Məhkəmə qərarları › İş №2(089)-273/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(089)-273/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(089)-273/2021 06.12.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Mən hakim Məmmədov Mehrab Fərmayıl oğlu iddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzə pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Unibank KB ASC-nin nümayəndəsi Y.Novruzov Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 6032 manat əsas borc, 1151.28 manat faiz borcu, 44.60 manat cərimənin və ödənilmiş 92.28 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarımasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyil. Belə ki, iddia ərizəsində iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmiş, iddia ərizəsinə iddia ərizəsində göstərilən yazılı sübutların surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu səbəbdən də iddiaçı Unibank KB ASC-nin nümayəndəsinin diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Culfa Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilməklə verilmədiyindən iddia ərizəsinin icraata götürülməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir, geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 92.28 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzə pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Unibank KB ASC tərəfindən 10 avqust 2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə (Naxçıvan MR Maliyyə nazirliyinin hesabına) ödənilmiş 30 manat, 26 noyabr 2021-ci il tarixdə ********* nömrəli mədaxil qəbzi ilə (Naxçıvan MR Maliyyə nazirliyinin hesabına) ödənilmiş 62.28 manat dövlət rüsumu Unibank KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar