Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-30/2021 16.05.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-in nümayəndəsi Samir Muradzadə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə 1651 manat əsas borc, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 940.24 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Samir Muradzadə iddianı onunla əsaslandırmışdır ki, Cavabdehla İddiaçı ASC arasında 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh illik 25 % dərəcəsi ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən təqdim edilmiş ödəniş cədvəli üzrə aparılmalıdır. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 01 oktyabr 2020-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə 1651 manat əsas borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 940.24 manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev ərizə ilə məhkəməyə müraciət etmiş, xüsusi karantin rejiminin olması, Naxçıvan Muxtar Respublikasına aviareyslərin məhdud sayda olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş, mülki işə iştirakları olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhərində yaşadığını, işlədiyini, Respublikada xüsusi karantin rejiminin olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, mülki işə iştirakı olmadan baxılmasını, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh illik 25 % dərəcəsi ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. 01 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 29 sentyabr 2020-ci il tarixə 1651 manat əsas borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz, 940.24 manat borcu vardır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 83 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cavabdeh 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinin şərtlərinə, maliyyə arayışına, hesabdan çıxarış məlumatlarına əsasən 28 sentyabr 2020-ci il tarixə 1596.88 manat əsas borcu, 803.32 manat faiz boru var. İş materiallarına əlavə edilmiş 10.02.2017-18.08.2019 və 18.08.2019-09.02.2021-ci il tarixləri aralığında olan hesabdan çıxarışlarda hesab nömrəsi, kredit müqaviləsinin nömrəsi qeyd olunmadığından həmin hesabdan çıxarışların 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinə aid olması müəyyən edilmədi. Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1404/2016 nömrəli, 01 fevral 2016-cı il tarixli qərarından müəyyən olunur ki, İddiaçı ASC müflis elan edilmiş və iflas prosedurana başlanılmışdır. Əmanətlərin Sığortalanması fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinin 2-ci maddəsinə əsasən müqavilənin predmeti manat ilə istifadə olunan pul öhdəliyidir. Borcverən borcalana istehlak krediti olaraq 2000 manat məbləğində kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4-cü maddəsinə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır. Kredit vəsaitindən istifadə müddəti 21 iyul 2009-cu il tarixdə saat 16:00-da bitir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Mülki işin araşdırılan hallarından İddiaçı ASC və Cavabdeh arasında 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinin bağlanması, İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 % dərəcəsi ilə 12 ay müddətinə 2000 manat məbləğində kreditin verilməsi, Cavabdeh İddiaçı ASC-yə 1596.88 manat əsas borcu, 803.32 manat faiz borunun olması sübuta yetir. Lakin Cavabdeh məhkəməyə ərizə ilə müraciət etmiş, iddia müddətinin tətbiq edilməsini, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən ona qarşı qaldırılmış iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək, belə hesab edir ki, iddia müddəti tətbiq edilməli İddiaçı» ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı tərəflərin iradə ifadəsi əsasında və müqavilə azadlığına uyğun müqavilə şərtləri barədə aralarında razılığa gəlmiş, əsas borc, əsas borca hesablanacaq faizlərin hansı qaydada və məbləğdə ödəniləcəyini ikitərəfli qaydada müəyyənləşdirmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından da qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir”. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı təşkilat subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə iddiaçının subyektiv hüququ pozulmuşdur. Tərəflər arasında bağlanmış 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsində kredit müqaviləsinin qüvvədə olma müddəti, kreditin və hesablanmış faizlərin qaytarılması müddəti müəyyən edilmişdir. Göstərilən müddət müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 368 və 377.2-ci maddələrinə əsasən müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Yuxarıda qeyd edilmiş maddi hüquq normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi baxımından məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun və faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsinin 4.5-ci bəndində kredit vəsaitindən istifadə müddəti 21 iyul 2009-cu il tarixdə saat 16:00 müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 83 nömrəli rəyində isə Cavabdeh tərəfindən 407F12 nömrəli, 21 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə son ödənişin 07 sentyabr 2010-cu il tarixdə həyata keçirildiyi qeyd edilmişdir. Lakin iddiaçı LPO İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə icra müddəti bitdikdən 11 il sonra Cavabdeh qarşı borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilmiş, qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 940.24 manat pul tələbi ilə bağlı bildirir ki, kredit müqaviləsindən irəli gələn əsas tələb üzrə iddia müddəti ötürüldüyündən, iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz pul tələbi də təmin edilə bilməz. Şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” barədə iddiası rədd edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-30/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-30/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver