Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-42/2025 13.02.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “BMW 530” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) dəyərinin ödənilməməsinə görə 12200 manatın və dövlət rüsumu olaraq ödənilmiş 127 manatın, cəmi 12327 manat məbləğində vurulmuş maddi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdeh1 ilə qohumluq münasibətləri var. 02 noyabr 2024-cü il tarixdə Beyrək ona zəng etmiş, nənəsi rəhmətə getdiyindən başsağlığı vermiş, görüşməyi, çay içməyi təklif etmiş, razılaşmışlar. Elə həmin gün Bakıxanov qəsəbəsində görüşmüşlər. X3 getməyi təklif etmiş, ona məxsus olan nəqliyyat vasitəsini Beyrək idarə etmiş və çay içməyə getmişlər. Bir yerdə olduqları müddətdə söhbət əsnasında Beyrəyə atasının xəstə olduğunu, maşınını satmaq istədiyini bildirmiş, Beyrək də ona “əlimdə 3800 manat pul var, verim, maşını mənə sat, qalan pulu da 10 gün ərzində verəcəyəm” demişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Beyrəklə maşını 16000 manata satmaq barədə şifahi şəkildə razılaşmışlar. Qara Qarayev prospektindən Koroğlu metrostansiyasına gedən yolda hərəkətdə olan zaman yanacaq doldurma stansiyasının yanında maşınını arxadan “Prius” markalı maşın vurmuş, həmin vaxt maşını Beyrək idarə etmişdir. Həmin vaxt özünün sürücülük vəsiqəsi olmadığından Beyrək sığorta vasitəsilə avtomobilə dəymiş ziyanı ala bilmək üçün ona avtomobili idarə etməyə və istifadəyə dair ümumi etibarnamə verməsini bildirmiş, o da qohum olduqları üçün Beyrəyə inanmış, güvənmiş onlayn qaydada ona ümumi etibarnamə vermişdir. Etibarnamə verməkdə məqsədi Beyrəyin maşını təmir etdirməsi olmuşdur. Bir neçə gün sonra Beyrəyə zəng etmiş, razılaşdıqları kimi 3800 manat pulun ödənilməsini xahiş etmiş, 05 noyabr 2024-cü il tarixdə Beyrək onun kartına 3800 manat köçürmüşdür. 10 gün müddət keçdikdən sonra isə artıq pulun qalan hissəsinin ödənilmədiyini görmüş, yenidən ona zəng etmiş, lakin Beyrək telefonunu açmamışdır. Şübhələndiyi üçün dövlət yol polisi əməkdaşlarının köməkliyi ilə avtomobil barədə məlumat əldə etmiş və müəyyən olunmuşdur ki, Cavabdeh1 04 noyabr 2024-cü il tarixdə ona verdiyi ümumi etibarnamə əsasında avtomobili öz həyat yoldaşı Cavabdeh2 adına rəsmləşdirmişdir. Beyrək hər yerdə yalanlar danışmış, onun Beyrəyə borcu olduğunu, qumar oynadığını, pulu klublarda xərclədiyini, maşını da həmin borca görə verdiyini demişdir. Həmçinin baş verənlərdən sonra Cavabdeh1 qardaşı Təmkin Məmmədov ona zəng etmiş, “sənin ağlın çatmır, Beyrəyə necə maşın satmısan” deyə bildirmişdir. Beyrək ona 3800 manatdan əlavə ödəniş etməmiş, 12200 manat borcunu ödəməkdən yayınmışdır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçılə maşın barədə ilk danışıqları 29 oktyabr 2024-cü il tarixdə olmuş, 15000 manata razılaşmışlar. Təqribən 30-31 oktyabr 2024-cü il tarixlərində 8200 manat, 02 noyabr 2024-cü il tarixdə 3000 manat, son olaraq 05 noyabr 2024-cü il tarixdə 3800 manat pulu İddiaçı vermiş, bundan sonra maşını yoldaşı Cavabdeh2 adına sənədləşdirmişdir. 3800 manatı ödəməsi ilə bağlı qəbzi təqdim etmişdir, lakin qalan məbləği ödəməsi ilə bağlı sübutu yoxdur. Pulu vermiş, maşını almışdır. İddianı qəbul etmir, onun İddiaçı borcu yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: 05 noyabr 2024-cü il tarixli 13610 və 9483 nömrəli qəbzlərdən görünür ki, Cavabdeh1 tərəfindən 05 noyabr 2024-cü il tarixdə 1800 manat və 2000 manat olmaqla, ümumilikdə 3800 manat məbləğində pul İddiaçı hesabına köçürülmüşdür. 05 sentyabr 2024-cü il tarixli etibarnamədən müəyyən olunur ki, “BMW 530 minik” markalı (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) nəqliyyat vasitəsi İddiaçı etibar edilmiş, İddiaçı sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq səlahiyyətlərinə malik olmuşdur. 02 noyabr 2024-cü il tarixli etibarnamədən müəyyən olunur ki, “BMW 530 minik” markalı (buraxılış ili 2005, Ban nömrəsi WBANE71036CM03845, mühərrik nömrəsi 04046112, metalik rəng) nəqliyyat vasitəsi Cavabdeh1 etibar edilmiş, Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq səlahiyyətlərinə malik olmuşdur. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, “BMW 530 minik” markalı, ** RH *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə ilk olaraq tərəflər arasında nəqliyyat vasitəsinin dəyəri ilə bağlı razılaşmaya dair bildirir ki, iddiaçı cavabdehlə nəqliyyat vasitəsinin dəyərinin 16000 manata razılaşdıqlarını bildirir, cavabdeh isə iddiaçı ilə nəqliyyat vasitəsinin dəyərinin 15000 manata razılaşmalarını etiraf edir. Məhkəmə iddiaçının nəqliyyata vasitəsinin dəyəri ilə bağlı cavabdehlə 16000 manata razılaşmalarını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, belə nəticəyə gəlir ki, tərəflər nəqliyyat vasitəsinin dəyəri ilə bağlı cavabdehin etiraf etdiyi məbləğdə, yəni 15000 manat dəyərində razılaşmışlar. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 “BMW 530 minik” markalı, ** RH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı barədə şifahi qaydada razılığa gəlmişlər. Razılığa əsasən cavabdeh ilkin olaraq 3800 manat, 10 gün müddətində isə qalan məbləği, yəni 11200 manatı iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Avtomobilin alqı-satqısı barədə razılığa gəldikləri gün, yəni 02 noyabr 2024-cü il tarixdə “BMW 530 minik” markalı, ** RH *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh1 idarə edərkən digər bir avtomobil arxadan vurmuş, bu zaman Cavabdeh1 tərəflərin əslində bağladıqları əqdi pərdələmək məqsədi ilə avtomobilə dəymiş ziyanın sığortadan alınması bəhanəsi ilə İddiaçı ümumi etibarnamə almış, həmin etibarnamə əsasında 04 noyabr 2024-cü il tarixdə “BMW 530 minik” markalı, ** RH *** dövlət nömrə nişanlı avtomobili arvadı Cavabdeh2 adına rəsmləşdirmiş, bundan sonra cavabdeh 05 noyabr 2024-cü il tarixdə iddiaçıya 3800 manat məbləğində ödəniş etmiş, lakin 10 gün keçdikdən sonra qalan məbləği ödəməmiş, bununla da Cavabdeh1 İddiaçı verməli olduğu pul məbləği hesabına, heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir Məhkəmə qeyd edilənlərdən belə nəticəyə gəlir ki, tərəflər arasında razılaşmaya əsasən iddiaçı sahibliyində olan nəqliyyat vasitəsini cavabdehə təqdim etmiş, bununla da nəqliyyat vasitəsini Cavabdeh1 təqdim etməsini sübut etmə yükündən azad olmuşdur. Cavabdeh isə iddiaçı ilə razılaşmalarına əsasən iddiaçıya 15000 manat məbləğində pul verməsi öhdəliyini üzərinə götürmüş, həmin məbləği iddiaçıya verməsini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçıya 3800 manat pul verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmiş, lakin 11200 manat pulu iddiaçıya verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə də məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh 10 gün ərzində avtomobil üçün razılaşdıqları məbləği iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdə müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 340.2-ci maddəsinin tələbinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Tərəflər arasında əslində bağlanmış müqavilə nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi olsa da onlar qanunvericiliyin forma və tələbi baxımından, yəni həmin müqavilənin yazılı olma şərtinə əməl etmədiklərindən məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını sübutetmə qaydası və vəzifələri baxımından nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Azərbaycan Respublikası MM-nin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyət hüququ və digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddənin məzmunundan da görünür ki, tərəflər arasında bağlanan nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi notarial qaydasında təsdiqlənməli idi. Lakin tərəflər nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı müqavilənin formasına riayət etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə müqavilə münasibətlərindən irəli gələn maddi hüquq normaları deyil, əsassız varlanmadan irəli gələn maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə, əsasız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi Cavabdeh1 heç bir hüquqi əsas olmadan İddiaçı aldığı avtomobilin əvəzində ödəməli olduğu pul vəsaiti hesabına əsassız varlanmışdır. İşin araşdırılan hallarından sübuta yetmişdir ki, həqiqətən də Cavabdeh1 İddiaçı 15000 manat dəyərində avtomobil almış, 3800 manat ödəniş etmiş, qalan 11200 manat məbləğində pulu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə də bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tərəflərin verdiyi izahatı, digər sübutları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı aldığı nəqliyyat vasitəsinin dəyərindən 11200 manatı ona ödəməməsi öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə 11200 manat pulun Cavabdeh1 alınaraq iddiaçıya verilməsini əsaslı hesab edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tələbin yönəldiyi digər Cavabdeh2 iddiaçının tələbi ilə bağlı öhdəlik daşımır, iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, şifahi alqı-satqı müqaviləsi İddiaçı və Cavabdeh1 arasında bağlanmış, Cavabdeh2 tərəflər razılaşan zaman orada olmamış, İddiaçıla aralarında hər hansı bir razılaşma olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qaşı iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 123.6 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 3.4 manat hissəsi özünə aid edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 11200 manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun 123.6 manat hissəsi Cavabdeh1 alınıb İddiaçı verilsin, 3.4 manat hissəsi özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-42/2025
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-42/2025
13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver