Məhkəmə qərarları › İş №2(089)-77/2021

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-77/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-77/2021 15.03.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, Cavabdeh xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X3, xx xxx 2007-ci il tarixdə doğulmuş X5, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 175 manat olmaqla, hər ay 525 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Cavabdehla xx xxxx 2003-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxx 2005-ci il tarixdə X3, xx xxx 2007-ci il tarixdə X5, xx xxxxxx 2009-cu il tarixdə X4 doğulmuşdur. Nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat aliment müəyyən edilmişdir. Cavabdeh müəyyən edilmiş aliment məbləğini ödəyir. İşləmir, uşaqlara qulluq edir. 360 manat məbləğində alimentlə uşaqları saxlaya bilmir, uşaqlarının gündəlik ehtiyaclarını qarşılaya bilmir, uşaqlarını çətinliklə saxlayır. Uşaqlar böyüdükcə ehtiyacları da artır. Belə olan halda maddi vəziyyəti pisləşir. Cavabdeh Bakı şəhərində işləyir, qazancı çoxdur. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Uşaqları saxlamaq ata kimi cavabdehin vəzifəsidir. Uşaqların saxlanması üçün bir uşaq üçün 175 manat olmaqla, 525 manat məbləğində aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhərində yaşadığını, maddi vəziyyəti ilə əlaqədsar olaraq məhkəməyə gələ bilmədiyini, təkrar ailə qurduğunu bildirmiş, onun iştirakı olmdadan mülki işə baxılmasını, göstərilənlərin nəzərə alınmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxmışdır. İş materiallarında olan- 202746 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmiş, bu barədə akt qeydləri kitabında xx xxxxxx 2018-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. 626260, 797264 və 336047 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx xxxxxxx 2005-ci il tarixə, X5 xx xxx 2007-ci il tarixdə, X4 xx xxxxxx 2009cu il tarixdə doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2005-ci ildə doğulmuş X3, xx xxx 2007-ci ildə doğulmuş X5, xx xxxxxx 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 120 manat olmaqla, hər ay 360 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Culfa rayon İcra və Probasiya bölməsindən verilmiş xx xxxx 2021-ci il tarixli, 99942/2020-96-2-01 nömrəli arayışdan müəyyən olunur ki, Cavabdeh Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020 nömrəli icra sənədi üzrə aliment borcu yoxdur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda İddiaçı maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşaqların yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Cavabdehin əmək qabiliyətinin olmaması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh əmək qabiliyyətlidir, özünə münasib iş tapmaq, işləmək, uşaqlarının zəruri xərclərini heç olmasa minimum səviyyədə ödəməyə imkan verən qazanc əldə etmək qabiliyyətinə malikdir. Həmçinin cavabdehin qazancının olmaması onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh qazancı barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, alimentin miqdarı ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi, həmçinin Cavabdeh təkrara ailə qurmasını, maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən olunmuş məbləğin yarıdan çox hissəsini- yəni 130 manatını cavabdeh iddiaçıya sabit pul məbləğində aliment olaraq ödəməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh xx xxxxxxx 2005-ci il tarixdə doğulmuş X3, xx xxx 2007-ci il tarixdə doğulmuş X5, xx xxxxxx 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay 390 manat məbləğində aliment alınıb İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(089)-94/2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. xx xxxxxxx 2005-ci ildə doğulmuş X3, xx xxx 2007-ci ildə doğulmuş X5, xx xxxxxx 2009-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün 130 manat olmaqla, hər ay 390 (üç yüz doxsan) manat məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar