Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-67/2022 31.03.2022 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin 2(089)-89/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, Cavabdeh 28 iyul 2015-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla 2013-cü ilin avqust ayında ailə qurmuşlar. Birgə nikahlarından 27 iyul 2015-ci il tarixdə Əsgərov Mehdi doğulmuşdur. Aralarında bağlanmış nikah Culfa Rayon Məhkəməsinin 2(089)-48/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, Mehdi onun yanında qalmışdır. Müraciəti əsasında Culfa Rayon Məhkəməsinin 2(089)-89/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə aliment miqdarı atırılmış, 130 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini ödəyir. Ödənilən aliment məbləği ilə uşağın gündəlik ehtiyaclarını qarşılaya bilmir. Uşaq böyüdükçə ehtiyacları da artır, belə olan halda maddi vəziyyəti pisləşir. Cavabdeh aliment məbləğini ödəməklə kifayətlənir, uşağı saxlamaq üçün ona əlavə maddi köməklik etmir, uşaqla maraqlanmır. Cavabdeh Bakı şəhərində yaşayır, işləyir, qazancı çoxdur. Onun qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Özünün ehtiyaclarını qarşılamaq üçün ahıl baxıcısı işləyir, 200 manat əməkhaqqı alır. Culfa Rayon Məhkəməsinin 2(089)- 89/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, Cavabdeh 28 iyul 2015-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş, etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının fiziki cəhətdən sağlam olmasını, onun da işləməli olmasını, maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmamasını, gözləri zəif gördüyündən 120 manat pensiya almasını, başqa fiziki iş görmədiyini, əlavə qazancının olmamasını, 18 dekabr 2020-ci il tarixdə X2 ilə ailə qurduğunu, bir oğlunun doğulduğunu, özü, arvadı və oğlunun atasının himayəsində yaşadıqlarını, ailəsini valideynlərinin qazancı ilə saxladığını, arvadının işləmədiyini, maddi imkanı olmadığından məhkəməyə gələ bilmədiyini bildirmiş, göstərilənlərin nəzərə alınmasını, onun iştirakı olmadan işə baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş- 202707 nömrəli nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında olan nikah ləğv edilmiş, bu barədə 01 avqust 2018-ci il tarixdə akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmiş, kişiyə Əsgərov, qadına Əlibəyli soyadı verilmişdir. 309467 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 iyul 2015-ci il tarixdə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X4 qeyd edilmişdir. Culfa Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(089)-89/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28 iyul 2015-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Culfa rayon İH Ərəzin kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 043 nömrəli, 29 fevral 2022 il tarixli arayışdan görünür ki, Cavabdeh Culfa rayon Ərəzin kəndində yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsində göstərdiklərini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. İddiaçı alimentin miqdarının artırılaraq 150 manat məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin qazancı və ya başqa gəlirləri barədə Məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh 120 manat pensiya almasını, işləməməsini, əlavə qazancının olmamasını bildirsə də, göstərilənlərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması, qazancının az olması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Cavabdehin aylıq qazancı barədə məlumat olmadığından, məhkəmə hesab edir ki, aliment ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabər olduğundan (Ailə Məcəlləsi, maddə 56.1) uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği də tərəflər bərabər ödəməyə borcludur. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunu- 150 manatını cavabdeh aliment olaraq iddiaçıya ödəməyə borcludur. Məhkəmə göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyi baxımından da qanuni və ədalətli hesab edir. Belə ki, həmin qərarın 8.2-ci bəndində qeyd edilmiçşduir ki, “...uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarın 8.7-ci bəndində qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, neçə ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas deyil, alimentin artırılmaması üçün də mütləq əsas olmamalıdır. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. Culfa Rayon Məhkəməsinin 2(089)-89/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 28 iyul 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 150 (yüz əlli) manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(089)-67/2022
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-67/2022
31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver