Məhkəmə qərarları › İş №2(089)-55/2022

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-55/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-55/2022 23.02.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, 955 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qonşusu Cavabdeh dəyəri 1345 manat olan ev əşyaları, qab-qacaq, duxovka, yorğan-döşək, stol örtüyü, mətbəx ləvazimatları və digər əşyalar satmış, Cavabdeh aldığı əşyaların dəyəri olan 1345 manat pulu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə 955 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 390 manatdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, “bildirirəm ki, İddiaçı q. 955 manat pul borcum var, həmin pul borcunu hər ay 40 manat ödəyəcəyimə söz verirəm. əks təqdirdə məsuliyyət daşıyacağam” Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı cavabdehə ev əşyaları satmışdır. Tərəflər arasında razılaşmaya görə ev əşyalarının dəyəri olan 1345 manatı ayda 40 manat ödəməyi cavabdeh öhdəsinə götürmüş, cəmi 390 manat ödəniş etmiş, ödənilməmiş borcu 955 manat təşkil edir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 600.1- ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Cavabdeh borcun etirafı barədə yazdığı ərizədə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 955 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya 955 manat məbləğində borcunun olması borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizə ilə təsdiqlənir. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 955 manat məbləğində borclandığını etiraf etmiş, iddiaçının bildirdiyiniə görə hər ay 40 manat qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarşı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Cavabdeh iddiaçıya olan borcu vaxtında ödəmədiyi üçün aralarında gəldikləri razılaşmanın şərtlərinə əməl etməməsi barədə xəbərdar edilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında müəyyənləşdirilmiş razılaşma üzrə ümumilikdə cavabdehin iddiaçıya 955 manat borcu vardır.. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş 14 yanvar 2022-ci il tarixli 22180 nömrəli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçının ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi İddia təmin edilsin. Cavabdeh 955 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar