Məhkəmə qərarları › İş №2(089)-374/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-374/2025

23.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-374/2025 23.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, hazırda Naxçıvan şəhərində yaşayır. Uzun illər Culfa rayonunun Teyvaz kəndində yaşamış, məktəbdə direktor işləmiş, daha sonra təqaüdə çıxmışdır. Müəllim olduğu üçün heyvanlara baxmağa vaxtı olmadığından 21 xırdabuynuzlu heyvanını saxlaması üçün Culfa rayon Qazançı kənd sakini Cavabdeh vermişdir. Hər ay cavabdehə bir xırdabuynuzlu heyvan üçün 2 manat olmaqla, 42 manat haqq ödəmişdir. Cavabdeh uzun müddət heyvanlarını otarmış, son olaraq 2019-cu ilin aprel ayında cavabdehə pul vermişdir. Bundan sonra eşitmişdir ki, cavabdeh heyvanları dağıtmış, otarmağa aparmamışdır. Öz heyvanları ilə maraqlanmış və görmüşdür ki, heyvanlarının biridə qalmır. İlk öncə cavabdehi tapa bilməmiş, Polisə müraciət etmiş, Polisdə ona cavabdehin işləyib heyvan sahiblərinə borclarını verməsi üçün onu ötürdüklərini, Türkiyəyə getdiyini bildirmişlər. Daha sonra cavabdehlə özü danışmış, cavabdeh ondan vaxt verməsini xahiş etmiş, pulu ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Son dəfə cavabdeh ərizə vermiş, borcunu 2 il müddətinə ödəyəcəyi barədə söz vermiş, həmin müddət də bitmiş, lakin yenə də ödəməmişdir. Cavabdeh yenə ona Naxçıvana gələcəyini, söhbət edəcəklərini bildirmiş, bundan sonra isə cavabdeh onun nömrəsini bloka atmışdır. Cavabdehin qohumlarına müraciət etmiş, qohumları “heyvanları verəndə bizə məsləhət etmişdin?” kimi kobud ifadələr işlətmişdir. Bu hadisə yalnız onun başına gəlməmiş, daha 6 nəfərin heyvanları da yoxa çıxmışdır. 87 heyvana nə olduğunu bilmirlər. Məhkəmədən 3000 manat məbləğində pulun və 50 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, Cavabdeh tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, “Bildirirəm ki mənim Culfa rayon Teyvaz kənd sakini İddiaçı 3000 manat, X2 1200 manat borcum var. Borcumun olmasını etiraf edirəm və söz verirəm ki, 2024-cü ilin dekabr ayının 29-dək borcumu ödəyəcəm. Əks halda mülki məsuliyyət daşıdığım mənə aydındır”. Culfa rayon İH-nin Qazançı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 92 nömrəli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Qazançı kəndində yaşayır və qeydiyyatdadır. ********** nömrəli, 09 oktyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat alınıb İddiaçı verilməlidilir. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin xarakterini araşdırır və belə nəticəyə gəlir ki, hazırkı mülki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Saxlama müqaviləsinə” aid müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 822.1-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. 824.1-ci maddəsinə əsasən, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. 824.2-ci maddəsinə əsasən, saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. 824.3-cü maddəsinə əsasən, tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus 21 xırdabuynuzlu heyvanı razılaşdırılmış haqq müqabilində Culfa rayon Qazançı kənd sakini Cavabdeh saxlaması üçün vermiş, lakin Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, İddiaçı heyvanlarını özünə qaytarmamış, heyvanların aqibətinin necə olması barədə heç bir məlumat verməmişdir. Həmçinin, cavabdeh iddiaçıya heyvanların dəyərinin qaytarılması barədə yalan vədlər vermiş, həmin borc məbləğini 2024-cü ilin dekabr ayına kimi qaytarmağı öhdəsinə götürmüş və borcunun olmasını etiraf etməsi barədə ərizə yazmışdır. İddiaçı cavabdeh tərəfindən borcun qaytarılmadığını bildirmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya 3000 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdehin əlyazma ilə yazdığı 29 dekabr 2022-ci il tarixli ərizə ilə təsdiqlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 3000 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu 29 dekabr 2024-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 3000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar