Məhkəmə qərarları › İş №2(089)-94/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qətnamə — İş №2(089)-94/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Culfa rayon İş № 2(089)-94/2024 17.04.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Culfa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Cavabdeh 13250 manat borc və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddiasını müdafiə etmiş, izahatında bildirmişdir ki, Culfa rayonunun Bənəniyar kəndində yaşayır, təsərrüfatla məşğul olur. Culfa rayonunun Saltaq kəndində yaşayan Cavabdeh ilə aralarında 2021-ci ilin sentyabr ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh bir baş 230 manat olmaqla 50 baş qoyun, bir baş 150 manat olmaqla 3 baş keçi, bir baş 400 manat olmaqla 2 baş qoç, bir baş 500 manat dəyərində xırdabuynuzlu heyvan satmış, Cavabdeh 2022-ci ilin oktyabr ayında cəmi 13250 manat məbləğində pulu ona ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən olunmuş müddətdə 13250 manat məbləğində pulu ona ödəməmişdir. Dəfələrlə cavabdehə 13250 manat pulu ödəməsini bildirmiş, lakin o, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. İddianın təmin edilməsini, cavabdehdən 13250 manat məbləğində borc pulun və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən də 2021-ci ilin sentyabr ayında İddiaçı bir baş 230 manat olmaqla 50 baş qoyun, bir baş 150 manat olmaqla 3 baş keçi, bir baş 400 manat olmaqla 2 baş qoç, bir baş 500 manat dəyərində xırdabuynuzlu heyvan almış, heyvanların dəyəri olan 13250 manat məbləğində pulu 2022-ci ilin oktyabr ayında iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Heyvanların müəyyən hissəsi ölmüş, müəyyən hissəsini isə sata bilməmiş və 13250 manat məbləğində pulu iddiaçıya ödəyə bilməmişdir. Hazırda da 13250 manat məbləğində pulu iddiaçıya ödəməyə maddi imkanı yoxdur. İddianı qəbul edir, iddianı etiraf edir, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan- 04 dekabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, “2019-cu ildə məşğulluq proqramı əsasında müraciət etdim, mənə 10 baş yanında balası olan qoyun verildi. 2021-ci ilədək həmin heyvanları saxladım. 2021-ci ildə düşündüm ki, əlavə heyvan alım, heyvanları saxlayım, xeyir götürüm. Bunun üçün də Bənəniyar kənd sakini İddiaçıla danışdım, mənə 50 qoyun, 3 keçi, 3 qoç versin, pulunu 2022-ci ilin oktyabr ayında verim. Zamiq mənimlə razılaşdı, 230 manatdan 50 qoyun, 150 manatdan 3 keçi, 400 manatdan 2 qoç, 500 manatdan 1 qoç verdi”. Məhkəmə iddiaçının, cavabdehin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13250 manat alınıb İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı tələbə gəldikdə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 130 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 13250 manat borc və 130 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar