Məhkəmə qərarları › İş №2(089)-28/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-28/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-28/2021 16.02.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, iddiaçı AFB X3 Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin idarə heyətinin sədri Orxan Xubanlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9999.26 manat əsas borc, 1979.49 manat faiz borcu, 272.69 manat banka vurulmuş zərərin (əldən çıxmış fayda) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin idarə heyətinin sədri Orxan Xubanlı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh və İddiaçı ASC arasında xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli ödəniş kartı üzrə kredit xətti müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 % dərəcəsi ilə 12 ay müddətinə 10000 manat məbləğində istehlak krediti xətti açılmışdır. Kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddia qaldırılan günə Banka olan əsas borc üzrə 9999.26 manat, faiz borcu üzrə 1979.49 manat, banka vurulmuş zərər üzrə 272.69 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Ceyhun Daşdəmirov ərizə ilə məhkəməyə müraciət etmiş, nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştirakının mümkün olmamasını bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh oğluna məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli ödəniş kartı üzrə kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında ödəniş kartı üzrə kredit xətti müqaviləsi bağlanmış, kredit xətti müqaviləsinə əsasən Cavabdeh illik 26 % dərəcəsi ilə 12 ay müddətinə 10000 manat məbləğində istehlak krediti xətti açılmışdır. xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə əsas borc üzrə 9999.26 manat, faiz borcu üzrə 1979.49 manat, banka vurulmuş zərər üzrə 272.69 manat məbləğində borcu var. Əsas borc üzrə ödənilən məbləğ 0.74 manat, faiz borcu üzrə ödənilən məbləğ 500 manatdır. xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixə 9999.26 manat əsas borc, 1941.66 manat faiz borcunun olması barədə xəbərdarlıq edilmiş, 3 gün müddətinə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirlmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, 9999.26 manat əsas borc, 1941.66 manat faiz borcu cavabdehdən alınıb iddiaçının hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli ödəniş kartı üzrə kredit xətti müqaviləsi bağlanmış, kredit xətti müqaviləsinə əsasən Cavabdeh illik 26 % dərəcəsi ilə 12 ay müddətinə 10000 manat məbləğində istehlak krediti xətti açılmış, Cavabdeh kreditorun kredit xəttindən istıfadə etmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli kredit xətti müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixə əsas borc üzrə 9999.26 manat, faiz borcu üzrə 1979.49 manat borcu var. Cavabdeh istifadə etdiyi kredit məbləğindən əsas borc üzrə 0.74 manat, faiz borcu üzrə 500 manat ödəniş etmiş, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan maddi hüquq normaları baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləğləri borc götürmüş və borc götürən zaman imzaladığı kredit xətti müqaviləsinə əsasən həmin məbləğləri qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Həmçinin İddiaçı ASC-nin idarə heyətinin sədri Orxan Xubanlı Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə istinad etməklə cavabdehdən xx xxxx 2020-ci il tarixdən, yəni kredit müqaviləsi üzrə müəyyən edilmiş son ödəmə tarixindən sonra 272.69 manat banka vurulmuş zərərin (əldən çıxmış fayda) alınıb verilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Ona görə ki, İddiaçı ASC-nin idarə heyətinin sədri Orxan Xubanlı məhkəməyə xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehin bank qarşısında olan öhdəliyini müəyyən edilmiş qaydada icra etməməsi nəticəsində xx xxxx 2020-ci il tarixdən sonra banka zərərin vurulması barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddianın həmin hissədə təmin edilməməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında qeyd edilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında qeyd edildiyi kimi, bank vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır ki, bank vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulmasını sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının əsas və faiz borcu ilə bağlı tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, 11.978.75 manat məbləğində pul cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməli olduğundan, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli, 104-S-2140 nömrəli ödəniş kartı üzrə kredit xətti müqaviləsi üzrə 9999.26 manat əsas borc, 1979.49 manat faiz borcu, cəmi 11.978.75 (on bir min doqquz yüz yetmiş səkkiz manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC -in hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar