Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-254/2023 26.09.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Tarverdi qızı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-120/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 15 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 220 manat olmaqla, hər ay 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Qasımova Sevinc və xx.xx.2010-cu il tarixdə Qasımov Sabir doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında qalmışdır. Culfa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(089)-120/2018 nömrəli qətnaməsi ilə bir uşağın saxlanılması üçün 80 manat aliment müəyyən edilmişdir. Aliment 2018-ci ildən ödənilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini ödəməklə işini bitmiş hesab edir. Uşaqlar böyüyür, gündəlik ehtiyacları artır. Müəyyən edilmiş aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılaya bilmir, belə olan halda maddi vəziyyəti pisləşir. Uşaqlara qulluq edir, işləmir. Cavabdeh işləyir, əməkhaqqı alır, həmçinin əlavə işlər görür, qazancı var. 2023-cü ildə uşaqların saxlanılması üçün minimum 220 manat müəyyən edilmişdir. Cavabdeh həmin məbləğin yarısından da az məbləğdə aliment ödəyir. Məhkəmədən aliment məbləğinin artırılmasını, bir uşaq üçün 220 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Culfa Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(089)-120/2018 saylı qətnaməsi ilə iki uşağın saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Culfa Rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işləyir, 340 manat əməkhaqqı alır. Əlavə gəliri yoxdur. Hər ay iddiaçıya uşaqların saxlanılması üçün 160 manat aliment ödəyir. Əməkhaqqından qalan 180 manatla özünün zəruri ehtiyaclarını çətinliklə qarşılayır. Alimentin artırılmasını istəmir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan- 332725 və 507413 nömrəli nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 15 noyabr 2008-ci il tarixdə X4 və 08 dekabr 2010- cu il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(089)-120/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 80 manat olmaqla, hər ay 160 manat sabit pul məbləğində alimentin alınıb X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2018-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh işlədiyini, 340 manat əməkhaqqı aldığını bildirmiş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, aliment miqdarı dəqişdirilməli, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni hər ay bir uşaq üçün 120 manatı cavabdeh iddiaçıya aliment olaraq ödəməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımıəndan da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmiçşduir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2(089)-120/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Culfa rayon Məhkəməsinin 2(089)-120/2018 nömrəli, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 15 noyabr 2008-ci il tarixdə doğulmuş X4 və 08 dekabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 120 manat olmaqla, hər ay 240 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-254/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-254/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver