Məhkəmə qərarları › İş №2(089)-251/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-251/2021

24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-251/2021 24.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul borcunun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 5500 manat məbləğində borc pulun və 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, 17 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədə xidmət etdiyi müddətdə yaxın münasibətləri olan iş yoldaşı, Culfa rayonunun Yaycı kəndində yaşayan Fərəcov X2 Respublikasında yaşayan bacısının oğlunun saxlanılması üçün ondan 5500 manat borc pul istəmiş, yaxın münasibətləri olduğundan cavabdehə Naxçıvan şəhərində nəqd şəkildə 5500 manat borc pul vermiş, cavabdehlə hər ay əməkhaqqı alan zaman 1000 manat qaytaracağı barədə razlıaşmışlar. Cavabdeh bir neçə ay ona borc puldan qaytarmamış, ondan pulunu tələb etmişdir. Cavabdeh Gac kabek 5 markalı, ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin onun yaşadığı həyətə gətirmiş, maşını ona təhvil vermiş, ona “arxayın ol, maşını satıb, pulu verəcəyəm” demişdir. Cavabadeh yenə də verdiyi sözə əməl etməmiş, onun telefonuna zənglər etmiş, cavab verməmişdir. Nəqliyyat vasitəsi bir neçə ay onun həyətində qalmışdır. Məcbur qalaraq cavabdehin qardaşına zəng vurmuş, olanlar barədə cavabdehin qardaşına məlumat vermişdir. Cavabdehin qardaşı telefonda ona “o maşın mənimdir, Elvin çox səhv edib ki, maşını borcunun qarşılığı olaraq sizin həyətiniz qoyub. O, sizi aldadır, get ver məhkəməyə pulunu al” demişdir. Elvinlə görüşmüş, qardaşı ilə olan danışdıqlarını ona bildirmiş, cavabdeh “maşını gəlib sizdən aparacağam, hər ay aldığım əmək haqqından 500 manat verəcəyəm” demişdir. Həmin vaxt, yəni 29 sentyabr 2021-ci il tarixdə borcun etirafı barədə ərizə yazmış və ona təqdim etmişdir. Cavabdehə inanmış, avtomobili ona geri qaytarmışdır. Sonra cavabdehə dəfələrələ müraciət etməsinə baxmayaraq, hələ də borcu qaytarmamışdır. Cavabdeh 5500 manat məbləğində borcun, 75 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün məhkəmə bildirişləri Cavabdeh təqdim edilməsi məqsədilə Culfa rayon İH-nin Yaycı kənd İƏD üzrə nümayəndəliyinə göndərilmiş, cavabdeh Yaycı kəndində olmadığından, məhkəmə bildirişləri cavabdehin atasına təqdim edilmiş, cavabdehin atası məhkəmə bildirişlərini almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Ərizədə qeyd edilmişdir ki, “Mən Cavabdeh Culfa rayon Yaycı kəndində yaşayıram, həmin yerdə qeydiyyatdayam. Yanvar ayının 17-də İddiaçı Şahhüseyn oğlundan 5500 manat borc pul almışam. Türkiyədə bacım uşağına məhkəmə üçün almışam. Pulun müqabilində Gac kabek 5 markalı ** BB *** dövlət qeydiyyat nişanlı maşını Elçinin evinə qoydum. Elçin pulun müqabilində məndən heç nə tələb etməyib. Sadəcə olaraq mən özüm maşını onun evinə qoydum ki, sata bilim. Mən Elçinə bildirdim ki, maşını satıb sənə pul verəcəm. Saat 13:54., 29.09.2021, İmza İddiaçı, imza Cavabdeh” 27.10.2021-ci il tarixli, 800 nömrəli arayışdan görünür ki, Cavabdeh Culfa şəhəri Yaycı kəndində qeydiyyatdadır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5500 manat alınıb İddiaçı Şahhüseyn oğluna verilməlidir Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 17 yanvar 2021-ci il tarixdə cavabdehə 5500 manat məbləğində borc pul vermiş, cavabdeh borc məbləğini hər ay 1000 manat olaraq qaytaracağına söz vermiş, lakin borcu qaytarmamışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir. Cavabdeh borcun etirafı barədə yazdığı ərizədə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 5500 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya 5500 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizə ilə təsdiqlənir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 5500 manat məbləğində borclandığını etiraf etmiş, iddiaçının bildirdiyiniə görə hər ay 1000 manat qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 5500 manat məbləğində borc pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, ödənilmiş 75 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia təmin edilsin. Cavabdeh 5500 manat və 75 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar