Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-65/2021 16.04.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 2450 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Camaldın kəndində yaşayır. 2018-ci ilin may ayında həmkəndlisi Cavabdeh ondan 6000 manat borc pul istəmiş, münasibətləri yaxşı olduğundan inanmış və ona 6000 manat borc pul vermişdir. Cavabdeh xx xxx 2018-ci il tarixdə ona 6000 manat borcunun olması barədə Culfa Rayon Dövlət Notariat Kontorunda ərizə yazmış, pulu xx xxxxxxxx 2018-ci il tarixədək qaytaracağına söz vermişdir. Cavabdeh hər ay 200 manat ödəməklə 3600 manat pulu qaytarmış, 2400 manat borc pulu isə qaytarmamışdır. Dəfələrlə pulu Cavabdeh istəmiş, nalayiq sözlərlə onu təhqir etmiş, müxtəlif bəhanələr gətirərək 2400 manat borc pulu qaytarmamışdır. Cavabdeh 2400 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı izahatında onu da bildirmişdir ki, iddia ərizəsində səhvən Cavabdeh ona 3550 manat pul qaytardığını qeyd etmiş, Cavabdeh 2450 manat məbləğində borc pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan- Camaldın kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 53 nömrəli arayışdan görünür ki, Cavabdeh Culfa rayonunun Camaldın kəndində qeydiyyatdadır. Culfa rayon dövlət notariat kontorunda xx xxx 2018-ci il tarixdə 7E-755 reyestr nömrəsi ilə qeydiyyata alınmış ərizədə qeyd edilmişdir ki, “Bidirirəm ki, mənim Culfa rayon Camaldın kəndində yaşayan İddiaçı 6000 (altı min) manat borcum var. Borc məbləğini 2018-ci ilin sentyabr ayının 29-dək Q.Abdulayevə qaytaracağıma söz verirəm. İmza: imza Cavabdeh *** *** ** **” Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları araşdırıb, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2400 manat pul alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 6000 manat məbləğində borc pul vermiş, cavabdeh iddiaçıdan 6000 manat borc pul aldığını, iddiaçıya 6000 manat borcunun olmasını etiraf etməsi barədə ərizə yazmışdır. Həmin ərizədə Cavabdeh oğunun etdiyi imzanın həqiqiliyi Culfa rayonu X2 dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmçinin cavabdeh iddiaçıdan aldığı 6000 manat məbləğində borc pulu xx xxxxxxxx 2018-ci il tarixdədək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı izahatında cavabdehin borcun etirafı barədə ərizədə qeyd edilmiş borc məbləğindən 2400 manatı qaytarmadığını bildirsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, qeyd edilən borc məbləğini iddiaçıya qaytarması barədə məhkəmə sübut təqdim etməmişdir. Cavabdeh borcun etirafı barədə imzaladığı ərizədə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2400 manat borcun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya 6000 manat məbləğində borc pul verməsi borcun etirafı ilə bağlı cavabdehin Culfa Rayon Dövlət Notariat Kontorunda yazdığı ərizə ilə, cavabdehin iddiaçıya 3600 manat qaytarması isə iş materiallarına əlavə edilmiş, cavabdeh tərəfində imza edilmiş borcun ödənilməsi barədə cədvəllə öz təsdiqini tapır. Məhkəmə iddianın hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmişdir. Hazırkı işdə öhdəliyin yaranma əsası kimi borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış ərizəyə istinad edildiyindən, məhkəmə mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verməyi zəruri sayır. Çünki, cavabdeh iddiaçı qarşısında 6000 manat məbləğində borclandığını etiraf etmiş, həmin pulu xx xxxxxxxx 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin göstərilən tarixədək bu öhdəliyini tam yerinə yetirməmişdir. 3600 manat pulu qaytarmış, 2400 manat pulu qaytamamışdır. Göründüyü kimi, cavabdehin mövcud borcunu etiraf etməsi, iddiaçı və cavabdeh arasında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Başqa sözlə, borc etiraf edildiyindən, həmin borcun olmamasına istinad edilməsi yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin cavabdeh məhkəməyə iddiaya qarı etiraz təqdim etməmiş, iddianın əksini sübut etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 2400 manat məbləğində borc pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı verilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri, Аzərbаycаn Rеspublikаsının MPM-nin 216-220-ci mаddələrini rəhbər tutаrаq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2400 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-65/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-65/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver