Məhkəmə qərarları › İş №2(089)-354/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-354/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-354/2024 18.12.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi X9 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-176/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh 30 iyul 2013-cü il tarixdə doğulmuş X3 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 235 manat olmaqla, hər ay 470 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Culfa rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(089)-176/2024 nömrəli qətnaməsi ilə 30 iyul 2013-cü il təvəllüdlü X4 və 20 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qərar qəbul edilmişdir. Ödənilən alimentlə övladlarının normal qidalanmasını, öz yaşıdlarından geri qalmamasını, istirahətini, təhsilini, idmanla məşğul olmasını, keyfiyyətli tibbi müayinələrdən keçməsini təşkil etmək mümkün olmur. O da istəyir ki, övladları öz yaşıdlarından geri qalmasın. Özü heç yerdə işləmir. Əlavə qazanc yeri yoxdur. Bu səbəbdən də alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilmiş, o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X9 iddianını qismən müdafiə etmiş, izahatında bildirmişdir ki, tərəflər 2012-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları doğulmuşdur. 2021-ci ildə aralarındakı nikah pozulmuşdur. Uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Uşaqların saxlanılması üçün cavabdeh bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat aliment ödəyir. İddiaçı bu məbləğlə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Məhkəmədən iddianın qismən təmin edilməsini, bir uşaq üçün 150 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 2012-ci ildə ailə qurmuşlar, birgə nikahlarından 30 iyul 2013-cü il tarixdə Əbülfəz, 20 sentyabr 2016-cı il tarixdə Aygün doğulmuşdur. Aralarındakı nikah Culfa Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(089)-175/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqların saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment müəyyən edilmişdir. Daha sonra aliment miqdarı Culfa Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(089)-176/2022 saylı qətnaməsi ilə dəyişdirilmiş, bir uşaq üçün 130 manat aliment müəyyən edilmişdir. Aliment məbləğini ödəyir, 50 manat aliment borcu var. Hazırda X5 nəzdində "xxxx" MMC-də sosial işçi vəzifəsində çalışır, 326 manat əməkhaqqı alır. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməsi mümkün deyil. Alimentin artırılmasını istəmir. Çünki, tələb edilən məbləği ödəməyə gücü çatmır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan- 215578 və 215579 nömrəli nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 30 iyul 2013-cü il tarixdə X3 və 20 sentyabr 2016-cı il tarixdə X6 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(089)-176/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Culfa Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(089)-175/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, Cavabdeh 30 iyul 2013-cü il tarixdə doğulmuş X3 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay 260 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 202 2-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh X5 nəzdində "xxxx" MMC-də sosial işçi vəzifəsində çalışdığını, 326 manat əməkhaqqı aldığını , 300 manat aliment ödəməsinin mümkün olmayacağını bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması, qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, aliment miqdarı dəqişdirilməli, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni hər ay bir uşaq üçün 150 manatı cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmiçşduir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(089)-176/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 150 manat olmaqla, hər ay 300 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa rayon Məhkəməsinin 2(089)-176/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 30 iyul 2013-cü il tarixdə doğulmuş X3 və 20 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 150 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar