Məhkəmə qərarları › İş №2(089)-412/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-412/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-412/2025 22.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(089)-290/2023 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarınının dəyişdirilməsini, 07 mart 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 246 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh ilə 17 mart 2020-ci il tarixdə ailə qurmuşlar. Nikahları 10 aprel 2020-ci il tarixdə rəsmi qeydə alınmışdır. Cavabdehlə ailə qurduqdan sonra Culfa şəhərində, cavabdehin valideynləri ilə birlikdə yaşamışlar. Birgə nikahlarından 07 mart 2023-cü il tarixdə X4 doğulmuşdur. Cavabdehlə 2023-cü ilin mart ayından ayrı yaşayırlar. Ayrı yaşamalarına səbəb cavabdehin içki içməsi, onu döyməsi, uşaqla, ailə ilə maraqlanmaması olmuşdur. Culfa Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli məhkəmə əmri ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh hərbi qulluqçu olmuş, 2025-ci ilin noyabr ayınadək hər ay 219 manat aliment almışdır. Lakin, cavabdeh 2025-ci ilin noyabr ayında işdən çıxmış, həmin vaxtdan da alimenti ödəməmişdir. Özü heç bir yerdə işləmir. Uşağı anasının maaşı ilə çətinliklə saxlayır. Hazırda cavabdehin işləməsi və ya qazancı barədə məlumatı yoxdur. Cavabdehlə barışmaq fikri yoxdur, nikahın pozulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 156191 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah 10 aprel 2020-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmişdir. 787493 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 07 mart 2023-cü il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin 2(089)-290/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq 07 mart 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment miqdarının dəyişdirilməsi) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment miqdarının dəyişdirilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment miqdarının dəyişdirilməsi verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment miqdarının dəyişdirilməsiin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə aliment miqdarının dəyişdirilməsiin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2023-cü ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 260 manat məbləğində təsdiq edilmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üçün hər ay 246 manat və 2026cı il üçün hər ay 260 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 07 mart 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulacaq sabit aliment məbləği 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə alimentin 200 manat həddində təyin edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (200:400=0.5) sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. İddiaçı 02 dekabr 2025-ci il tarixdə məhkəməyə müraciət etdiyindən müəyyən edilmiş aliment məbləği həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.11-1-ci bəndində qeyd edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinə də şamil edilir. Lakin, nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-nin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 44 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(089)-290/2023 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 07 mart 2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulması 02 dekabr 2025-ci il tarixdən hesablansın. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar