Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-10/2022 05.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat əsas borcu, 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat faiz borcunun, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manatın, həmçinin 64,32 (altmış dörd manat, otuz iki qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 7.000 (yeddi min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 06 avqust 2019-cu il tarixli, ******* nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası təmin etmək məqsədilə 06 avqust 2019-cu il tarixli, 1019910/17185 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zaminlər, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 08.10.2021-ci il tarixinə əsas borcu 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat, faiz borcu 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. 06.08.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi Cavid Cavadov “03” noyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesini onların iştirakı olmadan baxılmaqla iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş 06 avqust 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərilərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Müqavilənin 1-ci fəslinin şərtlərinə görə Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 36 (otuz altı) ay müddətinə və illik 23% (iyirmi üç) faiz hesablanması şərti ilə 7.000 (yeddi min) manat məbləğində kredit verir. Müqavilənin 2.1-ci bəndinə görə borcalanın hazırki müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin layiqincə icra olunması kreditor və Cavabdeh2 arasında bağlanılmış 06 avqust 2019-cu il tarixli 1019910/17185 nömrəli zaminlik müqaviləsi kimi rəsmiləşdirilən zaminliklə təmin edilir. İş materiallarına əlavə edilmiş ******* saylı ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə olunmuş 06 avqust 2019-cu il tarixli, FJB**********012 nömrəli kassa məxaric orderinin surətindən məlum olur ki, iş üzrə Cavabdeh1 6.930 (altı min doqquz yüz otuz altı) manat məbləğində pulu iddiaçı təşkilatdan həmin tarixdə təhvil alaraq bu barədə müvafiq imza etmişdir. İş materiallarına əlavə olunmuş, 06 avqust 2019-cu il tarixli 1019910/17185 nömrəli Zaminlik müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə Cavabdeh2 arasında qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 06 avqust 2019-cu il tarixdə bağlanmış ******* nömrəli kredit müqaviləsinə əsasında “Borcalan”-a veriləcək 7.000 (yeddi min) manat məbləğində kredit ilə əlaqədar olaraq “Borcalan” Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsasını 06 avqust 2019-cu il tarixində bağlanmış müqavilə təşkil edir. Həmin Müqavilənin 3.1-ci bəndinə görə “Zamin” bank qarşısında “Borcalan”-ın, 06 avqust 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalan ilə 06 avqust 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 30 avqust 2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, iş materiallarına əlavə olunmuş 08 oktyabr 2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 həmin tarixə Banka 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat əsas, 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh1 Şahbuz rayonu, Kiçikoba kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh2 Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmişdir. Belə ki, iddiaçı cavabdehə faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduğu öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı cavabdehlərə qarşı iddia tələbində müqavilə şərtlərinə uyğun olaraq 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat əsas, 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinin məzmununa əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə şərh olunan hüquq normalarına, iş materiallarına əlavə edilmiş və tədqiq olunan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, ******* nömrəli Kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat əsas, 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 12 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 64,32 (altmış dörd manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, ******* nömrəli Kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.946,28 (üç min doqquz yüz qırx altı manat, iyirmi səkkiz qəpik) manat əsas, 485,33 (dörd yüz səksən beş manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 4.431,61 (dörd min dörd yüz otuz bir manat, altmış bir qəpik) manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 vasitəsilə 12 oktyabr 2021-ci il tarixli, ********* nömrəli qəbz ilə ödənilmiş 64,32 (altmış dörd manat, otuz iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-10/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-10/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver