Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-61/2021 02.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Babək Rayon Məhkəməsinin 2(079)-165/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş Məmmədova Çiçək Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdehla 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə Çiçək adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah pozulmuş, uşaq onun yanında saxlanılmışdır. Müraciəti əsasında Babək Rayon Məhkəməsinin 2(079)-165/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə uşağın saxlanması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh hər ay 40 manat aliment ödəmişdir. Babək rayon İcra və Probasiya şöbəsinə şifahi müraciət etmiş, cavabdeh son bir ildə 70 manat aliment ödəmişdir. Ödənilən aliment məbləği çox azdır. Çiçək 7-ci sinifdə orta təhsil alır. Uşağın ehtiyaclarını çox çətinliklə qarşılayır, cavabdeh əlavə maddi köməklik etmir. Özü işləmir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Məhkəmə mülki işə İddiaçı iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2008-ci il tarixdə Məmmədova Çiçək doğulmuşdur. Tərəflər arasında nikah pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. İddiaçının müraciəti ilə Babək Rayon Məhkəməsinin 2(079)-165/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə uşağın saxlanması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh bir neçə il 40 manat aliment ödəmiş, son bir ildə isə 70 manat aliment ödəyir. Ödənilən aliment məbləği çox azdır, uşağın ehtiyaclarını qarşılamaq mümkün deyil. Uşağı saxlamaq üçün iddiaçıya özü və qardaşları köməklik edir. İddiaçı işləyə bilmir, uşağa qulluq edir. Uşaq 7-ci sinifdə orta təhsil alır, böyüdükcə ehtiyacları da artır, iddiaçının maddi vəziyyəti pisləşir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. İddiaçının nümayəndəsi L.Fərəcova izahatında onu da bildirmişdir ki, iddiaçı cavabdehin maddi vəziyyətini, təkrar ailə qurmasını, bir uşağının olmasını nəzərə alır, iddianın qismən təmin edilməsini, uşağın saxlanması üçün 100 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2008ci il tarixdə Məmmədova Çiçək doğulmuşdur. Aralarında olan nikah pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. Babək Rayon Məhkəməsinin 2(079)-165/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə uşağın saxlanması üçün qazancının ¼ hissəsi miqdarında aliment müəyyən edilmişdir. Əvvəllər uşağın saxlanması üçün 40 manat, son bir ildə isə 70 manat aliment ödəmişdir. İşləmir, qazancı yoxdur. Alimenti valideynlərinin maddi köməkliyi ilə ödəmişdir. 100 manat məbləğində alimenti ödəyə bilməsi mümkün deyil, 90 manat aliment ödəyə bilər. Cavabdeh izahatında onu da bildirmişdir ki, sağlamdır, hər hansı bir xəstəliyi yoxdur, əmək qabiliyyətlidir. İşləməməsi, qazancının olmaması onu uşağını saxlamaq vəzifəsindən azad etmir, işləməli uşağını saxlamalıdır. İddianın qismən təmin edilməsinin xahiş edir. İş materiallarında olan- 332707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 2008-ci il tarixdə Məmmədova Çiçək Röyal qızı doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Babək Rayon Məhkəməsinin 2(079)-165/2021 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş Məmmədova Çiçək Röyal yanında yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment müəyyən edilmişdir. 783839 nömrəli nikah haqqında şəhadətnamənin, 10795831 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh və X3 arasında nikah xx xxxxxxx 2014-cü il tarixdə bağlanmış, tərəflərin birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə Özgür Məmmədov doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, Babək Rayon Məhkəməsinin 2(079)- 165/2021 nömrəli, xx xxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş Məmmədova Çiçək Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının 1/4 hissəsi miqdarında aliment müəyyən edilmiş, cavabdeh hər ay uşaqların saxlanması üçün iddiaçıya 70 manat aliment ödəyir. 70 manat alimentlə uşağın ehtiyaclarını qarşılamaq mümkün deyil. Belə olan halda iddiaçı əlavə pul xərcləməli olur, ki, bu da iddiaçının maddi vəziyyətini pisləşdirir. İddiaçı aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində 175 manat müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh qazancının olmadığını bildirmiş, lakin uşağın saxlanması üçün iddiaçıya 90 manat aliment ödəyə biləcəyini bildirmişdir. İddiaçının nümayəndəsi iddiaçının bir uşağın saxlanması üçün 100 manat aliment müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin qazancı olmadığından, ödənilən aliment məbləği iddiaçının marağını əhəmiyyətli dərəcədə pozduğundan alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh bir uşaq üçün aliment məbləğinin 90 manat müəyyən edilməsini xahiş etmiş, iddiaçı uşağın saxlanması üçün 100 manat (nümayəndənin bildirdiyinə görə) aliment müəyyən edilməsini bildirmişdir. Məhkəmə uşağın hazırda iddiaçının yanında yaşamasını, uşağın gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur və Cavabdeh uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdeh sağlam olduğunu, hər hansı bir xəstəliyinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşağının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Cavabdehin işləməməsi, qazancının olmaması onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(079)-165/2009 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş Məmmədova Çiçək Röyal qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-61/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-61/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver