Məhkəmə qərarları › İş №2(089)-51/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-51/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-51/2021 12.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədri Azər Məmmədov məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 1072.80 manat gecikdirilmiş faiz borcu, 1905.33 manat gecikdirilmiş əsas kredit borcu, 45.78 manat faiz borcu, 4321.29 manat əsas borc, cəmi 7345.30 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədri Azər Məmmədov ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019cu il tarixli, İK1508/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 17% dərəcəsi ilə 7000 manat məbləğində istehlak krediti verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx xxxxxx 2019-cu il tarixli, ZM1508/13 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuş, zaminlik Müqavilələrinin 1-ci bəndinə görə, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlinə əsasən “xxxx” ASC-yə ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınır, kredit müqaviləsinin tələblərini pozur, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, izahatında bildirmişdir ki, “xxxx” ASC və Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, İK1508/13 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 17% dərəcəsi ilə 7000 manat məbləğində istehlak krediti verilmişdir. Həmçinin Kredit Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx xxxxxx 2019-cu il tarixli, ZM1508/13 saylı Zaminlik Müqaviləsi bağlanmış, zamin Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və faizlərin banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 ödəniş cədvəlinə əsasən “xxxx” ASC-yə ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınır, kredit müqaviləsinin tələblərini pozur, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, teleqramla məhkəməyə müraciət etmiş, Bakı şəhərində olduğundan məhkəməyə gələ bilmədiyini, iddianı qəbul etdiyini bildirmiş, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş, o, məhkəmə iclaslına gəlməmiş, gəlməməsinin hər hansı bir üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, İK1508/13 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1ə 36 ay müddətinə, illik 17 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, ZM1508/13 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyi zaminliklə təmin olunmuşdur. xx xxxxxx 2021-ci il tarixli, 02 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcu 6226.62 manat, faiz borcu 1118.587 manat təşkil edir. Cavabdeh1 əsas borc üzrə 773.38 manat, faiz borcu üzrə 477.67 manat məbləğində pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, Cavabdeh1 məhkəməyə ünvanlandığı teleqramı nəzərdən keçirib, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı “xxxx” ASC arasında İK1508/13 nömrəli kredit müqaviləsi imzalanmış, Cavabdeh1 36 ay müddətinə illik 17 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış, kredit müqaviləsinin tələblərini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə onun banka 1072.80 manat gecikdirilmiş faiz borcu, 1905.33 manat gecikdirilmiş əsas kredit borcu, 45.78 manat faiz borcu, 4321.29 manat əsas borc olmaqla cəmi 7345.30 manat borcu yaranmışdır. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndində əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyini vaxtından əvvəl icrasını tələb edə bilər. Kredit müqaviləsinin 2.10-cu maddəsində qeyd edilmişdir ki, gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş əsas məbləğin 10%- məbləğində əlavə cərimə hesablanır. Zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən zamin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsi ilə bağlı borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən Zamin bank qarşısında borcalanın bütün öhdəlikləri ilə bağlı məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirmiş müddətdə icra edilməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etməkdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsulliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı bank öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir və cavabdeh kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş illik faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.2, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli, İK1508/13 saylı kredit müqaviləsi üzrə 6.226.62 manat əsas borc, 1.118.58 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 7.375.20 manat (yeddi min üç yüz yetmiş beş manat iyirmi qəpik) məbləğində pul tutulsun, “xxxx” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar