Məhkəmə qərarları › İş №2(089)-81/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-81/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-81/2024 14.03.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 13 dekabr 2009-cu il tarixdə doğulmuş X2, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 25 mart 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşaq üçün 180 manat olmaqla, hər ay 540 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, cavabdehlə 2005-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 13 dekabr 2009-cu il tarixdə Şaməmmədov Məzəddin, 05 dekabr 2011-ci il tarixdə Şaməmmədov Əkbər və 25 mart 2014-cü il tarixdə Şaməmmədov Şahin doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Babək Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(079)- 222/2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqların saxlanılması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment müəyyən edilmişdir. Cavabdeh hər ay uşaqların saxlanılması üçün 300 manat məbləğində aliment ödəyir. Uşaqları ilə valideynlərinə məxsus olan evdə yaşayır. Ödənilən aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılaya bilmir. Uşaqlar böyüdükcə ehtiyacları da artır, onun maddi vəziyyəti pisləşir. Cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim edə bilmir. Cavabdeh işlədiyini, 350 manat əməkhaqqı aldığını bildirir. Cavabdeh özünə başqa iş tapsın, qazancı çox olsun, uşaqlarının ehtiyaclarını qarşılayacaq aliment ödəsin. Özü uşaqlarına qulluq edir, işləyə bilmir. İddianın təmin edilməsini, bir uşağın saxlanılması üçün 180 manat məbləğində aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Babək Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(079)-222/2019 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün qazancının yarısı miqdarında aliment müəyyən edilmişdir. Aylıq qazancı 350 manat olsa da, hər ay uşaqlarının saxlanılması üçün 300 manat aliment ödəyir. Həmçinin təkrar ailə qurmuşdur. 350 manat əməkhaqqı almasına baxmayaraq hər ay 300 manat aliment ödəyə bilər. 540 manat məbləğində aliment ödəyə bilməsi mümkün deyil. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan- 336369, 666213 və 081379 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 13 dekabr 2009-cu il tarixdə X2, 05 dekabr 2011-ci il tarixdə X4 və 25 mart 2014-cü il tarixdə X5 doğulmuş, uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Babək Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli, 2(079)-222/2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, 13 dekabr 2009-cu il tarixdə doğulmuş X2, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 25 mart 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının yarısı miqdarında aliment müəyyən edilmişdir. 12 nömrəli, 16 yanvar 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Culfa rayonunun Gal kəndində yaşayır. Güvən İnşaat-2023 MMC-dən verilmiş 1 nömrəli, 27 fevral 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh 01 fevral 2024-cü il tarixdən MMC-də fəhlə vəzifəsində işləyir, aylıq əməkhaqqı 350 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb, sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2019-cu ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Belə olan halda iddiaçının maddi vəziyyəti pisləşir. İddiaçı cavabdehin qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh işlədiyini, 350 manat əməkhaqqı aldığını bildirmiş, məhkəməyə bu barədə arayış təqdim etmişdir. Məhkəmə hesab edir ki, üç uşağın saxlanılması üçün 300 manat məbləğində alimentin ödənilməsi iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Qeyd edilənlər isə alimentin sabit pul məbləğində tutulması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, aliment sabit pul məbləğində ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların hazırda İddiaçı yanında yaşamasını, uşaqların gündəlik qayğılarının iddiaçının üzərinə düşməsini diqqətəlayiq hal kimi nəzərə alır, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur, həmçinin cavabdehin təkrar ailə qurmasını nəzərə alır və Cavabdeh uşağın saxlanması üçün ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumunun yarıdan çox hissəsini, yəni hər ay bir uşaq üçün 140 manatın aliment kimi tutulmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsində qeyd edilmişdiur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 70.40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Babək rayon Məhkəməsinin 2(079)-222/2019 nömrəli, 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. 13 dekabr 2009-cu il tarixdə doğulmuş X2, 05 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 25 mart 2014-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 140 manat olmaqla, hər ay 420 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 70.40 manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar