun olaraq pul, quzu, bal, pendir vermişdir. Həmçinin cavabdehin bankdan aldığı kirediti ödəmək məqsədi ilə, ona bir neçə dəfə 300 manat, 500 manat pul vermişdir. Həmçinin bir neçə dəfə pul almaq üçün uşaqlarını evinə göndərmiş, pul vermişdir. Həmçinin iddiaçının uşaqlarının toyunda, xəstəsi olanda ona pul vermişdir. 2013-cü ildən 05 sentyabr 2023-cü il tarixədək ona məxsus olan heyvanları otarmış, bu illər ərzində 70-80 baş heyvanı olmuşdur. 2019-cu ildən 2023-cü ilə qədər 2 dəfə 4 ay olmaqla iddiaçı Gal kəndində heyvana getmiş, dəfələrlə işi olmuş, xəstə olmuş, qar yağdığından heyvanları otarmamışdır. İddiaçıya borcu yoxdur. İddiaçının ona 2760 manat pul borcu olmuş, 2023-cü ilin iyun ayında 200 manatı qaytarmış, 2560 manat pul borcu qalmaqdadır. İddiaçıya borcu olduğu halda 200 manatı ona qaytarmasını başa düşə bilmir. Əgər iddiaçıya heyvanlarını otardığına görə haqqı verməmişdirsə, 10 il ərzində iddiaçı hansı səbəbdən şikayət etməmiş və ya ona məxsus olan heyvanları sürüdən ayırmamışdır. Cavabdeh verilmiş sualları cavab olaraq onu da bildirmişdir ki, iddiaçının məhkəməyə ünvanlandığı ərizə əsasında məhkəməyə dəvət edilmiş, yazdığı ərizəsində səhvən heyvanlarını otardığına görə İddiaçı pul vermədiyini yazmışdır. Əsl həqiqətdə isə İddiaçı borcu yoxdur. Dəfələrlə iddiaçıya borc pul vermiş, borcu qaytaran zaman iddiaçıya heyvanları otardığına görə haqqını vermiş, ona borcu qalmamışdır. İddiaçıya faizlə borc pul verməmiş, iddiaçı ona məxsus olan heyvanları faiz qarşılığında otarmamışdır. İddiaçıya hədə-qorxu gəlməmiş, onu çöldə döyməmiş, ailəsinin yanında təhqir etməmiş, Şahid1 Oqtaya faizlə 2100 manat pul verməsini deməmiş, ümumiyyətlə Oqtaya 2100 manat borc pul verməmişdir. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır. 2020-ci ilin noyabr ayında Dövlət tərəfindən ona 10 baş qoyun, 10 baş quzu verilmişdir. Həmin heyvanları Oqtay otarmışdır. Cavabdeh məxsus olan xırdabuynuzlu heyvanları da Oqtayın otarması barədə məlumatı var. X6 heyvanlarını saymasının şahidi olmuş, Sahibin heyvanlarının sayı 80-100 arası olmuşdur. Hərdən Oqtay kənd sakinlərinə məxsus olan heyvanları çölə aparmamış, səbəbini soruşmuş, Sahibin ona pul vermədiyini demişdir. Şahid1 izahatında onu da bildirmişdir ki, 14 yanvar 2023-cü il tarixdə gecə saatlarında Sahibə zəng etmiş, Oqtayın pulunun verməməsinin səbəbini soruşmuş, Sahib Oqtaya 2100 manat faizlə pul verdiyini, heyvanlarını həmin pula otartdığını demişdir. Həmçinin Sahiblə birlikdə heyvan otaran zaman Sahib 02 mart 2023-cü il tarixdə Oqtaya 500 dollar borc pul verdiyini demiş, 08 mart 2023-cü il tarixdə Oqtay Sahibin ona 500 dollar borc verdiyini, borcu istədiyini, bu səbəbdən də faizə pul axtardığını demiş, bu barədə özü Sahibə demiş, Sahib “deyərdi ötüşdürərdim” demişdir. Məhkəmə iclasında iddiaçının təklifi ilə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır. 2009-2016-cı illərdə Oqtayla müxtəlif heyvan sürülərini otarmışlar. Cavabdeh məxsus olan heyvanları İddiaçı otarmışdır. Oqtayla söhbət zamanı Sahibin ona 2013-cü ildən pul vermədiyini bildirmişdir. Şahid F.Rüstəmov izahatında onu da bildirmişdir ki, Oqtayla söhbət zamanı Sahibə məxsus 100-140 baş heyvan otardığını, aralarında borc məsələsi olduğunu, Sahibə borcunun olduğunu, borcunu silmək üçün Sahibə məxsus olan heyvanları otardığını, həmçinin Sahibin Oqtaya faizlə borc pul verdiyini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin təklifi ilə şahid qismində dindirilmiş Şahid3 Əliabbas oğlu izahatında bildirmişdir ki, Culfa rayonunun Dizə kəndində yaşayır, qaynaqçı işləyir. 2017-ci ildə bir mövsüm iribuynuzlu mal otarmışdır. Həmin vaxt həmkəndlisi Oqtay xırdabuynuzlu heyvan otarmışdır. Çöldə təsadüf söhbət zamanı Oqtaya “Sahib mənə səndən yaxındır, mən ondan pul istəyirəm vermir, lakin sənə pul verir” demiş, Oqtay isə ona “Sahib mənim bankımdır, istədiyim vaxt pul götürürəm” demişdir. Şahid3 Əliabbas oğlu izahatında onu da bildirmişdir ki, tarixini dəqiq xatırlamır, Oqtayla yaşadığı evin yaxınlığında qarşılaşmış, ondan hara getməsini soruşmuş, “Banka” getdiyini bildirmişdir. Sahibin Oqtaya faizlə borc pul verməsini eşitməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil1 iddianın əsaslı olduğunu, tələbin tam sübuta yetdiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili Vəkil2 iddianın tamailə əsassız olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin, cavabdehin vəkilinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında 2013-cü ildə şifahi podrat müqaviləsi bağlanmış, iddiaçının bildirdiyinə görə Cavabdeh məxsus 150 baş xırda buynuzlu heyvan otarmış, aralarında otarma haqqı ilə bağlı razılaşma olmamışdır. Heyvanları səhər aparmış, axşam gətirmişdir. 06 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı verilmiş suallara cavab olaraq bildirmişdir, 2013-cü ildə cavabdehə məxsus 15 baş keçini bir başı 1.50 manata, 2014- 2020-ci illərdə hər il 15 keçini bir başı 2 manata, 2021-2022-ci illərdə hər il 75 heyvanı bir başı 2 manata, 2023-cü ilin yanvar-aprel aylarında hər ay 75 heyvanı bir başı 2 manata otarmış, cavabdeh ona otarma haqqı olaraq cəmi 6 baş quzu vermiş, quzuların qiyməti barədə razılaşmaları olmamışdır. Cavabdeh 2013-2023-cü illərdə ona məxsus olan heyvanları otarmasına görə ona bir manat pul verməmiş, pul istəyən vaxt Cavabdeh keçmiş daxili işlər nazirinin onun qohumu olduğunu demiş, ona hədə qorxu gəlmiş, bu səbəbdən də məcbur qalmış Cavabdeh məxsus olan heyvanları otarmışdır. Cavabdeh 2014-cü ilin may ayında 200 manat, 2018-ci ilin mart ayında 1000 manat, 2018-ci ilin mart ayından sonra müxtəlif vaxtlarda, ümumilikdə 2560 manat və tarixini xatırlamadığı vaxtda 500 dollar borc pul almış, 2560 manatdan başqa aldığı borcları qaytarmış, lakin Cavabdeh borcları qaytaran zaman ona olan borclarını borc məbləğlərindən çıxmamış, hər dəfə olan borcunu Cavabdeh tələb edən zaman ona sonda hesablaşacaqlarını, onu sevindirəcəyini demişdir. Məhkəməyə ünvanladığı ərizədə Cavabdeh olan borcunun 36000 manat olmasını səhvən yazmış, Cavabdeh ona 9980 manat borcu var. Məhkəmə araşdırması zamanı Cavabdeh isə bildirmişdir ki, 2013-cü ildən 2019-cu ilədək 15 baş heyvanı, 2019-cu ilin sonundan 2023-cü ilin sentyabr ayınadək 70-80 baş heyvanını otarması üçün İddiaçı təhvil vermiş, bu illər ərzində bir heyvanı 1 manat və ya 1.50 manata otarmışdır. Heyvanlarını otardığına görə hər ay iddiaçıya istəyinə uyğun olaraq pul, quzu, bal, pendir vermişdir. Həmçinin cavabdehin bankdan aldığı kirediti ödəmək məqsədi ilə, ona bir neçə dəfə 300 manat, 500 manat pul vermişdir. Həmçinin bir neçə dəfə pul almaq üçün uşaqlarını evinə göndərmiş, pul vermişdir. Həmçinin iddiaçının uşaqlarının toyunda, xəstəsi olanda ona pul vermişdir. 2013-cü ildən 05 sentyabr 2023-cü il tarixədək ona məxsus olan heyvanları otarmış, bu illər ərzində 70-80 baş arası heyvanı olmuşdur. İddiaçıya borcu yoxdur. İddiaçının ona 2760 manat pul borcu olmuş, 2023-cü ilin iyun ayında 200 manatı qaytarmış, 2560 manat pul borcu qalmaqdadır. İddiaçıya borcu olmuşdursa, o, 200 manatı ona qaytarmamalı idi. Əgər iddiaçıya heyvanlarını otardığına görə haqqı verməmişdirsə, 10 il ərzində iddiaçı ondan şikayət etməli və ya ona məxsus olan heyvanları sürüdən ayırmalı idi. Həmçinin dəfələrlə iddiaçıya borc pul vermiş, borcu qaytaran zaman iddiaçıya heyvanları otardığına görə haqqını vermiş, ona borcu qalmamışdır. İddiaçıya faizlə borc pul verməmiş, iddiaçı ona məxsus olan heyvanları faiz qarşılığında otarmamışdır. İddiaçıya hədə-qorxu gəlməmiş, onu çöldə döyməmiş, ailəsinin yanında təhqir etməmişdir. İddiaçı iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatında heyvanlarını otardığına görə görə cavabdehin ona 9980 manat borcunun olmasını bildirsə də bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələrini sübut kimi qəbul etmir. Belə ki, Şahid1 izahatında Oqtayın Sahibin heyvanlarını otardığına görə ona pul vermədiyini dediyini, Sahibin isə Oqtayın ona məxsus olan heyvanları verdiyi borc pulun faizinə otardığını dediyini bildirmişdir ki, bu hallar da öz təsdiqii tapmamışdır. Həmçinin şahid X4 da izahatında məhs Oqtayın ona Sahibə məxsus olan heyvanları borcunu silmək üçün otardığını, Sahibin ona faizə borc pul verdiyini dediyini bildirmişdir. Həmçinin şahidlər izahatlarında Oqtayın onlara Sahibə məxsus olan 100-140 baş heyvan otardığını dediyini bildirsələr də, iddiçının və cavabdehin izahatlarından müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh məxsus ən çox halda 75 baş heyvan otarmışdır. O da nəzərə alınmalıdır ki, İddiaçı iddia ərizəsində 2013-cü ildən 2020-ci ilə qədər, 7 il Cavabdeh 15 keçisini, həmçinin 6 il 75 heyvanını otardığını, izahatında Cavabdeh məxsus 150 baş xırda buynuzlu heyvan otardığını, verilmiş suallara cavabda isə 2013-cü ildə cavabdehə məxsus 15 baş keçini, 2014-2020-ci illərdə hər il 15 keçini, 2021-2022-ci illərdə hər il 75 heyvanı, 2023-cü ilin yanvar-aprel aylarında hər ay 75 heyvanı otardığını bildirməklə bir-birinə zidd fikirlər bildirmişdir. Məhkəmə iddiaçının, cavabdehin, şahidlərin izahatlarından belə nəticəyə gəlir ki, İddiaçı həqiqətən də Cavabdeh məxsus heyvanları 2013-cü ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək otarmış, Cavabdeh İddiaçı heyvanlarını otardığına görə ödəməli olduğu pul məbləğini bildirdiyi kimi pul, quzu, bal, pendir verməklə ödəmişdir. Məhkəmə iddiaçının cavabdehin onu döyməsini, təhqir etməsini, hədə-qorxu gəlməsini deməsini isə əsassız hesab edir və belə nəticəyə gəlir ki, əgər iddiaçının bildirdikləri baş vermişdisə iddiaçı cavabdehin hərəkətlərinə görə hüquq mühafizə orqanlarına müraciət etməli idi. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı 2013-cü ilin sentyabr ayından Cavabdeh məxsus olan heyvanları otarmış və otarma haqqını almış, İddiaçı borcu yoxdur, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdırıb və aşağıda göstərilən maddi hüquq normalarının məna və mahiyyəti baxımışndan da gəldiyi nəticəni qanuni və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının 119.80 manat məbləğində ödədiyi dövlət qüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-25/2024
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-25/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver